Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə alpiniada təşkil edilib.

Bu barədə, “AzerGold”dan araz.az-a daxil olan məlumata görə, Alpiniadada Səhmdar Cəmiyyət və onun törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (DDF MMC) bir qrup əməkdaşı iştirak edib.

Məlumatda bildirilir ki, Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndindən başlayan alpiniadanın iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, müəyyən olunmuş marşrut üzrə “Heyər zirvəsi”nə doğru yürüş ediblər.

Mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, böyük ruh yüksəkliyi və əzmkarlıqla zirvəyə çatan yürüş iştirakçıları tərəfindən dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Məlumatın sonunda o da qeyd edilir ki, Zirvədə Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə yanaşı, “AzerGold” QSC və “DDF” MMC-nin korporativ bayraqları da dalğalandırılıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalı.

araz.az xəbər portalı.