Bu yaxınlarda qardaşı Hüseynlə Amerikanın məşhur “America’s Got Talent” şousundakı çıxışı ilə daha da məşhurlaşan Laçın Abdulhüseynov problemlə üzləşib.
Turaninfo.org yeniçağ.az-a istinadən xəbər verir ki, Quba rayonunun bələdiyyə sədri Zakir Müslümov Laçını get-gələ salıb. Məsələ burasındadır ki, Laçın ev tikmək üçün bələdiyyədən torpaq sahəsi istəsə də, Zakir bəy ölkəmizi dünyada təmsil edən pəhləvana soyuq münasibət bəsləyir.
Saytımıza açıqlama verən Laçın Abdulhüseynov da bələdiyyə sədrindən şikayətçi olduğunu açıq şəkildə bildirib:
“Quba bələdiyyəsinin sədri Zakir Müslümovdan ev tikmək üçün həyətyanı torpaq sahəsi istəyirəm. Özüm də Quba qeydiyyatındayam. İki dəfə görüşmüşük, mənə bildirib ki, heç bir problem yoxdur, yer ayrılacaq. Bunu deputatımız Vahid Əhmədov da bələdiyyə sədrindən xahiş etmişdi ki, idmançımızdır, torpaq sahəsi verin, özünə ev tiksin. Hazırda qardaşımla bir evdə yaşayırıq. Əvvəlki görüşlərimizə, verdiyi sözə baxmayaraq, 1 ildir ki, məni get-gələ salıb. Qayıdıb mənə deyir ki, sən Quba qeydiyyatında deyilsən. Şəxsiyyət vəsiqəmi göstərirəm, deməyə söz tapmır. Başqa bəhanə tapmadı, qayıtdı ki, mən sənə niyə torpaq sahəsi verməliyəm? Halbuki, 2007-ci ildən növbədəyəm, mənə torpaq sahəsi düşür. Deyir, nə olsun ki, idmançısan? Deyir, nəyimə lazımdır sənin Azərbaycanın təbliğatı üçün çəkdiyin əziyyət? Deyir ki, məşhur olmağın üçün bu addımları atmısan. Əgər belədirsə, niyə səfərlərə getmək üçün banklardan kredit götürmüşəm və bu gün də borclu qalmışam? Ölkəmizi təmsil etmək üçün hansısa təmənna güdməmişik. Adama belə sözü necə demək olar? Zakir müəllim fəaliyyət göstərdiyi 3 il ərzində heç bir vətəndaşın qayğısına qalmayıb. Bu müddət ərzində xeyli sayta torpaq sahəsi satıb. O alıcıların heç yarıdan çoxu qubalı deyil. Araşdırsalar, hamısı üzə çıxacaq. Mən hətta ayrılacaq torpaq sahəsi üçün təyin olunan dövlət rüsumunu da ödəməyə hazıram. Əvvəl bəhanə etdi ki, torpaq sahəsi yoxdur. Necə olur ki, imkanlıya torpaq tapılır, kasıba yox? Deyir, neyləyim ki, Azərbaycanı təmsil etmisən? Bu sözü heç düşmən deməz”
Qeyd edək ki, Laçın “Ginnesin” rekordlar kitabına düşən ilk azərbaycanlıdır. Yeddiqat dünya rekordçusu olan L. Abdulhüseynov ölkəmizi Rusiyada, Gürcüstanda, Ukraynada, İranda və ABŞ-da layiqincə təmsil edib.
araz.az xəbər portalı.