Söz sənindir!
“Ağıllı fikirləşincə dəli vurub çayı keçdi” deyir ulularımız. Təssüf ki, nə ağıllı kimi ağıllıyıq, nə də…
Ermənistanda ermənilərin meydanlara yığışıb Qarabağı tələb etməsinə bu günə qədər bəyənmədiyimiz erməni hakimiyyətlərinin hamısı şərait yaradıb. Bizdə isə, iki nəfər bir yerdə Qarabağ haqqında söhbət edirsə, onun birini həbs edirlər. Maraqlı adamlarıq vallah, dostumuz kim, düşmənimiz kim bilinmir. Son iyirmi beş ildə isə, ermənilərin iki əsr başımıza açdığı oyunların mükafatını verib qurtara bilmirik, qardaş. Nə veririk, deyirlər azdır. Qərbi Azərbaycan torpaqlarını, Qarabağı, üstəlik də Azərbaycanın əhəmiyyətli məmur postlarını… Amma, nə bu canlıları razı sala bilirik, nə də burdakı qohum-əqrabalarını…
Lakin, bizim bütün müşküllərimizin açarı bu mütilikdən, ağzıyunluluqdan xilas olub iradə nümayiş etdirməkdədir. O zaman haqqımız olan torpaqlarda baş verənlərlə bağlı məlumatı xarici KİV-lərdən almayacağıq. Elə bu yeni xəbər kimi…
Eşitmisinizsə CONIFA-nın təşkilatçılığı ilə növbəti Avropa çempionatının Dağlıq Qarabağda keçiriləcəyi barədə qərar qəbul olunub.
Tanınmamış respublika futbol komandalarının çempionatının Qarabağda keçirilməsi ilə bağlı alınmış qərar başa düşüləndi. Belə tədbirlər bəlli institutların projeləridir və konkret məqsədlərə xidmət edir. Bəs, bizim hakimiyyət niyə bu məsələyə reaksiya vermir? Eurovisiondan tutmuş, Zara Mqoyanın Bakı səfərinə qədər hər şeyə münasibət bildirən Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərovun səsi niyə çıxmır? Axı, Dağlıq Qarabağla bağlı bu tip məsələlərdə çox vaxt onu qabağa itələyirlər.
Sizcə, bu qərarı AFFA səviyyəsində “pisləmək” yetərlidirmi? Hanı, gündə bir bəyanat verən generallar? İkinci erməni dövlətinin yaranmasına icazə verməyənlər, ya Bakı Avropa oyunları keçirdi, ya Stepanakert ( Xankəndi) futbol üzrə Avropa çempionatı. Nə olsun ki, de-yure tanınmır, amma yarışı ki, keçirir. Səsiniz niyə batıb, ağalar?!
Yoxsa, bu günə qədər Bakıya dığaları, axçiləri bizim nəbzimizi yoxlamaq üçün dəvət edirdiniz? Bütün gəlib-gedənlərə sükut etməyimizlə həvəsləndiniz yoxsa?
Bu yerdə məşhur “Qarlı aşırım”dan Kərbəlayi İsmayılın Abbasqulu bəylə dialoqundan bir fraqment yadıma düşdü: Mənim başıma gələnləri Allah heç kimə göstərməsin! Torpağımı aldılar dinmədim… Şura soveti gəldi, konvet getdi, dinmədim… evimi tar-mar elədilər, danışmadım… əşşi, hansını deyim?.. indi də bu…
Ey əziz millət, fikirləşmək vaxtıdır! Taleyinə bu qədər laqeyd olmağa haqqın yoxdur. Kərbəlayinin papağı başında idi heç olmasa, gələcəkdə onu da istəməməkləri üçün savaşa qalxmışdı. Bizim papağımız isə həmin o oyunlar keçiriləsi torpaqlarda girib yerə…
Söz sənindir!
Vasif Qurbanzadə,
Qarabağ Hərəkatı başqanı
araz.az xəbər portalı.