Bildiyimiz kimi, Vətən Müharibəsi qazisi Namiq Babayevə xəsarət yetirən vətəndaş Rəvan Nəbizadə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 2 maddəsiylə cinayət işi başlanılıb.

araz.az xəbər verir ki, qazinin çənəsini sındıran Rəvan Nəbizadə peşəkar idmançıdır.

araz.az da, idmançının saxlanılma görüntülərini dəyərli oxucularına təqdim edir:

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, xəsarət alan qazi Namiq Babayev Dövlət Tibbi — Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşıdır. O, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi, Vətən Müharibəsində iştirak edib. Döyüş meydanında göstərdiyi şücaətlərə görə, bir-neçə medalla təltif edilib.

Tahir İSLAMOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.

REDAKSİYADAN:

araz.az xəbər portalı olaraq, onu da bildiririk ki, Dövlət Tibbi — Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev, işinin icrası zamanı, vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Belə ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən Müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə, müayinəyə növbədənkənar daxil olmağa cəhd edib. Burada səs-küy salaraq, iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə, eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib.

Qazi əməkdaşımız, 44 günlük Vətən Müharibəsində yaralandığı üçün, II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev, onu sakitləşdirmək niyyəti ilə, ona yaxınlaşıb. O, müvafiq izahat verdiyi zaman, Rəvan Nəbizadə qəfil hücum çəkərək, ona yumruq zərbələri vuraraq, ağır bədən xəsarəti yetirib.

Nəticədə, Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur və tezliklə əməliyyat olunacaq.

Vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün, ərazidəki hüquq-mühafizə orqanına müraciət edilib.
Vətəndaş R. Nəbizadənin Vətən Müharibəsi qazisini vuraraq, xəsarət yetirməsiylə bağlı, polis orqanında araşdırma aparılır.
N. Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədi ilə, müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Bir sözlə, Rəvan Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim olunub.

 

araz.az xəbər portalı.