Məlum olduğu kimi, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması həyata keçirləcək.
Elm və Təhsil Nazirliyi hələ ki imtahanların dəqiq vaxtını elan etməyib.
Eyni zamanda bu il sertifikasiyaya cəlb olunacaq müəllimlər barədə yekun statistika da hələ məlum deyil.
Nazirlik bəyan edib ki, sertifikasiyaya cəlb olunacaq müəllimlərin sayı təhsilverənlərin qeydiyyat prosesi yekunlaşdıqdan açıqlanacaq.
Hazırda sosial şəbəkələrdə qızğın müzakirə mövzusu olan sertifikatlaşdırmaya dair müxtəlif suallar ünvanlanır. Belə suallardan biri də ötən il keçirilmiş sertifikasiya imtahanlarının test və müsahibə mərhələsindən neçə müəllimin keçə bilməməsilə bağlıdır.
araz.az-ın əldə etdiyi məlumata görə, AzEdu.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasıdır.
“İlk dəfə 2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11 665 nəfərdən 11 211-i imtahanda iştirak edib və onlardan 8 843-ü keçid balını toplayıb.
Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə edilib”, – Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.
Beləliklə, rəsmi rəqəmlər əsasında ötən il sertifikasiyanın test və müsahibə mərələsindən kəsilən müəllimlərin sayını dəqiqləşdirmək mümkün olub. Yəni, 2022-ci ildə təşkil olunan sertifikatlaşdırılması prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmayıb.
İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmiç hesab olunub.
Ümumilikdə ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilib.
Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.