6A55188D 57DD 4410 BFCD 5AD6D54B8C38
   
Elmira KƏNAN

     
          Başını itirmisdi.
          Ayıldı birdən. 
          Hər şeyi, ələlxüsus, o əziz körpəsini yanında xatırlamağa çalışdı. 
          Nə edəydi, bicarə Ana?!
          Hər an əzizlədiyi O körpəsini bu yataqdaca oxşayıb, başına sığal çəkirdi. Səhərin ala-toranında işə tələsəndə belə onun qoxusunu almadan evdən çıxmırdı – işinə geciksəydi də! Çox vaxt çöl ayaqqabısında içəri keçib, balasının xoş iyini alırdı, bu füsunkar rayihədən məst olurmuş kimi işə qaçırdı. 
         Onda əziz balası vardı!
         Dəlicəsinə sevirdi Onu. Canı-qanıydı Anasının. O, Ana üçün, onun bütün varlığının, var-yoxunun, zamanının mənalı ifadəsiydi.
         Ananın səhərləri də Onunla açılır, axşam-gecələri də onunla düşürdü. Balasına xüsusi bir avazla: “Doğan Günəşim, batan Ayım!” – deyirdi. Bu deyim, sanki dilindəki bütun mahnılarının bəzəyiydi, mənası daha dərin. 
         Ana bu sevgini yaşamaq üçün illərlə  gözləmişdi. Zaman axarı məngənətək canını sıxırdı balasından ayrı düşəndə. Uzun illərdən sonra qovuşmuşdu həyat, ömür şirinliyi olan balasına.
     Ananın gözünə ailəsi də görünmürdü, ər-filan onun üçün boş şey idi. Çünki onun ata sarıdan bəxti gətirməyən balası var idı – hər an qürurunu duyduğu bu balasıyla öyünür, fəxarətlə başını dik tutub, gəzirdi. 
      Atası O balasını sevmirdi. ”Neynirəm belə övladı?!“ – deyə, ata O balasını  sevə bilmirdi. Çünki, O balanı sevmək üçün öncə onun böyük ürəyi olmalıydı, özü insanlığın mənasını anlamalıydı. Gözlərini yummalı, Böyük Allahın ona verdiyi ən gözəl payına şükür diləyib, əllərini göyə açmalı, Uca Yaradanın göndərdiyi bu ülviliyi qəbul etməliydi…
 
49FFF1E0 ECE1 4264 BB9B DB4D6BB4FA80
      Məhz bunlara görə, Ananın gözünə heç kim, heç nə görünmürdü. Bir qızı da vardı! Amma o qızın ata-anası olsa da, gözlərindən, baxışlarından kədər-qəm yağıntıları əskik olmurdu. Çünki qardaşını çox sevirdi. Bəzən qardaşının yanında uzanıb, şirin yuxuya gedirdi – bir-birlərini elə qucaqlayıb yatırdılar ki… Sanki mələklərin xoş mışıltılı yuxu anlarının şahidi olurdun.
          Ananın O balasının 14 yaşı yenicə tamam olacaqdı. “Balam hakimiyyət qurub!” – deyən Ana o günü – özü üçün Kralı sandığı balasının bu ad gününü səbirsizliklə gözləyirdi…
          …O balaya görə, bu Ananı cox qınadılar, çox ağzıgöyçəklər öyüd-nəsihət verdilər, yoldan çıxarmağa çalışdılar, amma yenə Ana dediyini dedi.
         Ana tək oldu, deyilənlərin ağına-bozuna baxmadan, heç yorulmadı da bu tənhalıqdan..
         Balasına baxmaqdan, Onun əzab-əziyyət qarışıq nazını çəkməkdən ləzzət duydu. Ona: “Lay-lay!” – deyəndə, sanki dünyalar onun oldu. 
          Məktəbə gedən uşaqları gördükcə, ürəyi parçalanmırdı. Deyirdi ki, balamın oxumaqdan gözləri ağrıyar, çantanı daşımaqdan çiyinləri əyilər. Həmişə: “Balam evdə rahatdır! – dedi…
      İşə çox tələsirdi ki, dərsini tez deyib, məktəbdən geri dönsün, gəlsin balasının yanına, onunla bir olsun. Evə tələsəndə ürəyi qanadlanırdı uçmaga – onu gözləyən balasına görə…
      Ana ümid edirdi və inanırdı ki, hər çətinliyin balası qarışıq onunçün bir xoş sonluğu olacaq, lakin… 
      … Ürəyindəki inam-istəklə özünu oda közə-vururdu, yuxusuz gecələri bir-birini əvəz edirdi, yorulsaydı  belə, onu hiss etmirdi bu məğrur Ana!     
       Qəlbinin dərinliyində balası üçün əkib-cücərtdiyi ilahi sevgisi ona hər şeyi – təkliyi, tənhalığı, həyatın amansızlığını, cəmiyyətin laqeydliyini, çəkdiyi əzab-əziyyətləri bir anda yandırıb, külə çevirirdi. Axı, balası başqalarından fərqli idi, mələk kimi idi. Heç kimi incitməmişdi, kimsənin qəlbinə dəyən acı soz deməmişdi, söyüş söyməmişdi, qonşunun pəncərəsini sındırmamışdı, kiminsə uşağının saçını dartmamışdı. Evdə belə qaçıb, hər şeyi alt üst etməmişdi. Çünki, O, nə qaça bilirdi, nə də yeriyə. Nə danışa bilirdi, nə də nəsə istəyə…
     Amma, O, gözəl bir gözəlliyi hiss edirdi. O, Ana məhəbbətini hiss edirdi. Onun Anaya olan məhəbbətini ancaq Anası duya bilirdi. Onun Anaya ehtiyacı var idi. Ana, onun üçün bir nağıl aləmi düzəltmişdi,  hər şeydən məhrum olmuş balası üçün intəhasız kainat boyda dünya qurmuşdu. Balası bu dünyanı çox sevirdi  və sevdiyi dünyadan ayrılmaq istəmirdi. 
      Ana Onun üçün həyətdə hovuz da düzəltmişdi, Ona okean bəxş eləmək istəmişdi. İlahi, çimən balasının sevincdən qopan çığırtılarını, gülüşlərini dinləmək, həyəcandan  çəpik çalan əllərini  izləmək anaya  fərəh dolu bir həyat bəxş emişdi.
       Həyat içində bir həyat yaşayırdı Ana! 
       Bala həyatla ölüm arasında çarpışırdı.
Çarpışdığı ölüm adlı bu məxluqla mələklərsayağı mübarizə aparırdı.           
     Onun 14  yaşının tamam olmağına 12-cə gün qalırdı.
     Ana Onun üçün 14 hədiyyə şarı hazırlayacaqdı, axı, bu şarlar balasının ən sevimli oyuncağı idi, bəlkə də, balası bu şarları bir dünya, planet gözündə görürdü.
      Ana bilirdi ki, balasının  muğamat səsindən xoşu gəlir. Muğamın ilahi səsi balanı da ovsunlayırdı, öz  ecazkar səsi ilə onu valeh edirdi. Bir dəfə televizoru açdı. Səkinə İsmayilova “Şüştər” oxuyurdu:
 -Qərənfil abı gərək,
Yar yarın babı gərək, 
Zərrəcə eşq olanın, 
Dərya qədər tabı gərək. 
Necə-necə ərz eləyim məğzimi yarə…
 
