“Azərbaycan və Ermənistan arasında keçirilən diplomatik danışıqlarda ən problematik sahələrdən biri də anklavlar məsələsidir. Bununla bağlı müxtəlif müzakirələr keçirilir. Şübhəsiz ki, anklavların gələcəyi, onların ətrafında məsələlərin həll olunması həm də sülh müqaviləsində yer almalıdır”.
araz.az bildirir ki, bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, əgər yekun sülh müqaviləsindən danışırıqsa, anklavların yerləşdiyi geostrateji bölgə, tarixi, siyasi, hüquqi, iqtisadi aspektlər ciddi araşdırılmalı və buna uyğun qərarlar qəbul olunmalıdır:
“Burada tarixilik aspektinə də nəzər salmağa ehtiyac var. Qazaxın 7, Naxçıvanın 1 kəndi hazırda Ermənistanın nəzarətindədir. Qazaxın 7 kəndinin mühüm geostrateji üstünlükləri var. Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərbə nəqlində bu kəndlər həm də bir təhdid elementinə çevrilir. Vətən müharibəsində də bu cür təhdidlər var idi, hazırda da davam edir. Həm Azərbaycanın Qərbə çıxışının vizual müşahidə altına götürülməsi, həm də neft və qaz layihələrinin Qərbə nəqlində bu cür təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından həmin kəndlərin Azərbaycanın nəzarətinə götürülməsinə böyük ehtiyac var. Digər tərəfdən, qarşı tərəf də öz iddialarını irəli sürür.
Düşünürəm ki, delimitasiya komissiyası məsələnin miqyasını ciddi şəkildə araşdırmalıdır. Elə bir qərar qəbul etməliyik ki, sonra bizim mövqelərimizin geriləməsi müşahidə olunmasın. İlk növbədə təhlükəsizlik elementi ciddi tədqiq olunmalıdır. Hesab edirəm ki, anklavlar məsələsinə delimitasiya prosesinin tərkib hissəsi kimi baxılmalı və sonrakı mərhələdə demarkasiyada icra olunmalıdır. Bu, ikitərəfli münasibətlərin dövlətlərarası səviyyədə nizamlanması raundlarının da bir mühüm müstəvisidir. Azərbaycan dövləti siyasi-diplomatik danışıqlarda ilk növbədə milli maraqlarımızdan çıxış etməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.