May ayının əvvəlində, Vaşinqtonda, dörd gün davam edən Ermənistan və Azərbaycan XİN başçılarının danışıqlarının ölkəmizin maraqlarına uyğun formatda keçəcəyi gözlənilən idi.

ABŞ-ın Azərbaycanın rəsmi şəkildə bəyan etdiyi şərtlərlə, Sülh Müqaviləsinin imzalanmasının tərəfdarı kimi, eyni mövqedən çıxış etdiyi məlumdur. Qarabağın Azərbaycanın daxili işi, orada yaşayan ermənilərin də, digər etnik icmalar kimi, Azərbaycan Konstitusiyasının verdiyi hüquq çərçivəsində yaşamasının tanınması, təbii ki, Azərbaycan maraqlarının təminatıdir.

Ancaq, bu ciddi məsələ göründüyündən də mürəkkəbdir. Reallıqların isə, fərqli mənzərə ortaya çıxaracağı şübhəsizdir. Bəli, tərəflər arasında danışıqların Brüssel Platformasını da sıradan çıxartmaq düzgün olmazdı. Mümkündür ki, Brüssel Platformasında yeni görüşlər olsun, müəyyən razılaşmalar da əldə edilsin və hətta, tərəflər arasında aralıq sənəd də imzalansın. Yeri gəlmişkən, aralıq sənədinin imzalanması, nəinki hər üç, digər platformalarda da mümkündür. Ancaq əsas mübarizə, məhz yekun Sülh Müqaviləsinin Vaşinqton və ya Moskva platformasında imzalanması üzərindədir. Geniş mənada isə, bu Qərb və Rusiya mübarizəsidir. Ümumi siyasi vəziyyətin analizi və Rusiyanın regionla tarixi bağlılığı, təsir imkanları və hətta mümkün qeyri-adekvat gedişləri əsaslı şəkildə onu deməyə əsas verir ki, Ermənistanla Azərbaycan arasında yekun Sülh Müqaviləsinin ABŞ Platformasında imzalanması, regiona sülh gətirəcəyi isə, böyük sual altındadır. Bu ciddi məsələdə, Rusiyanın iştirakı olmadan nəticənin dayanıqlı olacağı mümkünsüzdür.

Əvvəla unutmamalıyıq və həqiqət də bundan ibarətdir ki, 44 günlük Vətən Müharibəsində Rusiya formal da olsa, neytral qaldı. Rusiyanın neytral qalmasını şərtləndirən ən əsas amil isə, Qərbin Ermənistanda Paşinyanı hakimiyyətə gətirməsi və onun Ermənistanı Rusiyanın orbitindən davamlı çıxarmaq cəhdi idi. Paralel olaraq, Rusiya və Azərbaycan münasibətlərinin strateji partnyor səviyyəsi, Rusiyanı neytral qalmasına təsir edən əsas şərtlərdən oldu. Sözsüz ki, Azərbaycan — Türkiyə münasibətləri və Türkiyə tərəfinin Rusiya üçün son dərəcə əhəmiyyəti, həmin neytrallığı formalaşdıran üç əsas amillərdəndir.

10 noyabr, 2020-ci il tarixli üçtərəfli Moskva Bəyannaməsi, məhz Rusiyanın moderatorluğu və qarantiyası ilə imzalanıb. Əsas şərtlərin, daha doğrusu, işğalda qalmış rayonların Azərbaycana təhvil verilməsi, birbaşa Rusiyanın iştirakı ilə baş tutub.

Ümümiyyətlə isə, ermənilər üçün ilk dövlət, dövlətçilik anlayışı, əsasən, Rusiya faktoruna bağlıdır və geniş mənada, Rusiya və ruslar, Ermənistana öz dövlətlərinin ərazisi kimi baxır. Və həqiqətən də, son üç əsrdə ermənilər üçün, rus əsgəri vuruşaraq, özünü qurban verib.

