Özünü din xadimi kimi təqdim edən, bir müddət əvvəl həbs edilən Adnan Oktar və təşkilatının illər əvvəl baş verən intihar hadisələrində əlaqəsi olduğu ehtimal edilir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq polis bu istiqamətdə araşdırma aparır.
1980-90-cı illərdə şübhəli qalan iki intihar və bir cinayət işinə yenidən baxılacaq. Adnan Oktar təşkilatının həmin hadisələrdə əlinin olub-olmadığı araşdırılır.
Belə ki, 1988-ci ildə özünü Boğaz Körpüsündən ataraq intihar edən universitet tələbəsi Tayfun Baban, 1989-cu ildə 11-ci mərtəbədən ataraq ölən tələbə Vistül Ayerdem və Oktarın ən yaxını olan elektronika mütəxəsissi Serkan Ciminlinin 1998-ci ildə Bəbəkdə iki nəfər tərəfindən öldürülməsi ilə bağlı cinayət işləri yenidən açılıb.
Adnan Oktar təşkilatında elektronika mütəxəssisi olan S.Ciminli sevgilisi ilə birlikdə olanda öldürülüb. Onun “Qızıl imamlar” deyilən qrupa aid çoxlu şantaj videogörüntüləri hazırladığı iddia edilir.
1988-ci ildə 21 yaşında intihar edən universitet tələbəsi Tayfun Babanın atası Ertan Baban oğlunun çox incə bir şəkildə planlanmış cinayətə qurban getdiyini bildirib.
O, oğlunun 6 ay ərzində Adnan Hocanın evində qaldığını və hadisədən 15 gün əvvəl oradan ayrıldığını öyrəndiklərini deyib. T.Babanın bu cür açıqlamalar verən atasının cəsədi hələ də tapılmayıb. T.Baban işi isə intihar hadisəsi olaraq bağlanıb.
1989-cu ildə Boğaziçi Universitetin kompüter mühəndisliyi ixtisasında təhsil alan Vistül Ayerdem bir binanın 11-ci mərtəbəsindən aşağı düşərək ölüb. Ailə qızlarının Adnan Oktarla əlaqəsinin olduğunu rədd edib. Qızın ailəsi “qızımız cinayət qurbanı olub” deyə açıqlama vermişdilər.
Qeyd edək ki, aparılan araşdırmalar çərçivəsində bir müddət əvvəl polis daha üç intihar hadisəsinin də A.Oktar təşkilatı ilə əlaqəsinin olmasnı araşdırmağa başlayıb. Onlar 1988-ci ildə Kadıköy Kızıltorpaqda 10-cu mərtəbənin eyvanından özünü ataraq intihar edən Nil Kalkava, 2002-ci ildə Arnavutköydə Halil Paşa Villasında özünü paltar şkafından asaraq intihar edən, 1995-ci il Dünya gözəli yarışmasının yarım finalçısı Ahu Paşakay və 2000-ci ildə Böyükçəkməcədə evində intihar edən Nuray Tınarın cinayət işidir.
Bununla yanaşı Adnan Oktar və adamlarının evlərindən ələ keçirilən 2500 hard disk, CD, dinləmə cihazı və qeydlərini də araşdırır. Bu istiqamətdə bəzi araşdırmalar başa çatıb. Əldə edilən görüntülər arasında fotomontajlı porno CD-lər də var. Onlarla kimin şantaj edildiyi də araşdırılır.
Araşdırmalar zamanı Oktar təşkilatının bəzi telefon operatorlarında işləyən şəxslərlə əlaqələrinin olduğu məlum olub. Həmin şəxslərin Oktar və adamlarına məlumat ötürdüyü müəyyən edilib.
Gülxar
araz.az xəbər portalı.