Gülməli hadisə: İcra başçısının müavini Firəngiz Sadıxova, bağçanı uşaqlardan “azad edib”

Ölkənin ucqar rayonlarından olan Astarada durum heç də ürəkaçan deyil. İcra başçısı Qəzənfər Ağayevin özünün və ətrafına topladığı komandasının əksər üzvlərinin xoşagəlməz fəaliyyətləri rayon sakinlərini, sözün həqiqi mənasında, “boğaza yığıb”. Hətta rəhbərliyin işindəki xoşagəlməzliklər o həddə çatıb ki, rayonun uşaq bağçalarından belə etiraz səsləri getdikcə daha da çoxalmaqdadır! Elə, buna görədir ki, Suparibağ kənd Uşaq Bağçası — Körpələr Evinin işçisi Ellada Namik qızı İsmayılova da, bağçada baş verənlərə — törədilən qanunsuzluqlara, dəhşət doğuran özbaşınalıqlara dözə bilməyərək, etiraz səsini ucaltmaq məcburiyyətində qalıb.

Elə, “Xəbər Şərh” media vasitəsinin və “Astaranın Gənc Alimləri” ictimai qurumunun araz.az-a ötürdükləri şikayət xarakterli çoxsaylı müraciətlər içində, Astaradan olan həmin xanımın şikayəti, diqqətimizi xüsusi olaraq cəlb etdi. Biz də, vaxt ayırıb, bu ciddi məsələ ilə məşğul olan, sübutlar əldə edərək, sujet hazırlamaq qərarına gələn “Xəbər Şərh” və “Astaranın Gənc Alimləri” kimi, çarəsiz və köməksiz bu məzlum xanımın haqq mübarizəsinə seyrçi qala bilmədik və belə bir yazını dərc etmək barədə qərar verdik.

Ümumiyyətlə, şikayətçi xanımın sosial şəbəkələrdə gündəmə gətirdiyi bu ciddi məsələnin üzərindən ötəri keçmək də olardı — əgər ortada təsdiqini tapan aşkar faktlar olmasaydı! Sübutlardan da görəcəyiniz kimi, iddiaçı, tamamilə haqlıdır; Astara rayonundakı uşaq bağçalarında mövcud durum dramatik dərəcədə bərbaddır! Ən dəhşətlisi odur ki, sözügedən Suparibağ kəndindəki bağça, demək olar ki, uşaqlardan “təmizlənib!”. Gələcəyimiz olan körpələrin özlərinin gələcəyini oğurlayanların ifşası üçün, dərc etdiyimiz bu yazının içində də, deyilənlər barədə hazırlanan süjeti verərək, internet vasitəsi ilə, sosial şəbəkələrdə paylaşmağı lazım bildik. Belə düşünürük ki, bununla, həm də çarəsiz bir xanıma haqq işində dəstək vermiş oluruq. Bu isə, ölkəmiz üçün həssas keçən bu məqamda həm savab bir işdir, həm də vətəndaşlıq, vicdan və ləyaqət borcunun yerinə yetirilməsi deməkdir.

Bu yerdə, qeyd etmək istəyirik ki, “Xəbər Şərh” və “Astaranın Gənc Alimləri” kimi, onu da unutmadıq ki, əgər bu yazı, bu süjet ciddi ictimai rezonans doğurmasa, o halda, bu acınacaqlı problemin həlli əvəzinə, bunun tam əksi olan proseslər baş verə, üstəlik, “yuxarıların əliylə”, bu xanım işçinin başına “oyunlar açıla” bilər. Ortaya qoyulan video-çəkilişin süjet xəttinin əsasını təşkil edən epizodda xüsusi olaraq vurğulananlar da, açıq-aydın göstərir ki, sözügedən bağça, bağçadan başqa hər şeyə oxşayır! Konkret desək, müdiriyyət buranı öz şəxsi obyektinə çevirib, istədiyini etməkdən çəkinmir. Dəhşət ondadır ki, qrupdakı uşaqların sayını olduğundan artıq göstərməklə, dövlət hesabına ayrılan əlavə ərzaq məhsullarını mənimsəməkdən, istədiyi vaxt bağçanı bağlayıb, öz şəxsi işinin dalınca getməkdən belə çəkinmir…

…Doğrudan da, bura uşaq bağçasına yox, harınların obyektinə bənzəyir. Bunu, açıq-aydın da görmək olur. Müdir Leyla Mirzəyeva bir yana, ən çox icra başçısının müavini Firəngiz Sadıxova, eləcə də icra başçısı Qəzənfər Ağayevin özü burada söz sahibi olmaları üçün, indiyədək, uşaqlara qarşı daha aqressiv olublar. Daha dəqiq desək, qorxmadan onları “qovaraq”, buranı ələ keçirməkdən çəkinməyiblər.

Belə olmasaydı, heç olmasa, ötən ilin sonlarında, uşaq bağçasının sabiq müdirinə cinayət işi açılandan sonra, günah sahibləri özlərini yığışdırar, bəd əməllər törətməkdən əl çəkərdilər. Yəqin ki, həmin olay çoxlarının yadındadır: Onda Suparibağ kənd Körpələr Evi — Uşaq Bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanandan sonra, istintaqla Gülnarə Məcidovanın qeyd olunan vəzifədə işləyərkən, 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin 3 işçisinin, faktiki olaraq, işə gəlməyərək, əmək funksiyalarını icra etməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil etməsinə, bu yolla da özündə saxladığı həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildi.

