Bəzi Avropa siyasətçiləri, o cümlədən Fransa prezidenti Makron Çinin Ukrayna məsələsində vasitəçi olmasını istəsə də, alman ekspertlər bunun əleyhinə çıxırlar. Almanlar iddia edirlər ki, Çin Avropanı parçalamaq istəyir və bunun təhlükəli nəticələri ola bilər.
araz.az Reyting.az-a istinadən xəbər verir ki, Çinin xarici işlər naziri C. Qanq Avropa səfərinə başladığı gün Almaniyanın məşhur siyasətçilərindən olan Norbert Röttgen “Çin bizi parçalamaq istəyir”, – deyə xəbərdarlıq edib.
Qeyd edək ki, Almaniyanı 16 il idarə etmiş Angela Merkelin mühafizəkar partiyası rəsmi Pekinlə münasibətdən uzaqdır. Üstəlik, Fransa prezidenti Emmanuel Makronun “Çinin Ukraynada vasitəçi olmasına icazə verin”, – təklifini xoş qarşılamır.
Almaniyanın xarici siyasət mütəxəssisi N. Röttgen deyib ki, Çin sülhdən çox öz maraqlarını güdür: “Belə bir düşüncənin (Makronun təklifinin-Red.) nəticəsi təhlükəli nəticələri ola bilər. Mən bəzi avropalı siyasətçilərin Çinə “sülh elçisi” missiyası vermək təklifini anlamıram. Hansı perspektivlə Çinin bizim təhlükəsizlik siyasətimizin bir hissəsi olmasını istəyirlər? Bu, Avropa üçün həm yanlış, həm də təhlükəli ola bilər”.
Alman siyasətçi Çini Avropanı bölməklə yanaşı, ABŞ-dan uzaqlaşdırmaq istəməkdə də ittiham edib. Çinin indiyə qədər Rusiya işğalını tənqid etmədiyini xatırladan Röttgenin sözlərinə görə, Çin Rusiyadan ucuz neft və təbii qaz aldığı üçün müharibədən qazanır.
Röttgen Almaniyanın Xarici işlər naziri Annalena Baerbokun üç həftə əvvəl Çinə səfəri zamanı Pekinin açıq şəkildə Rusiyaya dəstək verməməsi ilə bağlı xəbərdarlıq etməsini də doğru addım sayır. Digər tərəfdən, eyni görüşdə Baerbok da Makron kimi Çini vasitəçiliyə dəvət edərək, “Heç bir ölkənin Rusiya üzərində bu qədər təsiri yoxdur”,- deyib. Eyni zamanda Makron keçən ay Çinə səfərindən sonra Avropanın Tayvanla bağlı ABŞ-dan asılı olmayan siyasət yürütməli olduğunu diqqətə çatdırıb. Makron deyib ki, əks halda Vaşinqtonun nəzarətində olacaqlar. Almaniyanın Müdafiə naziri Boris Pistorius isə bu açıqlamanı təəssüflə qarşılayıb və ABŞ-ı risk kimi görmədiklərini qeyd edib.
Çinin xarici işlər naziri Qanq Pekinə münasibəti müzakirə edərkən Almaniya, Fransa və Norveçdən olan həmkarları ilə görüşmək üçün qitəyə gəlib. Səfər Çin səfirinin Parisdə “Sovet İttifaqından müstəqillik qazanmış ölkələrin hüquqi statusu mübahisəlidir”,- bəyanatından sonra həyata keçirilir.
Onu da qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən Rusiyanın Orta Asiyada təsiri azalıb və Çin bu boşluğu doldurmağa çalışır. Bu çərçivədə prezident Si Cinpin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini mayın 18-19-da Sian şəhərinə dəvət edib.
Sonda onu da diqqətə çatdırırıq ki, Çinin Mərkəzi Asiyaya ixracı ötən il 60 faiz artaraq 1,4 milyard dollara çatıb. Çin lideri Si Cinpin həmçinin 2022-ci ilin sentyabrında pandemiyadan sonra ilk xarici səfərini Qazaxıstana edib. İqtisadi və diplomatik əlaqələrin daha da gücləndirilməsi məqsədi daşıyan sammit tərəflər arasında bir ilk olub
araz.az xəbər portalı.
araz.az xəbər portalı.