Moderator.az NTV Türkiyə telekanalına istinadən xəbər verir ki, bu saatlarda Rusiya prezidenti Vladimir Putin Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunu, Türkiyə müdafiə naziri Hulusi Akarı, MİT rəhbəri Hakan Fidanı qəbul edib. Rusiya dövlət başçısı Türkiyə-Rusiya əlaqələrindən razı qaldığını və iki ölkə arasında münasibətlərin daha da genişlənəcəyini söyləyib. Görüşün yekunları haqqında əlavə məlumat veriləcəyi bildirilir.
Türkiyə iqtidarının önəmli fiqurlarının bu tərkibdə Rusiya prezidenti ilə görüşü ciddi siyasi proseslərdən xəbər verir. Artıq neçə illərdir ki, Qərblə yaşanan gərginlik ABŞ-ın Türkiyəyə sanksiya tətbiqindən sonra daha da mürəkkəbləşib. Bu ərəfədə Rusiyanın S-400 raket komplekslərinin 2019-da Türkiyəyə təhvil verə biləcəyi haqqında bəyanatından sonra ABŞ-ın bu tip raket komplekslərini alan dövlətlərə sanksiya tətbiq edəcəyi məlum oldu. Türkiyənin qeyd olunan heyətdə Moskva görüşləri Rusiyanı deyil, Türkiyəni gözləyən gərgin beynəlxalq münasibətlərdən qayğılandığını, Suriya ərazisində Türkiyə maraqlarının yenidən təhlükəyə düşmək ehtimalının yüksək olduğunu göstərir. Başqa siyasi proseslərin də görüşün hədəflərindən olması istisna deyil. Türkiyənin daha çox anti ABŞ və AB mövqeyində olmağı yalnız Rusiyaya sərf edir. Türkiyənin Qərbdən uzaqlaşması və Rusiya ilə yaxınlaşması perspektivdə Türkiyənin NATO üzvülüyü məsələsinin qabarmasına da gətirib çıxaracağı, bəzi Qərb və ABŞ politoloqları tərəfindən son vaxtlar tez-tez gündəmə gətirilir. Qərb rəsmiləri bunun müzakirə mövzusu olmadığını desələr də, hadisələrin bu cür inkişafı belə bir perspektivi tam inkar etmir. Bu isə bölgədə hərbi-siyasi-iqtisadi vəziyyətin tam dəyişməsi, Türkiyənin təhlükəsizlik problemidir.
Siyasi şərhçilər Rusiyanın təsirində olan dövlətlərin, rejimlərin heç vaxt sonadək uğur qazanmadığını tarixi faktlarla göstərərək Türkiyənin də siyasətində bu kəskin dönüşün uğursuzluğa düçar olacağını vurğulayırlar.
Bölgədəki siyasi kataklizmlər yaşanmasının Azərbaycan üçün hansı nəticələr verəcəyi, Qarabağ probleminin həllinə necə təsir edəcəyi baxımından Rusiya-Türkiyə münasibətlərinin hansı müstəvidə inkişafı bizim üçün də çox əhəmiyyətlidir.
araz.az xəbər portalı.