Uca Yaradan belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər.
Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə, şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə, sevincək olurlar.” ( Ali-İmran, 3/169-171.)
Uca Allah şəhidi bu cür qiymətləndirdiyi halda, onun məmur bəndələrinin şəhidlərə, onların dərd-qəm içində inləyən ailələrinə, ələlxüsus qazilərimizə qarşı etdikləri hörmətsizliyə, saymazlığa, biganə münasibətə və etinasızlığa qoymağa ad tapmaq, bunları sözlə ifadə etmək mümkünsüz olur. Elə, buna görə də, bu yerdə uzun danışmağa ehtiyac duymuruq və deyirik ki, sadəcə, deyilənlərin təsdiqi olan bu fotoya diqqət etmək kifayətdir.
Sosial şəbəkələrdə yayılan və qəlb göynədən bu fotoyla bağlı, dogruxeber.az-ın xanım müxbiri Jalə Asimanın ağrı dolu təəssüf hissləriylə qələmə aldığı yazısına istinad edən araz.az xəbər portalı da bildirir ki, yəqin, bu şəhid məzarının üstü dağılsa da, məzar yanındakı cırılmış parçanın kənarlarına diqqətlə baxdıqda, bunun, yağışdan və günəş şüalarından rəngi solmuş Milli Bayrağımız olduğuna hamı tam əmin olacaq. Doğrudan da, bu barədə ölkənin media vasitələrində və sosial şəbəkələrdə yazılanlar ürək ağrıdandır. Çünki daha bir müqəddəslik ünvanı and yerimizdə uyuyan bu oğlan, 44 günlük Vətən Müharibəsində bu Müqəddəs Bayrağımızı daha da ucaltmaq, 30 il həsrətində qaldığımız və yağı düşmən tapdağında inləyən torpaqlarımızda möhtəşəm zəfərin rəmzi olaraq asmaq üçün, qəhrəmancasına döyüşərək, canını fəda etdi. Amma indi…
…Bu gün, onun belə bir vəziyyətdə olan məzarının əksi olan bu foto kənd sakinləri tərəfindən çəkilərək, sosial şəbəkələrdə paylaşılır və aşağısında da, bu sözlər yazılır: “Bu gördüyünüz məzar, heç bilirsiniz kimin məzarıdır?! Bu məzarda uyuyan oğlan, mənfur daşnaklarla mərdliklə döyüşüb, şəhidlik zirvəsinə ucalan Azərbaycan oğludur! Bu günkü kimi yadımızdadır: Bu şəhidimizin anası, bu məsələ ilə bağlı, dəfələrlə, hələ DSMF-yə, sonra isə, Prezident Aparatına da gedib. Onda, şikayət xarakterli Müraciət və ərizələrində, şəhid anası, dəfələrlə, bu tələbini irəli sürürdü ki, Qarabağdakı azgın düşmənlə qanlı savaşlarda can qoyan oğluna Şəhidlik Statusu verilsin! Və bir də, o: “Kasıbam, mənə və oğluma hörmətiniz varsa, gəlin, balamın qəbrinin üstünü götürün!” — dəyə, ah-zar edirdi.
Amma və lakin…
Bu şəhid anasına, indiyədək, hələ ki, dövlətimizin adından heç bir yardım göstərilməyib, heç yerdən və heç kəsdən ona kömək də edilməyib. Ünvanı da belədir: Masallı rayonu. Qaznoba kəndi, Sürəyya müəllimə Babayeva”.
Bəli, danılması mümkünsüz bu ağrıdıcı fakt, ilk növbədə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun özünün utanc verən və bağışlanması mümkünsüz böyük bir məsuliyyətsizliyidir. Həm də, ona görə ki, icra başçısı Araz Əhmədovun özünün belə, Birinci Qarabağ savaşının iştirakçısı olduğu deyilir. Bu barədə bizə məlumat çatdıranlar, bu faktı, yeri gələrkən ortaya çıxarmağı vacib və lazım bildilər. Dedilər ki, axı, onun özü də, döyüşlərdə qanın-qadanın içindən çıxmış bir insandır və belə bir adamın — icra başçısının şəhid məzarına və Azərbaycan Bayrağına qarşı bu biganəliyi, ögey münasibəti, hörmətsizliyi sosial şəbəkələrdə belə çox böyük səs-küyə səbəb olub, rezonans verib.
Torpaq uğrunda oğul şəhid vermiş ananın o məzara dikilmiş məzəmmətedici baxışları ürəkləri dağladığı qədər, üzlərə də, yanğıdan qızartı verir. Təbii ki, dediklərimiz, bunu dərk edənlərə aiddir!
Bu yerdə, onu da qeyd etməyi vacib bildik ki, dogruxeber.az-ın bu barədə olan yazısında xüsusi olaraq vurğulandığı kimi, araz.az xəbər portalının əməkdaşları olaraq, bizim də, Masallı Rayon İcra Hakimiyyətinin bu məsələyə münasibətini öyrənmək üçün, aparat strukturunun rəsmi internet səhifəsində nömrələri qeyd edilən iş telefonlarının, demək olar ki, hamısına çoxsaylı zənglər etsək də, heç birinin dəstəyini qaldıran olmadı. Amma, xəbər portalının əməkdaşları olaraq, biz, sosial şəbəkələrdə artıq “populyarlıq qazanan” bu ağrılı görüntülərlə bağlı, Masallı Rayon İcra Hakimiyyətinin mövqeyini dinləməyə və dərc etməyə həmişə hazırıq! Bu, həm də bizim üçün bir təsəlli olardı!
Yazımızın sonunda isə, təsəlli üçün, şəhid anasına bunları demək istəyirik: “Uca Allahdan Şəhidimizə min rəhmət diləyirik! Qəbri nurla dolsun, ruhu daim şad, məkanı cənnət olsun!”.
Malik MİRZƏ,
Tahir İSLAMOĞLU,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.