İş üzrə toplanan sübutlar əsasında isə, Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərildi. Və son olaraq, istintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edildi.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, Astaranın icra başçısı Qəzənfər Ağayevin hümanitar məsələlər üzrə müavini Firəngiz Sadıxovanın müdir təyin etdiyi Leyla Gennadi qızı Mirzəyeva da, belə qanunsuz əməlləri ilə gündəmdədir. Heç nədən çəkinməyən Leyla Mirzəyevanın, əslində, heç ali təhsili də yoxdur. Astara Pedoqoji Kollecini “kompüter” ixtisası üzrə bitirib. Bu qədər özbaşınalıqları da, məhz, Firəngiz Sadıxovanın birbaşa himayəsiylə edə bilir. Əks halda, heç olmasa, şikayətçilər tərəfindən Astara rayon prokuroruna göndərilən açıq sübutların mütləq hüquqi bir nəticəsi olardı. Bəli, görüntülər də, qanunsuzluqları aşkar şəkildə isbat edir — “görünən dağa bələdçi lazım deyil”! İcra başçısı müavininin dəstəyi ilə, uşaq taleyinin oğurlanması, ruzisinin mənimsənilməsi, görünür ki, Qəzənfər Ağayevin qətiyyən vecinə deyil, onu yalnız pul maraqlandırır.

Onu da qeyd edək ki, təhsildəki dəyişikliklərdən sonra, bağçalar, yeni yaranan Lənkəran — Astara Regional Təhsil İdarəsinin (LARTİ-nin) tabeliyinə verildi. Bundan sonra, vəziyyətin düzələcəyinə ümid yarandı. Lakin hər şey əvvəlkindən də betər oldu. Bu barədə, bu yaxınlarda, quruma şikayət göndərildi. Maraqlısı budur ki, şikayət nəzərə alındı. Lakin martın əvvələrində LARTİ-dən gələn “yoxlayıcılar” Leyla Əliyevanın fəaliyyətini araşdırmaq əvəzinə, onunla əlbir olan işçilərin rəyini soruşdular! Sonra da, təbii ki, “hər şeyin qaydasında olduğu” barədə rəy verdilər. Beləliklə, əvvəllər Hədəf Kurslarınn Elm və Tədris İşləri üzrə direktoru, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə Şöbəsinin müdiri vəzifələrində çalışan, sonra isə, yeni yaranan Lənkəran – Astara Regional Təhsil İdarəsinə müdir təyin edilən Elxan Nəcəfovun da əli, necə deyərlər, yetimin haqqına girmiş oldu və bu təhsil qurumunu da, burada törədilən günahlara şərik etdi.

Ağrılı bu yazımızın sonunda, üzümüzu ölkənin bu işlə məşğul olan əlaqədar dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, eləcə də ictimaiyyətin fəal nümayəndələrinə və dəyərli oxucularımıza tutaraq, deyirik: “Burada baş verənlərin əsl qiymətini alması üçün, gəlin, süjeti sizlərlə birgə izləyək!”: 

Vaqif ƏHMƏDOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının əməkdaşları.

P.S. Hər halda, artıq bu ciddi məsələ ölkənin media vasitələrinin köməyi ilə, gündəmə gəlmiş olur. Elə, bundan sonra, ictimailəşərək, daha çox cəmiyyətin və medianın diqqətində olacaq!

P.P.S. Korrupsiya, büdcədən “qoparmaq”… onsuz da, olduqca pis bir əməldir. Uşaqlardan “qoparmaq” isə, bunun yüz qat betərindəndir! Əgər birisi yetimin tikəsinə əl uzadırsa, uşaqların payını oğurlayırsa, deməli, o, ən dəhşətli insandır. Bağça müdiri və onu himayə edənlər — icra hakimi və onun müavini, həmçinin LARTİ rəhbəri də, belələrindəndirlər.

Onlara bizdən tövsiyyə: Unutmayın ki, yığdığınız dəst-dəst haram pullar, bir gün keçirəcəyiniz ağrılı ahların birinə belə çarə olmayacaq! Bu belədir: Dövlətin büdcəsindən ayrılan vəsaiti ələ keçirənlərin, yetim uşaqların haqqını yeyənlərin boyunlarından, bir gün, mütləq “ədalət kəndiri” asılır — geci-tezi var!

Elə, bu ilin əvvəlindən etibarən, Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən, ümumi və məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin və yoxlamaların nəticəsi olaraq, bu yaxınlarda məktəb və bağçaların 32 nəfər direktorunun tutduqları vəzifələrdən uzaqlaşdırılmaları da, deyilənlərin daha bir təsdiqidir. Demək olar ki, aparılan bu yoxlamalar onların “belələrini qırdı”. Hətta belə bir xəbər də oldu ki, yekun olaraq, yoxlamalar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqlara görə, 18 ümumi təhsil müəssisəsinin direktoru, bununla yanaşı, 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edildi. Bu 14 nəfərin rəhbərlik etdiyi dövlət məktəbəqədər təhsil müəssisələrində rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman, əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparıldı və mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmayan ciddi faktlar aşkar olundu. Belə bir xəbər də var ki, onların barəsində, ciddi istintaq başlandı. Və çətin ki, onları türmə həyatından qurtarmaq mümkün olsun.

Belə bir aqibəti, bu yazımızda adlarını çəkdiyimiz və öz bəd əməlləriylə uşaq taleyini oğurlayan, ruzisini mənimsəyən, payına əl uzadan vəzifə sahiblərinin də yaşayacaqları gözləniləndir. Çətin ki, onlar belə, bu qorxulu gözləntidən canlarını qurtara bilsinlər!..

araz.az xəbər portalı.