Bu gün Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib.
Mətbuat Şurasından araz.az-a verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycanın türk dövlətləri və toplumları ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür. Ancaq ayrı-ayrı ictimai təşkilatlar da mövcud istiqamətdə kifayət qədər mühüm tədbirlər reallaşdırmaqdadır. Bu mənada Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü təqdirəlayiqdir. “Hamınızı salamlayıram. Bu gün xüsusən burada bizimlə olan Saxa Respublikasının xalq şairi Natalya Xarlampyevanı salamlayıram. Natalya xanımla 2011-ci ildə Bakıda Türkdilli Xalqların və Toplumların II Forumunda görüşmüşdük. O zamandan da sıx təmaslarımız var. Güman edirəm ki, gələcəkdə qonaqlarımızın hər biri ilə faydalı təmaslarımız olacaq. Çünki türk xalqları və toplumları arasında əlaqələrin daim güclənməsinə ehtiyac var. Bu prosesdə şairlər, yazıçılar və jurnalistlər son dərəcə mühüm rol oynayırlar. Onlar qloballaşan dünyada türk varlığını aktual saxlayan peşə sahibləri, ziyalılardır”, – deyə Ə.Amaşov vurğulayıb.
Görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yazıçılar Birliyinin sədri, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa prezidentinin keçmiş müşaviri, xalq şairi Natalya Xarlampyeva ilə yanaşı Türkiyədən Qocaeli Bələdiyyəsi Xalqla ilişkilər, basın, informasiya müdiri, Qocaeli Şairlər-Yazarlar Dərnəyi başqanı Alptəkin Cevhərli, Kayseri mərkəzli ANASAN (Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm adamları Birliyi) başqanı, tanınmış ədib Sabit İncə, Qazaxıstan Yazıçılar Birliyinin üzvləri Janar Aylaş, Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki “Nur Borbor” gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli, Özbəkistanın “Gənc Yaradıcılar Birliyi”nin eksperti, türkoloq Şahina İbrahim, Təbrizdən gənc yazar, araşdırmaçı, “Sancaq” qəzetinin əməkdaşı Ümid Nəccar və başqaları iştirak ediblər.
MŞ İdarə Heyətinin üzvləri – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov və başqaları çıxışlarında türk dünyasının konsolidasiyası ilə bağlı görülən işlərin vacibliyini əsasladırıblar. Görüşdə bununla əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı birliyin layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, qonaqlar ölkəmizdə səfərləri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçiriblər. Sabah isə onlar “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” adlı konfransda iştirak edəcəklər.
araz.az
araz.az xəbər portalı.