Əbil HƏSƏN
Hər bir xalqın olduğu kimi, bizim xalqın da oyun havaları, yəni bu havaların adlarına uyğun rəqsləri var. Təbii ki, hər kəs bu rəqslərin hamısını oynaya bilmir: Hərənin öz sümüyünə düşən hava var, biri digərinin havasını oynaya bilməz. Əvvəllər toylarımız mağarlarda olardı. Toyları isə, sərfayılar idarə edərdi (Bəzi yerlərdə onlara toybəyiləri deyərdilər – Ə.H.). Rəqs etmək istəyənlər oynayacaqları havanı onlara deyərdilər. Onlar isə qonaqların sifarişini musiqiçilərə çatdırırdılar. Kəndimizdəki Məşədi də belə sərfayılardan biriydi. Bazburutlu olduğuna görə, böyükdən-kiciyə hamı ona “zorba Məşədi” deyərdilər. Kənddə elə bir toy olmazdı ki, Məşədi orada sərfayılıq etməsin. Bu səbəbdən də, o kimin hansı havaya oynadığını yaxşı bilərdi. Onun babası və atası da sərfayı olmuşdular. Kənd toylarının birində qonşumuz Məmməd içkili vəziyyətdə ona yaxınlaşıb, “Papaq” oynayacağını sifariş edib. Məşədi ona: “Sənin atan da, baban da ağır hava oynayıblar. Elə, sən də həmişə “İnnabı”, “Mirzeyi” oynamısan” – deyə, etirazlı baxışlarla cavab verib. O isə: “Mən bu gündən havamı dəyişirəm” – deyərək, musiqiçilərin qarşısında dayanıb. Məşədi üzünü musiqiçilərə tutaraq: “Alə, bunun üçün bir “Papaq” gəlsin.”- deyərək, üzünü turşudub. Məmməd bir-iki dəfə atılıb düşdükdən sonra, kökündən çıxan ağac kimi yerə yıxılıb. “Sənə demədimmi siz ancaq “Mirzeyi “oynaya bilərsiniz. “Papaq” sizlik deyil axı”, sərfayı deyib və onu yerdən qaldırıb. – Məşədi, bağışla məni! Bir də, qələt eləyib, havamı dəyişmərəm. Beləcə, havasını dəyişən Məmməd “suyu süzülə süzülə” utancaq mağardan çıxıb. Bu söhbəti xatırlamaqda məqsədim yalnız köhnə adət-ənənələrimizi yada salmaq deyil, həm də müxtəlif sferalarda “oyun havası”nı dəyişmək istəyənlərə tövsiyəmdir. Son zamanlar Azərbaycan ictimai-siyasi mühitində havasını dəyişib, başqa havalara oynamaq istəyənlərin sayı həddən-ziyadə çoxalıb. Bir qisim insan artıq rus, bəziləri Avropa, digərləri İran, Amerika… havalarına qol götürüb, sındırır. Bu havalara oynamaq istəyənlər isə, növbədədirlər – “sərfayıların” icazələrini gözləyirlər. Özləri bilərlər, öz işləridir. Sadəcə, onlara tövsiyəm budur ki, hərdən bir neçə il bundan əvvəl ərəblərin öz havalarını dəyişib, “Amerika – Avropa” havasını oynamalarını yadlarına salsınlar. Hələ də oynayırlar, Məmməd kimi, yıxıla-dura. Müsəlmanlar Misirdə , Liviyada, Suriyada indi də atəş səsləri altında rəqslərini davam etdirirlər. Heç uzağa getməyək: Elə, götürək Ukraynanı. Qışda, 40 dərəcə şaxtada Kliçko onlara necə də Avropa havası oynadırdı?! Axırı nə oldu? Krımı şabaş verdilər, getdi Rusiyaya. Hələ də oyun davam eləyir. Hanı kliçkolar, nəbilim kimlər, kimlər? Üstəlik, meydanlarda qan tökülməkdədir. Elə bilirsiz ki, Amerika, Avropa Ukraynaya görə Rusiya ilə müharibə edəcək?! Yox! Əslində, Rusiyaya qarşı sanksiyalar, elə, onların özünə də ziyandır. Gəlin öz havalarımızı oynayaq. Xarici havaları oynayanda ehtiyatlı olmaq lazımdır. Axı, qol- qanadlarımız bu havalara uyğunlaşmır. Bizim öz havalarımıza nə olub ki?!. Məsələn, bizim “Cəngi”miz var, “Yallı”mız var… İndiki məqamda, heç inanmıram ki, onları da oynaya bilək. Əgər belədirsə, gəlin heç olmasa 93-dən bəri oynadığımız havanı oynayaq – “Uzundərə”ni deyirəm. Belə baxanda, “Uzundərə”oynamaq, özgə havasına oynamaqdan daha yaxşıdır! Milli liderimiz kimi!..
araz.az xəbər portalı.