Rusiya Ukrayna müharibəsində nə qədər ağır vəziyyətə düşsə də, Ermənistanı görünən asanlıqla əldən verməyəcək. Ermənistanın Azərbaycanla yekun Sülh Müqaviləsinin ABŞ-ın moderatorluğu ilə imzalanması, Rusiyanın Ermənistanı tam buraxması və regiondan çıxması deməkdir. Buna görə də, sözü gedən Sülh Müqaviləsinin Rusiyasız imzalanması, region üçün, Moskvanın qeyri-adekvat addımlar atacağına belə şübhə qoymur. Rusiyanın son məqamda ən sərt addım atacağı gözləniləndir. Paşinyanın fiziki məhvi və hətta hərbi çevriliş variantları istisna edilməməlidir.

Son Vaşinqton görüşündən dərhal sonra, mayın 8-də, Paşinyanın Moskva səfəri, hansı ki, Kremldən verilən açıqlamaya görə, rəsmi İrəvanın təklifi əsasında baş tutub, onu göstərir ki, Paşinyan özünün və Ermənistanın gələcək taleyindən çox narahatdır. Elə, onun Moskva səfəri də, Ermənistanın Rusiyaya laxlamış sadiqliyini sübut etməyə çalışmasıdır. Nəzərə alsaq ki, təklif olunan yekun Sülh Müqaviləsinin hansı platformadan asılı olmayaraq, Azərbaycanın şərtlərinin qəbul edilməsi fonunda baş tutacağına, Paşinyan onun Moskva variantını üstün tutduğunu dəfələrlə vurğulayıb. Elə, bu da, Sülh Müqaviləsinin Moskva variantında imzalanacağı ehtimalını çox artırır.

Azərbaycanla Ermənistan arasında yekun Sülh Müqaviləsinin imzalanmasında açıq görünən ABŞ — Rusiya rəqabəti, əslində, Cənubi Qafqaz uğrunda siyasi-diplomatik savaşdır. Maraqlısı da odur ki, ABŞ və Rusiya arasında Ermənistan — Azərbaycan Sülh Müqaviləsinin imzalanması uğrunda rəqabəti, Azərbaycanın siyasi-diplomatik və hərbi imkanlarını daha da genişləndirir, Azərbaycanın öz maraqlarında daha israrlı və qətiyətli olmasına əlverişli şərait yaradır.

Sözsüz ki, ən geci Sülh Müqaviləsi imzalandıqdan sonra, Rusiya Ermənistanda, nəhayət ki, hakimiyyət dəyişikliyi edə biləcək və yeni rusiyapərəst liderin hakimiyətə gəlməsi, hökümətin formalaşması baş tutacaq.
Ermənistanın Azərbaycanla sərhəddində rus sərhədçilərin yerləşdirilməsi də, zaman məsələsidir. Maraqlı gözləntilərdən biri də odur ki, Türkiyədə prezident seçkilərində cənab Ərdoğanın təkrar seçilməsindən sonra, Rusiyanın Ermənistana təsiri artacaq, mövqeyi güclənəcək.

Bəli, Rusiyada Ukrayna müharibəsi ilə əlaqədar hakimiyyət dəyişikliyi ola bilər, ancaq Rusiyanın ümümi şovinist, imperialist mahiyyəti siyasi quruluşundan asılı olmayaraq, dəyişən də deyil. Mübahisəsiz məlumdur ki, Rusiyanın zərərsizləşdirilməsi, onun liderinin əvəzlənməsində, yaxud siyasi quruluşunun dəyişdirilməsində deyil, onun parçalanmasındadır. Ancaq o da məlumdur ki, Rusiya sonda, özünün məhvini hiss edərsə, dünyanı məhv etməyə hazır olan düşüncəyə malikdir. Rusiya ilə bağlı Qərbin praktik planlarının qəti icrasını əngəlləyən səbəb kimi də, məhz, bu son qənaət ortaya qoyulur.

Nəhayət, sonda bir daha onu qeyd etmək istəyirəm ki, Ermənistanın da, Azərbaycanın da yekun Sülh Müqaviləsini Moskva Platformasında imzalamaları ehtimalı çox yüksəkdir.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.