Azərbaycanda son illər aqrar sektora göstərilən dövlət dəstəyi sayəsində, şirkətlər öz istehsal həcmlərini getdikcə artırır, yeni investisiya layihələri həyata keçirə bilirlər.

Dövlət dəstəyindən faydalanaraq, yeni investisiya layihələri həyata keçirən sahibkarlardan biri də, “Azərşəkər” MMC İdarə Heyətinin sədri, İqtisadiyyat Nazirliyinin təsis etdiyi “Dayaq mükafatı”nın “Uğurlu fermer” nominasiyası üzrə qalibi Anar Mehdiyevdir.

“Vergilər” qəzetinin həmsöhbəti olan Anar Mehdiyevin maraqlı açıqlamalarını, araz.az xəbər portalı da, öz dəyərli oxucularının diqqətinə çatdırır:

“Qabaqcıl texnologiyaları ölkəmizə gətirmək üçün daim araşdırmalar aparırıq”

2017-ci ildən fəaliyyət göstərən “Azərşəkər” MMC-nin əsas məqsədi ölkənin müxtəlif bölgələrində əkinçilik təsərrüfatları yaradaraq dövlətin ərzaq təhlükəsizliyi və iqtisadi ehtiyaclarının ödənilməsinə töhfə verməkdir. Şirkətin yetişdirdiyi məhsullar isə buğda, arpa, şəkər çuğunduru, soya və qarğıdalıdır. 400 nəfərdən çox işçisi olan şirkət Yevlax, Şəmkir, Ağcabədi, Füzuli rayonlarında, eləcə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir.

A.Mehdiyev bildirib ki, müasir suvarma sistemlərinin tətbiqi ilə ümumilikdə 5 min hektardan çox ərazidə əkin işləri aparırlar: “Qeyd etmək istərdim ki, fəaliyyətimizin bir hissəsini müştərək müəssisələrimiz icra edir. Məsələn, Türkiyənin “Agrobay Seracılık” şirkəti ilə qurduğumuz müştərək müəssisə – “Dastan Agro” heyvandarlıq və əkinçilik aqroparkıdır. Müəssisənin adı da təsadüfi seçilməyib, Azərbaycan-Türkiyə qardaşlığını özündə ehtiva edir. “Dastan Agro” Yevlax rayonunda yerləşir və 500 hektar ərazidə əkinçilik işlərini müasir suvarma ilə yerinə yetirir. Hazırda əlavə 500 hektar sahədə də yeni suvarma sistemləri qurulur. Əkinçiliyin elmi əsaslarla icrası üçün müasir tələblərə cavab verən “Agrolab” kənd təsərrüfatı laboratoriyası qurmuşuq. Bizim təsərrüfatlarımızla yanaşı, digər fermer təsərrüfatları da “Agrolab”a müraciət edirlər. Laboratoriya ölkəmizin ən qabaqcıl kənd təsərrüfatı şirkətlərinə xidmətlər göstərir”.

A.Mehdiyev bildirib ki, şirkətin əsas hədəfləri dayanıqlı, sosial məsuliyyətli və gəlirli fəaliyyətdir: “Şirkətimizə etibar edilmiş torpaq və su resurslarından mümkün olan qədər ən effektiv formada istifadə etməyin məsuliyyətini anlayırıq. Ona görə də investisiya qoyan zaman suya qənaət edən, əkinçilik fəaliyyətinə daha yüksək səviyyədə şərait yaradan texnologiyalara üstünlük veririk. Ölkəmiz üçün yeni “Strip till” texnologiyasının tətbiqinə başlamışıq. Bu texnologiya ilə taxıl sahələrimizdə daha az su istifadə olunur, əkin əməliyyatlarının sayı isə 3-dən 1-ə endirilib. Nəticədə torpağın eroziyasının qarşısını alınıb və xərclər azalıb. Kənd təsərrüfatı fəaliyyəti zamanı ətraf mühitə bəzi mənfi təsirlər olur. Son araşdırmalara görə, ətraf mühitə ən çox karbon-dioksid yayan fəaliyyət növlərindən biri şum işləridir: şum işləri torpaqdakı karbonun atmosferə çıxıb karbon-dioksidə çevrilməsinə səbəb olur. Bunun nəticəsində şum işləri həm atmosferə ziyan vurur, həm də torpağı aşındırır. Hazırda tətbiq etdiyimiz “Strip till” texnologiyası ilə, demək olar ki, şum işləri aparılmır.

