“Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq”.
“Report” xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında deyib.
“Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq”, – deyə dövlət başçısı bildirib.
Prezident həmçinin əlavə eib ki, bu gün bu və digər məsələlər, o cümlədən regional vəziyyətlə bağlı məsələlər də müzakirə edilib:
“Bu göstərir ki, aramızda olan münasibətlər doğrudan da səmimidir, dostluq münasibətləridir və səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaq”.
araz.az xəbər portalı.