Deputat: “Orada mənzil almaq istəyiriksə, istinad mənbəyi formalaşdırmalıyıq”
Hüquqşünas: “Bunun üçün hüquqi baza yaradılmalıdır – keçid qanun qəbul edilə bilər”
araz.az ayna.az-a istinadən bildirir ki, Aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasını başa çatdırıb və lazımi infrastrukturla təchiz edib. Bununla da ermənilərin Qarabağa gizli şəkildə silah-sursat, hərbi texnika və canlı qüvvə gətirməsinin qarşısı alınıb.
Sərhədin nəzarətə götürülməsindən sonra Qarabağda yaşayan bəzi erməni sakinlər Azərbaycan ərazilərini tərk etməyə başlayıblar. Bu məqsədlə onlar evlərini avadanlıqları ilə birlikdə satışa çıxarıblar. Lakin hələlik alıcı baxımından problem yaşanır.
Ermənilərə məxsus əmlak saytlarında Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlak – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa qoyulub. Evlərin satış qiyməti fantastik dərəcədə şişirdilib. Satış elanlarına nəzər yetirəndə görmək olar ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub. Xankəndidəki evlər və mənzillər əksərən içindəki əşya və avadanlıqlarla birgə satışa çıxarılıb.
Azərbaycanlıların Xankəndidə yaşayan erməni sakinlərin mənzillərini alması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. İddialara görə, belə bir addımın atılması soydaşlarımızın Xakəndidə kompakt yaşamasına şərait yaradacaq. Bəs, bu proses necə həyata keçirilməlidir?
Milli Məclisin üzvü Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi Xankəndidə evləri və ya mənzilləri almaq istəyirsə, bunun üçün istinad mənbəyi olmalıdır: “İlk növbədə azərbaycanlılar Xankəndidə məskunlaşmalı, erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra hüquqi mexanizmlər, sənədləşdirmə işləri Azərbaycan tərəfindən həyata keçirilməlidir. Çox təəssüf ki, hazırda belə bir şərait və imkan yoxdur. Xankəndidə bütün idarələr ermənilərin nəzarətindədir”.
“Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra regionda yeni reallıq yaranıb. Həmin reallığın əsas şərtlərindən biri də erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi ilə bağlıdır. Azərbaycan tərəfi ən yüksək rəsmi səviyyədə onlara digər vətəndaşlarla bərabər hüquqlar altında yaşamaq zəmanəti verir. Hökumətimiz erməni sakinlərlə müzakirələr aparmaq üçün görüşlər təklif edir. Təəssüf ki, onlar bundan yayınırlar”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, erməni sakinlər Azərbaycan dövlətinə tabeçiliyi qəbul edərsə, bu halda Azərbaycan dövləti onlara alternativ yollar göstərə bilər: “Bu, digər hüquqlarla bağlı olduğu kimi, əmlak hüquqları ilə də bağlı olacaq. Hələlik onlar bunu etmirlər və etmədiklərinə görə də əmlak satıışı üçün də real imkan yoxdur. Çünki Xankəndi Azərbaycan şəhəridir və Azərbaycan dövlətinin reyestri aparılmadan orada hər hansı mənzilin rəsmiləşdirilməsi hüquqa ziddir”.
“Bu evləri alacaq erməniləri də tapmaq çətindir. Çünki artıq erməni milyonçuları da Xankəndidə ev, mənzil almağa meylli deyillər. Anlayırlar ki, işğalçılıq siyasəti nəticəsizdir və bu bölgələr artıq Azərbaycanın tam nəzarəti altındadır”, – deyə Mustafa vurğulayıb.
Hüquqşünas Əkrəm Həsənov da AYNA-ya şərhində söyləyib ki, Xankəndidəki mülkləri ala bilmək üçün hüquqi baza yaradılmalıdır: “Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Xankəndidə yaşayan ermənilər bu müddət ərzində özlərini erməni kimi hiss ediblər. Sırf siyasi nöqteyi-nəzərdən bu, bizim üçün əlverişlidir. Yəni, Azərbaycan hökumətinin və azərbaycanlıların Xankəndidə evlər alması, əmlak sahibi olması yaxşı olardı. Çünki erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşaması optimal variant deyil. Bu, o demək deyil ki, onlara hər hansı təhlükə var. Heç bir təhlükədən söhbət gedə bilməz. Əksinə, Azərbaycan tərəfi onlara ən yüksək səviyyədə zəmanət verir. Onlar Azərbaycanın nəzarəti altında olan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsindən keçərək rahat şəkildə hərəkət edə bilirlər”.
“Lakin 30 ildən artıqdır ki, onlar özlərini Azərbayana aid hesab etmirlər. Psixoloji cəhətdən bu, onlara çətinliklər yaradır. Bunu nəzərə alaraq Ermənistana və digər ölkələrə köçmək istəyirlər. Təbii ki, gedəndə də pulla getmək istəyirlər”, – deyə həmsöhbətimiz diqqətə çatdırıb.
Ekspertin dediyinə görə, Xankəndidə azərbaycanlıların əmlak sahibi olması üçün müəyyən addımlar atılmalıdır: “Bunun üçün ilk növbədə hüquqi normalar müəyyən olunmalıdır. Onlar bu günə qədər bu evlərə hüquqa və qanuna zidd formada sahib olublar. Çünki Xankəndi Azərbaycan şəhəridir. Erməni sakinlər isə bu evləri Azərbaycan dövlətinin rəsmi razılığı olmadan əldə ediblər”.
“Dövlət reyestrindən çıxarış, qeydiyyat olmalıdır. Qanunlarımıza görə, daşınmaz və daşınar əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Bunun üçün müəyyən mexanizmlər işlənib hazırlana bilər. Mövcud şəraitdə bunu tənzimləmək üçün keçid qanun layihəsi qəbul edilə bilər”, – deyə Həsənov fikrini yekunlaşdırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.