192840.jpg
Azərbaycanda isə hər doğulan körpəyə görə cəmi 90 manat birdəfəlik müavinət verilir…
2018-ci ilin oktyabrından Ermənistanda hər doğulan ikinci övlada görə birdəfəlik müavinətin məbləği 3 dəfə artırılacaq.

Moderator.az yazır ki, bu haqda iş başında olmasının 100 günlüyü ilə bağlı erməni jurnalistlərlə görüşündə işğalçı ölkənin əmək və sosial məsələlər üzrə naziri Mane Tandilyan məlumat verib. Nazirin sözlərinə görə, sözügedən müavinətin 50 min dramdan(təxm. 171 AZN) 150 min dramadək(təxm. 513 AZN) yüksəldilməsi məsələsi hələ iyulun 1-dən həll edilməli idi. Lakin müəyyən prosedurlar səbəbindən bu haqda rəsmi qərarın oktyabrın 1-dən veriləcəyi gözlənilir. M.Tandilyan bildirib ki, pulla bağlı heç bir problem yoxdur; nazirlik bunu müxtəlif vəsaitlər hesabına mütləq həll edəcək…
“Bəziləri belə düşünür ki, bu təşəbbüs Ermənistanda artıma təsir göstərməyəcək. Ancaq bu, erməni ailələrində ikinci uşağın dövlət üçün nə qədər strateji əhəmiyyət daşıması haqda cəmiyyətə bir mesajdır. İkinci uşaq demoqrafik artım problemini həll edir, üçüncü uşaq isə artımın ləngiməsinin qarşısını alır”-deyə erməni nazir vurğulayıb.
Xatırladaq ki, Azərbaycan yeni doğulan körpələrə görə ailələrə yardım və ümumiyyətlə, uşaqlara qayğı məsələsi baxımından Ermənistanla yanaşı, bir çox digər postsovet ölkələrindən də geridə qalır. Bizdə hər doğulan uşağa el arasında “sevinc pulu” deyilən 90 manat birdəfəlik müavinət verilir ki, bunun da “şirinliyin-filanın” çıxandan sonra binəva ata-ananın əlinə cəmi 60-70 manat çatır. Və bununla da ən yoxsul ailələr, şəhid ailələri, əlil uşaqlar və s. istisna olmaqla hökumətin Azrbaycan(!) övladına qayğısı bitir…
Vetenuğrunda.az saytı 2018-ci ilin fevral ayı üçün Ermənistan və digər xarici ölkələrdə uşaqlara qayğı barədə statistik rəqəmləri əks etdirən maraqlı məlumat yayıb:
“Yerli telekanallarda tez-tez səfalət buruluğanında boğulduğu deyilən Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.
Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.
Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

Amma müqayisə edəndə görürük ki, Avstriya hökuməti uşaqlara daha çox qayğı göstərir. Bu ölkədə birinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir.
Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir. Telekanallarımızda Almaniyada iqtisadi böhranın pik həddə olduğu deyilsə də, reallıq tam başqadır. Belə ki, Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.
İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir.

Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Sosial tələblərə görə üsyanların baş verdiyi ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır.
Tunisdə 400 dollardan aşağı müavinət yoxdur.
Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir.

Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur”.

Sultan Laçın

araz.az xəbər portalı.