Bundan əlavə, mobil və ya hibrid adlandırılan suvarma sistemlərini təcrübədən keçiririk. Bu texnologiya su resurslarımıza 30-40 faiz qənaət etməyə imkan verir. Bu cür qabaqcıl texnologiyaları ölkəmizə gətirməklə bağlı daim araşdırmalar aparırıq. Çünki bu, son nəticədə fəaliyyətimizin effektivliyinin artmasına, maliyyə və təbii resurslarımızdan daha qənaətlə istifadəyə imkan yaradır. Bu ildən ərazilərin dronla dərmanlanmasına başlayacağıq. Bununla da bir çox problemlərimiz həllini tapacaq. İrəlidə bizi daha böyük layihələr və yeniliklər gözləyir”.

A.Mehdiyev qeyd edib ki, becərdikləri məhsullar, əsasən, daxili bazarda satılır, artıq məhsul isə ixrac edilir. Onun sözlərinə görə, 2022-ci ildə Ağdam rayonunda becərdikləri nar məhsullarını Rusiya, Kanada, Sinqapura ixrac ediblər. Gələcəkdə ixracın həcmini artırmağı nəzərdə tutduqları üçün tələb olunan zəruri aqrotexniki tədbirlərə diqqət yönəldirlər: “Bunlardan əlavə, Füzuli rayonundakı badam bağlarımızın geniş ixrac imkanları var. Yəqin ki, bazarda böyük tələb olan bu məhsulun xarici bazarlara ixracına nail olacağıq. Becərdiyimiz dənli, paxlalı bitkiləri emal edib onlara əlavə dəyər qazandırmaqla ixrac etmək istəyirik. Hazırda bu istiqamətdə investisiya layihəsi üzərində işləyirik”.

“Azərbaycan iqtisadiyyatına 68 milyon manata yaxın sərmayə yatırmışıq”

A.Mehdiyev əlavə edib ki, şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 68 milyon manata yaxın sərmayə yatırıb. Qoyulan investisiyalar yeni iş yerlərinin, o cümlədən əkinçilik məktəblərinin açılmasına şərait yaradır: “Biz təsərrüfatlara cavan, kənd təsərrüfatı sahəsində çalışmaq istəyən şəxsləri cəlb edirik. Kadr resurslarının inkişafı üçün Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edirik. Bunu şirkətimizin korporativ sosial məsuliyyətinin bir hissəsi sayırıq”.

Sahibkar deyib ki, fəaliyyət planlarında istehsalın genişləndirilməsi xüsusi önəm kəsb edir. Yeni təsərrüfatlar yaratmaq, müasir texnologiyaları tətbiq etməklə buna nail olmağa çalışırlar: “Elmi yanaşma tətbiq edir, torpağı münbitləşdirmək üçün gərəkli addımlar atırıq. Qürurla deyə bilərik ki, ölkəmizdə kənd təsərrüfatının uğur hekayələrindən birinə də biz imza atmışıq. Yevlax və Ceyrançölün münbitliyi qənaətbəxş olmayan ərazilərindəki torpaqlarda yeni üsullarla münbitliyin artırılmasına nail olmuşuq. Gələcəkdə Hacıqabul, İmişli, Şəmkir, Ağcabədi rayonlarında investisiyalarımızı artıracaq, səmərəliliyin artırılması yönündə fəaliyyətimizi fasiləsiz davam etdirəcəyik”.

“Zavodun fəaliyyətə başlaması ilə illik 15 milyon manatlıq idxalın əvəzlənməsinə nail olacağıq”

A.Mehdiyev əlavə edib ki, əsas hədəflərindən biri ixrac yönümlü məhsul becərməkdir. Bu istiqamətdə artıq ilk böyük addım atılıb. 2019-cu ildə “Carlsberg Azərbaycan” şirkəti ilə birlikdə pivəlik arpa becərilməsi üzərində işə başlanılıb: “İlk testlər uğurlu oldu və hazırda ölkəmizdə pivə istehsalı üçün gərəkli keyfiyyətə malik arpa istehsal edən şirkətlərdən biriyik. Artıq 3 ildir ki, ölkəmizə pivəlik arpa idxalı dayanıb. Qürurla deyə bilərik ki, biz buna Ceyrançöl ərazisindəki qeyri-münbit torpaq sahələrimizdə yetişdirdiyimiz arpa hesabına nail olmuşuq. Cari ildən bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirərək “Azərsun” şirkəti ilə birlikdə İmişli rayonunda “Pivəlik arpa emalı zavodu” layihəsinə başlayırıq. Layihəyə Azərbaycan İnvestisiya Şirkəti də öz dəstəyini göstərir”.

