“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı azərbaycanlılar yaşayan diyarlar olubdur”
Heydər Əliyev, 1998
Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb.
araz.az bəyanatı təqdim edir: “Bu gün biz bütün ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik.
Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış Heydər Əliyev xalqın mənafeyi naminə yorulmadan çalışan uzaqgörən dahi şəxsiyyət idi.
Qədirbilən Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini Ümummilli Lider kimi əziz tutması bu əvəzedilməz şəxsiyyətin öz dühası, zəngin mənəviyyatı və qeyri-adi iş qabiliyyətləri ilə bir rəhbər kimi xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxarması və onun təhlükəsizliyini və firavanlığını təmin etməsi ilə bağlıdır.
Çox çətin və şərəfli həyat yolu keçmiş Ulu Öndər Azərbaycan xalqının marağını həmişə hər şeydən uca tutub.
Heydər Əliyev kommunist ideologiyasının hakim olduğu SSRİ dövründə məlum ayrı-seçkiliyə baxmayaraq, qeyri-adi peşəkar qabiliyyətləri və yorulmaz əməyi sayəsində nəinki özü bir azərbaycanlı kimi təhlükəsizlik orqanlarında ali rütbəyə yüksəlib, həm də çoxlu sayda azərbaycanlı kadrların hazırlanmasını təmin edib.
Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini – Siyasi Büro üzvü kimi işlədiyi dövrdə Azərbaycan xalqının milli özünüdərkinə, respublikanın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr vermiş, respublikada təsis edilməsinə nail olduğu hərbi məktəblər ilə milli hərbi kadrların hazırlanmasına şərait yaradıb. Məhz onun təşviq etdiyi bu möhkəm milli-ideoloji, sosial-iqtisadi və kadr potensialı Azərbaycanın 1991-ci ildə müstəqil dövlət kimi həyat qabiliyyətini təmin edib.
Mixail Qorbaçov başda olmaqla müəyyən bədxah qüvvələrin Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsinə nail olmaq üçün mənfur səyləri onların Azərbaycana qarşı məkrli planlarının ilk addımı idi. 1987-ci ildə buna nail olduqdan sonra, dərhal Ermənistan SSR-də azərbaycanlıların etnik təmizləməsinə və Azərbaycana qarşı ərazi iddiasına rəvac verildi.
Sonrakı illərdə hadisələrin sürətlə Azərbaycanın ziyanına işləməsi 1993-cü ildə ölkədə ağır böhran yaratmışdı. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə Azərbaycanın son ümid istinadgahı olan Heydər Əliyev hakimiyyətə qayıtdı, həyatına olan təhlükələrə baxmayaraq, ölkədə vəziyyəti qısa müddətdə normallaşdırdı, Ermənistanın işğalçı ordusunun irəliləməsini dayandırdı, mürəkkəb geosiyasi vəziyyətdə məharətlə hərəkət edərək, yenicə əldə edilmiş dövlət müstəqilliyini qoruyub saxladı.
Ulu Öndərin birbaşa rəhbərliyi ilə hazırlanan, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilib və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilib.
“Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır” sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərib. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirib. Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.
Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.