Əbil HƏSƏN
Təsəvvür etməzdi ki, bir gün gətirdiyi “bomba” partlayıb, öz ailəsini dağıdacaq. Aygünün mehriban ailəsi və üç övladı var idi – ikisi oğlan, biri qız. Əri də ailəsinə bağlıydı. Çətinliklə də olsa, maksimum çalışıb, işləməklə arvad-uşağını dolandıra bilirdı. Elə də pis yaşamırdılar. Aygünün əri çalışırdı ki, ailəsinin gözü kiminsə əlində-əynində qalmasın.
Aygün qəsəbədə bir çoxlarından daha yaxşı geyinirdi. Əri kimi, o da ailəsinə və övladlarına bağlıydı.
Günlərin bir günü əri evə əlində bir bağlama ilə gəldi: ” – Bu nədir?” – deyə, arvad ərini sorğu-suala tutdu. Kişi cavabını gülə-gülə verdi:
– Bombadır!
Bağlamadakı cihazı açıb, işə salandan sonra dedi ki, “Notbuk”dur, ən son model:
– Özü də, yapon istehsalıdır, istədim sənin ad gününə hədiyyə edim. Bununla dünyanın hər yerində olan hadisələrdən xəbər tutmaq olur. Kiminlə istəsən əlaqə yaratmaq mümkündür”.
Aygün sevincdən nə edəcəyini bilmədi, ərinə təşəkkürünü bildirdi. Əri “Notbuk”dan istifadə qaydalarını da ona başa saldı.
Günlər ötdükcə, Aygün daha çox “Noutbuk”dan asılı qalırdı. Zaman, vaxt belə onun üçün heç nəyə çevrilmişdi. Ailə, ev-esik işlərini tamamilə unudurdu. Səbəb də bu idi ki, artıq kompüterdən əməlli-başlı istifadə edirdi. Sosial şəbəkələrdə də özünə çoxlu dostlar tapmışdı.
Dostlardan biri zamanla “sevgiliyə” dönmüşdü. “Sevgilisi”ilə saatlarla yazışır, bir-birilərinə daha da isinişirdilər. Bu münasibət dərinləşdikcə, Aygün getdikcə ərindən, uşaqlarından da soyuyurdu. İş o yerə çatmışdı ki, artıq yuxuda da sayıqlayaraq, onu – kompüter sevgilisini çağırırdı. Hətta, əri də bir neçə dəfə bunu eşitmişdi. Lakin buna elə də əhəmiyyət verməyərək, dərinə getməmişdi.
Bir gün özündən qeyri-ixtiyari Aygün ərini qucaqlayıb: “Natiq, səni çox sevirəm!” – dedi və onu bağrına basmaq istədi. Bir-neçə saniyəlik sükutdan sonra, o, səhv etdiyini anladı. Üz-gözünə qonan həyacan da bunu göstərirdi.
Əri yaman tutuldu. Artıq gec idi, “bomba” partlamışdı. Əri bir söz demədən evdən getdi. O gündən evə gec gəlməyə başladı. Gələndə də, yemək yemir, yatır, səhər tezdən durub, işinin dalınca gedirdi.Sonra isə, hərdən bir gəlirdi. Ailəsindən, uşaqlarından soyumuşdu.
Bir gün əri evə gələrək dedi:
— Mən artıq qərara gəlmişəm. Boşanmaq haqda ərizə vermişəm!”.
Aygün isə: “Axı, nəyə görə? Mən sənə neynəmişəm ki? Bir Allah bilir ki, mən sənə xəyanət etməmişəm. Sənin adını həmişə uca tutmuşam,” – deyib, boğula- boğula ağlamaga başladı”.
— Bilirəm, amma sənin vücudun mənim, ruhun isə, başqasının olub, artıq dözə bilmirəm. Sən məni alçaltdın. Belə yaşamaqdan bezmişəm! — deyib, Aygünün əri evindən getdi və bir daha da geri qayıtmadı…
araz.az xəbər portalı.