“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasında Dəstək İctimai Birliyi həvəskar balıq ovuna qoyulan qadağa ilə bağlı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə açıq məktub ünvanlayıb.

araz.az   həmin məktubu təqdim edir:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev cənablarına

Çox hörmətli Muxtar müəllim!

Mənim istər AzNews.az analitik-informasiya portalının baş redaktoru, istərsə də “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasında Dəstək İctimai Birliyinin sədri olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə olduqca səmimi və ictimai maraqlar baxımından effektiv münasibətlərim var. Bu cür pozitiv işgüzar münasibətlərin formalaşmasında Sizin və başçılıq etdiyiniz nazirliyin rəhbər komandasının rolu həlledicidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlçatanlıq, Şəffaflıq, Operativlik və müasir idarəçilik baxımından digər aktual prinsiplərə üstünlük verərək media və vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı əlaqə qurması cəmiyyətimizdə məlumatlılığın artması ilə yanaşı, təbii sərvətlərimizin və ətraf mühitin qorunmasına danılması mümkün olmayan səviyyədə töhfələr verib. Elə bu səbəbdən də hazırda sosial şəbəkələrdə geniş müzakirə olunan bir vacib məsələyə diqqətinizi yönəltməyi öz vətəndaşlıq borcum hesab edirəm.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları” təsdiq olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2022-ci il tarixli 283 saylı başqa bir qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 5-ci maddəsi yeni redaksiyada verilib. Yeni varianta əsasən, Xəzər dənizində, Xəzər dənizinə axan çaylarda, onlara birləşən su hövzələrində balıq və digər su bioresurslarının idman və həvəskar ovu 1 may-30 iyun aralığında qadağan edilib.

“Pragma” İctimai Birliyinin sosial şəbəkələrdə apardığı monitorinq, daxil olan müraciətlər və mesajlar göstərir ki, bu qadağa bir neçə səbəbdən həvəskar balıq ovu məşğul olan vətəndaşlarımızın narazılığına səbəb olub.

Həvəskar balıq ovçuları hesab edirlər ki, şəxsi istirahət və istehlak məqsədi ilə onsuz da az miqdarda ovuna icazə verilən balıqların kürüləmə dövrü və yerləri müxtəlifdir. Odur ki, respublikanın bütün su hövzələrində ümumi şəkildə və eyni vaxtda həvəskar balıq ovunun yasaqlanmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, bu yasaq balıqların kürüləmə yerinə və dövrünə görə spesfik xüsusiyyətlər nəzərə alınmaqla qoyulaydı.

Ölkəmizin balıq və su bioresurslarının qorunmasında həvəskar balıq ovçularının xüsusi həssaslığı və xidmətləri var. Xüsusən elektriklə və sintetik torlarla balıq ovlanmasına qarşı həvəskar ovçular çox fəal ictimai kampaniyalar aparırlar. İndi həvəskar balıq ovçularını bu narahat edir ki, istirahət məqsədi ilə ova getmələrinə icazə verilmədiyi, əks halda İnzibati Xətalar və Cinayət məcəllələri ilə cəzalana biləcəkləri halda, brokonyerlər üçün bu moratorium heç bir praktiki əhəmiyyət daşımaya bilər. Bu baxımdan həvəskar balıq ovçuları, sözün açığı, haqlı görünür. Çünki sosial şəbəkələrdə yayılan məlumatlarla təsdiq olunur ki, vətəgədə yetişdirilməsi mümkün olmayan kütüm kimi balıq növləri belə qadağadan sonra ən təzə halda bazara çıxarılır.

Bütün bunlara rəğmən, həvəskar balıq ovçuları Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilən qadağını anlayışla qarşılamağa hazırdırlar. Lakin bütün həvəskar balıq ovçuları həmin qadağalar aradan qalxdıqdan sonra respublikamızın su hövzələrinə ova gedərkən adətən olduğu kimi səbətləri dolu halda qayıtmayacaqlarını güman edirlər. Bu pessimizmin səbəbi isə, Xəzər sahillərində, Kür və Araz çaylarında, Şirvan və Qarabağ kimi kanallarda, Mil-Muğan kollektorunda brokonyerlərin qurduqları çoxsaylı torlardır.

Bütün bunları nəzərə alaraq “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasında Dəstək İctimai Birliyi həvəskar balıq ovçular adından Sizdən xahiş edir:

– Xəzər dənizi sahilində həvəkskar balıq ovçuları üçün xüsusi zona ayrılsın və orada sənaye məqsədi ilə, tor və digər vasitələrlə balıqların ovlanması daimi qadağan edilsin.

– Ölkənin bütün su kanallarında, kollektorlarında və drenlərində sənaye məqsədi ilə, tor və digər vasitələrlə balıqların ovlanması daimi qadağan edilsin.

Cənab Nazir!

Bir daha başçılıq etdiyiniz nazirliyin təbii sərvətlərimizin və ətraf mühitin qorunmasındakı xidmətlərinə görə Sizə öz dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Azərbaycanın həvəskar balıq ovçularının bu təklif və xahişləri diqqətinizdən kənarda qalmayacaq və ən qısa zamanda öz həllini tapacaq.

Böyük hörmətlə,

Taleh ŞAHSUVARLI

Bakı şəhəri,

03.05.2023″

araz.az xəbər portal

araz.az xəbər portalı.