raker-hind.jpg

Moderator.az Paşinyanın 100 günü haqqındakı yazısında, onun tezliklə İrana, Çinə, Hindistana səfəri barədə məlumat vermişdi. Qərbpərəst kimi təqdim olunan Ermənistanın baş nazirinin nədən Avropaya, ABŞ-a deyil, üzünü Asiyaya tutduğu ilk baxışdan sual doğura bilər, amma yenicə hakimiyyət zirvəsinə çatmış baş nazirin hər bir səfəri konkret məqsəd daşıyır, o cümlədən adı çəkilən ölkələrə də…

Hindistan statistik azərbaycanlının yaddaşında hələ də melodramatik filmlərin istehsalçısı kimi qalıb, amma son illər nüvə silahına malik bu ölkənin necə inkişaf etdiyi, kompüter texnologiyasında irəli getdiyi, milyarderlərinin sayının sürətlə artdığı dünya ictimaiyyətinə məlumdur. Milyarddan çox əhalisi olan bu ölkə başqa sahələrdə, o cümlədən hərbi texnologiya sahəsində uğurlar qazanıb. Bu günlərdə ( iyul ayında) Hindistanın Müdafiə tədqiqatları və araşdırmaları təşkilatı mətbuata rəsmi xəbər verib ki, “Pinaka” raket komplekslərinin uğurlu sınağını keçiriblər. İlk baxışdan “burda qeyri-adi heç nə yoxdur” fikirləşmək olar, əgər bu sınağa Ermənistan müdafiə nazirliyinin nümayəndələri dəvət edilməsəydi. Hindistan və Ermənistan hərbiçilərinin əməkdaşlığı xeyli müddətdir davam edir və ölkədəki erməni icmasının da burda rolu olduğunu hələ illər öncə erməni mətbuatı açıq yazırdı. “Kasıb erməni”bizim bildiyimiz “ Qrad”, “Smerç”kimi raket komplekslərini perspektivdə Hindistan istehsalı “Pinaka” raket kompleksləri ilə əvəz etmək niyyətindədir.

“Pinaka”-nın taktiki-texniki imkanlarına nəzər salaq.

Yaylım atəşli reaktiv sistem olan “Pinaka” canlı qüvvələrin, raket buraxan qurğuların, zirehli texnikanın, komanda məntəqələrinin, hərbi-sənaye infrastrukturlu obyektlərin, rabitə qovşaqların dağıdılması və sairə üçün nəzərdə tutulur.

Yeni sınaqdan keçirilən “Pinaka”nın üstünlüyü ondadır ki, raketlərdə CPS sistemi quraşdırılıb və hədəfin dəqiq vurulması idarə olunur. 15 saniyədə 214 mm-lik kalibri olan reaktiv mərmilərlə yeni qurğu 12 atış edir. Əvvəlki qurğulardan fərqli olaraq 80 km məsafəni dəqiqliklə vurur. Raket kompleksi 2020-ci ilə hind silahlı qüvvələrinə təhvil veriləcək, o cümlədən satışa çıxarılacaq və bu məqsədlə perspektiv alıcı-Ermənistan da sınaq testinə dəvət olunub.

Başqa texniki məlumatları sadalamağa ehtiyac yoxdur. Əsas odur ki, düşmən yalnız Rusiyadan yalançı və heç vaxt ödənilməyəcək kreditlər adı altında silah almır. Hindistan bəlkə də erməniyə belə bir lüksü tanımayacaq, amma düşmənin hərbi gücünü artırmaq üçün axtarışda olduğunu bizim bilməyimiz vacibdir.

Azərbaycanın Hindistanda səfirliyi var və inanırıq ki, lazımi strukturlar bu məsələ barədə məlumatlandırılıb və uyğun addımlar atılacaq.

Ümumiyyətlə, yeni erməni hökümətinin beynəlxalq aləmdə “demokratik imicə” malik olması sürətlə təbliğ olunur və bu günlərdə Ermənistanda olan Almaniya kanslerinin “səfərinin ölkənin demokratik dəyişikliklər aparıldığı bir vaxta təsadü etməsini” xüsusi vurğulması da bu qəbildəndir. Azərbaycan bu “psevdo demokratların” əsil üzünü –işğalçı olduğunu göstərmək üçün bu ərəfədə daha çox çalışmalıdır. Məsələ yalnız Rusiya ilə bağlı deyil. Nəzərə alaq ki, Paşinyan qərbpərəst olsa da Rusiyaya münasibətində çox ehtiyatlıdır və xarici siyasətdə heç nəyi dəyişməyəcəyini bildirib. Düşmən məkrli və aqressivdir. Düşmənə qarşı preventiv hərbi və diplomatik tədbirlər həyata keçirmək, yeni xüsusi taktika və strategiya müəyyənləşdirmək lazımdır. Bölgədə yaranmış gərgin vəziyyət, düşmənin silahlanmağa davam etməsi bunu tələb edir.

Moderator.az-ın analitik qrupu

araz.az xəbər portalı.