Azərbaycanda qədim hamam mədəniyyəti geniş yayılıb. Bu ənənə indi də yaşayır. Elə bir bölgəmiz yoxdur ki, orada tarixi abidə sayılan qədim hamamlara rast gəlməyək.
araz.az bildirir ki, “Kaspi” qəzeti budəfəki məqaləsində Balaxanıda yerləşən “Qum hamamı”ndan bəhs edib.
Hamam mədəniyyətinin çox qədim tarixi var. İnsan yaranandan təmizliyinə, sağlamlığına diqqət edib. Necə deyərlər, ölü gələr, diri gedər hamamdan…
Tarixən Azərbaycan ərazisində də bir çox hamamlar inşa edilib və onlardan bəziləri günümüzə qədər gəlib çatıb. Elə qədim hamam sorağı ilə Bakının tıxaclarını yara-yara ən qədim kəndlərindən biri olan Balaxanıya gəldik. Əslində, bu kənddə hər döngə, hər dalan, hər daş tarixdir. Amma bu gün “Qum hamamı”ndan danışacağıq. Sakit, hüzur dolu ab-havası var buranın.
1928-ci ildə tarixi abidələrin bərpası üçün Bakıya dəvət olunan dünya şöhrətli etnoqraf, arxeoloq İvan Pavloviç Şeblıkin “Nizami dövrünə aid memarlıq abidələri” kitabında “Qum hamamı”ndan da söz açıb. Onun qeydlərinə görə, hamam XIV əsrə aid tarix-memarlıq abidəsidir. Sonradan bu tip hamamlar Abşeron ərazisində geniş yayılıb, XVII, XVIII və XIX əsrlərdə yarımadanın müxtəlif hissələrində onun memarlığını xatırladan hamam binaları tikilib.
Hamam sonralar xeyli müddət tamamilə qumun altında qalıb. Qocaman kənd sakinlərinin müraciətlərindən sonra yenidən gün işığına çıxarılıb. 2019-cu ildə Bakı kəndlərinin abadlaşdırılması layihəsi çərçivəsində hamamın bütün otaqları aşkarlanıb və bərpa olunub. Kənd sakini Dadaşbala Dadaşovun təşəbbüsü ilə 2001-ci ildə qeydiyyata salınıb.
Hamam yarıya qədər qumun içindədir. Bizə bələdçilik edən Səkinə xanım deyir ki, elə buna görə də adı “Qum hamamı” olub. Hamam üç hissədən ibarətdir və onlar bir-biri ilə əlaqəli formada tikilib.
Birinci hissə əsas giriş sayılır. Dəhlizlə soyunma, paltar saxlama və geyinmə otaqlarına keçmək olur. İkinci hissə yuyunma otağıdır ki, burada isti və soyuq su hovuzları var. Quyudan çıxan su iki yolla (biri isti, biri soyuq) bura daxil olurmuş. Soyuq su birbaşa, isti su isə hamamın arxa tərəfində inşa edilən qazanxana vasitəsilə hovuza axıdılırmış. Əvvəllər belə bir fikri vardı ki, bura su hamamın yaxınlığındakı ovdandan gəlir. Amma arxeoloji qazıntılar zamanı hamamın arxa hissəsində tapılan quyu bu fikri tamamilə təkzib edib.
Quyu, qazanxana və hamam arasında saxsı borular var. Amma ovdanın hamamla heç bir əlaqəsi yoxdur. Mərkəzdəki bu zala kiçik otaqlar da birləşib. Onlardan bəziləri, indiki dillə desək, VIP otaqlardır. Yəni ümumi zalda çimmək istəməyənlər üçün nəzərdə tutulub. Bunlardan başqa kisəçi otağı, geyim otağı da var. Ümumilikdə hamam 2 əsas və 16 kiçik otaqdan ibarətdir.
Qeyd etdiyimiz kimi, quyudan çıxan su qazanxanada qızdırılır və hovuza dolurdu. Bəs qazanxana necə işləyirdi? Bələdçimizin dediyinə görə, yaxınlıqda yerləşən Məhəmmədi kəndindəki təbiət abidəsi “Yanardağ” kompleksində o zamanlarda od çıxan yerlərdə müəyyən qədər neft də bulaq kimi axırmış. Neft torpaqla qarışaraq aşağı doğru axır, sanki başqa bir maddə yaranırmış. İnsanlar həmin maddəni yandıranda yaxşı istilik verdiyini görüblər. Bu üsuldan hamamın suyunun qızdırılması üçün istifadə olunub. Yeri gəlmişkən, buranın “Qum hamamı” adlanmasının ikinci səbəbi də budur.
Otaqlar arasındakı keçidlər üçün nəzərdə tutulan tağların yuxarı hissəsi nisbətən aşağıdır. Bunun da səbəbi istiliyin maksimum dərəcədə içəridə saxlanılması imiş. Bundan başqa, əsas zalda divarın dibində kiçik bacaların olmağı da diqqət çəkir. Sən demə, “isti döşəmə” deyilən və son onillikdə dəbə düşən döşəmə Azərbaycanda artıq XIV əsrdə quraşdırılıb. Hamamın döşəməsi yeraltı istilik sistemi ilə təchiz olunub və daim isti qalırmış. Buranın kanalizasiya sistemi də o dövr üçün unikal düşünülüb.
Bu gözəl hamam həm də qadınların təzə geyimlərini, bəzək əşyalarını bir-birinə göstərməsi üçün yer olub. Əlbəttə, o dövrdə teatr yox, kino yox, konsert yox. Xanımların təmizliyi də, əyləncəsi də, yeri gələndə lap söhbət və qeybət yeri də elə hamam imiş. Ən maraqlısı isə hamamda anaların oğulları üçün qızbəyənmə mərasimi olub. Qədim zamanlarda hamamların əsas “funksiyaları”ndan biri də məhz bu imiş. Oğul anaları subay gənc qızlara burada müştəri gözü ilə baxar, ələkdən keçirər, ən gözəlinə, ən uyğun bildiyinə elçi düşərmiş. Yəni qızlar burada tək fiziki gözəlliklərini yox, həm də tərbiyə və mədəniyyətlərini göstərərmişlər. Buna görə də nəinki oğul anaları, elə qız anaları da bura həm çimmək, təmizlənmək, həm də qızlarını göstərməyə gəlirmişlər. Kim bilir, nə qədər xoşbəxt ailənin təməli bu hamamda qoyulub.
Balaxanı kəndi tarixi “İpək yolu”nun üstündə yerləşir. Burada hər zaman xarici qonaqlar, tacirlər yolüstü dayanıb, gecələyiblər. Bunu bizə burada XVII əsrdə tikilən Şah Səfi karvansarasının yerləşməsi də deyir. Qum hamamı həmin qonaqların da üzünə həmişə açıq olub. Yerli camaat kimi gələn qonaqlar da hamamdan istifadə ediblər.
Hamam müəyyən günlərdə xanımların, müəyyən günlərdə isə kişilərin ixtiyarına verilirmiş. Bunu kənardan müəyyənləşdirmənin ən rahat yolu isə kişi hamamı günlərində qapıda papaq, qadın günlərində kəlağayı asmaq imiş.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.