qarabag foto uz

Elman Məmmədov: “Minsk qrupu nəinki başqa formatla əvəzlənə bilər, hətta əvəzlənməlidir” Akif Nağı: “3 həmsədrlik institutu ləğv olunmalı və ATƏT-in Minsk qrupunun 11 dövlətdən ibarət heyəti iclas çağıraraq, yeni vasitəçiləri seçməlidir”

Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edilən vasitələr beynəlxalq münasibətlərin bugünkü aktual durumuna cavab vermir. Bunu Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanüel Düpüy bildirib. O qeyd edib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi məsələsinin gündəmə gəlməsi heç də yeni hadisə deyil. Bu günə qədər həm Azərbyacan daxilində, həm də xaricdə bir çox siyasilər və mütəxəssislər Minsk qrupunun üzərinə götürdüyü vəzifənin öhdəsindən gələ bilmədiyini əsas götürərək, onun fəaliyyətinin dayandırılması, yaxud da həmsədrlərin digərlərilə əvəzlənməsi, habelə münaqişənin həllinin başqa formata həvalə edilməsi kimi məsələləri gündəmə gətiriblər. Minsk qrupu isə sözün həqiqi mənasında yarandığı andan bu günə qədər konfliktin həlli istiqamətində real addımlar atmayıb.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Minsk qrupu nəinki başqa formatla əvəzlənə bilər, hətta əvəzlənməlidir: “ATƏT-in Minsk qrupu formatı özünün bütün etimad və etibarını çoxdan itirib. Bu qrum əslində öz yarıtmaz fəaliyyətilə tanınıb. Ötən illər ərzində münaqişənin həll olunması üçün Minsk qrupu nəsə edibsə, bu da sıfıra bərabərdir. Əksinə, 3 həmsədr dövlət hər vəchlə çalışıb ki, status-kvo vəziyyəti qorunub saxlanılsın. Ermənilər nə cür istəyibsə, həmsədrlər də o cür hərəkət edib. Nəticədə düşmən ölkə istədiyinə nail olub, status-kvonu bu günə qədər qoruyub saxlayıb, Azərbaycan torpaqları işğal altında qalıb. Bu da Minsk qrupunun Qarabağ münaqişəsinin həllinə verdiyi “töhfə”dir.

Sanki pərdəarxası onlara tapşırılıb ki, həmsədrlər münaqişənin həlli üçün deyil, əksinə həll prosesini ləngitmək, maneə yaratmaq üçün çalışsınlar. Bu günə qədər də istədiklərinə nail olublar. ATƏT-in Minsk qrupu təkcə 3 həmsədr ölkədən ibarət deyil. Bu 3 dövlət tarixən özlərinin ermənipərəstliyilə fərqlənib. Düzdür, Azərbaycan Rusiya ilə dostdur, qonşudur, əməkdaşlıq edir. Ancaq Rusiyanın ermənilərin tarixində oynadığı rola nəzər salsaq, məlum olur ki, çar dövründən erməniləri ordan-burdan yığıb gətirib azərbaycanlıların tarixi torpaqlarında dövlətlərini yaradanlar da məhz şimal ölkəsidir. Sovet dönəmində erməniləri qoruyub saxlayan, torpaqlarımızı indi işğal edib düşmən ölkəyə bağışlayan da Rusiyadır. Bu, bir həqiqət və ortalıqda olan faktdır. ATƏT-in Minsk qrupunun digər üzvləri də var. Həmsədrlik postunda onlardan da istifadə edilməlidir. Yaxud da münaqişənin həlli prosesi ATƏT-dən daha nüfuzlu, daha geniş səlahiyyətə, imkana malik BMT-nin Təhlükəsizlik Şurasına verilməlidir. Minsk qrupu isə bu illər ərzində münaqişənin zəririnə işləyib. Onların yarıtmaz fəaliyyəti hələ də torpaqlarımızın işğal altında qalmasına səbəb olub. Status-kvonun saxlanılması da Minsk qrupunun göstərdiyi “ayı xidməti”nin nəticəsidir. Ona görə də çoxdan Minsk qrupundan imtina etməliydik”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da Minsk qrupunun fəaliyyətinə xitam verilməsinin tərəfdarıdır: “İllərdir davamlı şəkildə tələb edirik ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dayandırılmalıdır. Xüsusən də onun həmsədrlərinin fəaliyyəti dayandırılmalıdır. Çünki həmsədrlər dünyada ancaq öz maraqlarını güdən və uzlaşdıran dövlətlərdən ibarətdir. Bu mənada da onlar Qarabağ məsələsinin həllinə yox, haradasa öz maraqlarına uyğun mövqe tutmağa çalışırlar. Ona görə də problem həll olunmur.

Həm həll olunmadığına, həm də həmsədrlərin qeyri-obyektivliyinə görə hesab edirik ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Hazırkı həmsədrlərin fəaliyyəyi dayandırılmalı, ya da yeni bir format olmalıdır. Konflikt bir müsəlman və bir xristian dövləti arasında yaranan bir münaqişədir. Münaqişəni çözmək istəyirlərsə, onun həllinin 3 xristian dövlətinə həvalə edilməsi obyektivliyi şübhə altına alır. Yeni format düşünürlərsə, ən azından bu məsələdə paritetlik təmin olunmalıdır. Həmsədrlər içərisində 3 müsəlman dövləti də olmalıdır. Minsk qrupu isə bu illər ərzində fəaliyyət göstərməyən ölü qurum olduğunu nümayiş etdirib. Bu səbəbdən 3 həmsədrlik institutu ləğv olunmalıdır. Ya da ATƏT-in Minsk qrupunun 11 dövlətdən ibarət heyəti iclas çağıraraq, yeni vasitəçiləri seçməlidirlər”.

Rüfət NADİROĞLU.

araz.az xəbər portalı.