Mayın 4-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Əli Əhmədov ilə növbəti görüşünü keçirib.

araz.az  bildirir ki, görüşdə Ə.Əhmədovun 1 illik fərdi inkişaf planı təhlil edilib, proqram çərçivəsində ötən dövrdə müsabiqə qalibi üçün müəyyənləşdirilmiş işlərin icra vəziyyəti müzakirə olunub, qarşıdakı dövrdə atılacaq addımlar nəzərdən keçirilib.

Müzakirə zamanı Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən institusional islahatların davamı olaraq gənclərin dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində həyata keçirilən kadr siyasətinin əhəmiyyətindən danışan Z.İbrahimov “Yüksəliş” müsabiqəsinin təsis edilməsi ilə gənclərin öz potensiallarını nümayiş etdirmələri üçün unikal platformanın yaradıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı tərəfindən yaradılmış bu imkandan faydalanan gənclərin gələcək karyeralarında bunun müsbət təsirlərini görəcəyinə əminliyini ifadə edən İdarə Heyətinin sədri müsabiqə qalibi Ə.Əhmədovla fərdi inkişaf planının icrası çərçivəsində ötən dövr ərzində görülən işlərin nəticələrini müsbət qiymətləndirib.

Proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, böhran menecmentinə dair məsləhətlərindən ciddi faydalandığını qeyd edən Ə.Əhmədov ümumilikdə əldə edəcəyi təcrübə və biliklərin onun şəxsi inkişafı, gələcək fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.