Sahibkarın sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatının yeni bir inkişaf mərhələsindən xəbər verən bu zavodun fəaliyyətə başlaması ilə ildə 15 milyon manatlıq idxalın əvəzlənməsinə nail olunacaq: “Bu zavod Cənubi Qafqazda pivəlik arpa və ondan səməni istehsal edən ilk müəssisə olacaq. Bu bizə qürur verir”.

“Dövlətin dəstəyi bizim üzərimizə böyük bir məsuliyyət qoyur”

Azərbaycanda sahibkarlığın inkişafı üçün dövlətin dəstəyinin çox yüksək səviyyədə olduğunu vurğulayan A.Mehdiyev deyib: “Çox sevinirik ki, Prezident İlham Əliyev özü bu dəstəyin təşəbbüskarıdır. Onun göstərişi ilə bütün nazirliklərə və müvafiq qurumlara tapşırıqlar verilib. Bizim sahəyə olan dəstək isə xüsusilə yüksək səviyyədədir. Təbii ki, dövlətin dəstəyi bizim də üzərimizə böyük məsuliyyət qoyur. Bu dəstək bizə komfort zona yaratmamalıdır, əksinə, bizi dövlətin dəstəyinin qarşılığını verməyə sövq etməlidir. Sevinirik ki, bu istiqamətdə uğurlarımız var. İndiyə qədər həm suvarma texnologiyaları, həm əkinçilik texnologiyalarının tətbiqi, həm də gübrə alışı üçün müvafiq dəstəklərdən yararlanmışıq. Bu sahədə artıq 6 ildir fəaliyyət göstərən bir sahibkar kimi deyə bilərəm ki, hər bir şirkət dövlət tərəfindən göstərilən dəstəyin qarşılığını ən yüksək səviyyədə nümayiş etdirməyə borcludur”.

A.Mehdiyev hesab edir ki, bundan ötrü sahibkarlar perspektiv vəd edən layihələrin icrasına təşəbbüs göstərməlidirlər. Şirkətlər fəaliyyətlərini keçmiş əkinçilik ənənələri ilə deyil, elmi əsası olan və tədqiqatlar nəticəsində ortaya çıxmış müasir təsərrüfatçılıq prinsipləri əsasında qurmalıdırlar: “Biz bunun üçün şirkətimizdə Araşdırma və inkişaf departamenti yaratmışıq. Departamentin strukturuna daxil olan “Agrolab” laboratoriyası Azərbaycanda torpaqların hansı səviyyədə olmasının analizini aparır və onun xəritəsini tərtib edir, bitkilərin vegetasiya dövründə sağlamlığının təmin olunması üçün gərəkli addımları müəyyənləşdirir. Dövlətin bu sahəyə ayırdığı vəsait iqtisadiyyatımıza layiqli töhfələr verməlidir. Bu baxımdan “Azərşəkər”in geniş hədəfləri var. Bu gün əldə etdiyimiz nəticələri İsrailin və bu sahədə irəli getmiş ölkələrin nəticələri ilə müqayisə edirik”.

Kənd təsərrüfatında yüksək nəticələrə nail ola bildikləri üçün “Uğurlu fermer” nominasiyası üzrə “Dayaq mükafatı”na layiq görüldüklərini xatırladan sahibkar vurğulayıb ki, ən sevindirici hal əkinçilik fəaliyyətlərində digər şirkətlərə yardımçı ola bilmələridir: “Bütün qabaqcıl şirkətlər kimi bizim də uğurumuzda iqtisadi fəaliyyət üçün yaradılmış münbit şəraitin mühüm rolu var. Buna görə ölkə rəhbərliyinə təşəkkür edirik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.