araz.az    ENA.az-a istinadən   İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov ilə müsahibəni oxucularına təqdim edir.  

–  Ötən  il avtomobillərin icbari sığortası üzrə qanunvericiliyə dəyişikliklər edildi, indi qəza baş verərsə artıq zərərçəkənin özünün sığortası gəlir. Bu şikayətlərin sayına təsir edibmi?

–  Əlbəttə, bu, çox ciddi dəyişikliklər idi və əminliklə deyə bilərəm ki, müştərilər arasında məmnuniyyət səviyyəsi yüksəlib. Çünki, baş verən hadisədə sığorta şirkəti öz müştərisinin hadisəsini tənzimləyir. Bilir ki, o vəsaiti qarşı tərəfin sığorta şirkətindən alır və öz müştərisinin məmnuniyyətinə çalışır. Apardığımız sorğuların 70%-də müştərilər  xidmətdən məmnun olduqlarını bildiriblər. Baxın, göstəricilərlə daha dəqiq desək, 788 nəfər arasında aparılan sorğuda  572 nəfər zərərin birbaşa tənzimlənməsi ilə əlaqədar çox razı olduğunu qeyd edib.

–  Gördüyümüz kimi, hələ də məmnun qalmayanlar da var, bunun səbəbi nədir?

–  Əsas səbəb kimi müddətin qısa olmamasını göstərirlər. Prosedurun müddəti bəzən bir aya qədər gəlib çıxdığına görə vətəndaşların çoxu bundan razı olmadıqlarını bildirirlər. Burada bilirsiniz ki, qanunvericiliyin tələbi var, müraciətdən sonra 10 gün içərisində arayışın təqdim edilməsi, təqdim edildikdən sonra ödənişin həyata keçirilməsi bir aya yaxın müddət çəkir, bayramların olduğu müddəti, həftə sonlarını da nəzərə alsaq bəzən müddət bir az uzanmış olur. Vətəndaşların bir çoxu bu məsələdən məmnun qalmadıqlarını deyirlər. Amma statistika da göstərir ki, zərərlərin birbaşa tənzimlənməsi çərçivəsində vətəndaş məmnuniyyəti kifayət qədər yaxşıdır.

–  Məmnuniyyət səviyyəsi yüksəlibsə, ödənişlərin həcmi də artıb, düzdürmü?

–  Ödənişlərin məbləğinə təsir edir, bəli. Müəyyən qədər ödənişlərin məbləğində artım var, gələcəkdə də ola bilər artsın. Bu da gözləniləndir. Yenə deyirəm, burada mühüm olan vətəndaş məmnuniyyətidir. Bütün hallarda icbari sığortanın inkişafının üzərinə getməyimizin məqsədi könüllü sığortaların inkişafıdır.

–  Uzun zamandır ki, sığorta sistemində minimal nizamnamə kapitalı və məcmu kapitalla bağlı tələb olduğu kimi qalıb. Belə fikirlər var ki, məhz yeni kapital yatırımı tələbi sığorta sisteminin inkişafına təkan verə bilər. Bu barədə necə fikirləşirsiniz?

Nizamnamə kapitalından çox daha önəmli olan məcmu kapitalın formalaşması və bununla əlaqədar Azərbaycanda yeni sığorta fəaliyyəti haqqında qanunların qəbul edilməsi məsələsi kifayət qədər ön plana alınıb. Məcmu kapitalı 5 milyon manatın altında olan sığorta şirkətlərinin hazırda fəaliyyət göstərməsi qadağandır. 5 milyon manata yaxınlaşanda belə artıq riskli sığorta şirkəti kateqoriyasına aid edilir və əlavə tədbirlərin görülməsi tələbi ilə bağlı nəzarət tədbirləri gücləndirilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.