      Bu mahnıda deyildiyi kimi, Ana nə edəcəyini bilmədi, mugam isə, balasını öz dünyasına apardı, gözləri sevinc  dolu gülüşlə! 
      Bir günü qalmışdı… 
      Bu, Onun eşitdiyi son mahnı  oldu…
      Payızın ilk günündə, deyəsən, Ananın həyatina əsl payız ömrü yazıldı, həyətindəki solğun çiçəklər dolu, saralmış yarpaqlar məngənəsində… 
      Özüdə də, hönkürtü qarışıq, göz yaşlarına bənzər yağışlı, çiskinli, qəmlı bir payız ömrü…
      Artıq balası keçinmişdı.
      Payızın həmin solğun günündə  buludlar da bu Anaya qoşuldu, qeyri-ixtiyari, səhərətək “göz yaşlarını” saxlaya bilmədilər.
 
       Vatxilə Ananı təkləyən, qınayan, bu uşağı internat evinə verməyə Onu təhrik edən, hətta övladını iynə vurdutdurub, öldürtməyi məsləhət görən qohum- əqrəbaları, yaxınları indi Ananın yanında idilər – ağsaqqal-ağbirçək məsləhətləri ilə,  Anaya “təsəlli” verə-verə, tələm-tələsik balasını ondan ayırıb, özlərinin  “Məzarıstan sarayı“na aparmaq üçün! 
         Ana bu sarsıntılı ölümün təsirindən ayıla bilmirdi. Aradan saatlar keçsə də, balası artıq qara torpaq aguşunda uyusa da! Bilmirdi, ətrafındakı o daş ürəkli insanları qınasın, yoxsa torpağı, yoxsa Ulu Tanrıya  üsyan etsin…
         …Sanki balası yenə yanında idi, saçını oxşayırdı. Etibar etdiyi bir həkim də “Təcili yardim”la  vaxtında gəlməmişdi…
          Bu onun xəyalları olsa da, reallıqda da, “Təcili yardım”lar həmişə onun çağırışlarına gec gəlmişdi. Axırıncı çağırışına da, vaxtında gəlib, nəsə etsəydilər, balası, heç olmasa, üç gün yaşaya bilərdi!  – “təcili yardım”da gec gələnlərin özlərinin dediyi kimi. Amma balasıyla keçirəcəyi bu 3 gün, Ana üçün, 3 il uzunluğunda olacaqdı, təəssüf bunu da ona çox gördülər.
         Bu 14 ildə onların evinə tez-tez gəlmiş həmin “Təcili yardım”lar amansız ölümə dəstək olan şeytanlara bənzəyirdilər.
         Onların ələ baxan gözlərini, bumbuz simaları ilə dediklərini xüsusi bir acıliqla xatırlamamaq da olmur: ”Neyləyək, xəstə uşaqdır da! Bunun axırı yoxdur!”. Bu sözlərdən doğan laqeydlik indiyədək Ananı yandırıb-yaxır, sanki ürəyinə vurulan bir bıçaq zərbəsinin dəhsətli ağrısı kimi Onu yerində qovruldur. 
          Artıq hər şey, adı bir təsəlli belə, onun üçün gecdir…
          Axı, Onun yaşadığı cəmiyyətdə bütün insanlıq da ölü kimidir

araz.az xəbər portalı.