BDM rəhbəri İsmayıl Ağayev deyir ki, Ramiz Mehdiyev — Əli Həsənov cütlüyü Prezident Adminstrasiyasında tüğyan edərkən, onlardan kimsə cürət edib, deyə bilməzdi ki, qərbi azərbaycanlıların ya lideri, ya da ağsaqqalıdır
“Administrasiyada lap yüksək səlahiyyətli yüksək vəzifələr tutmuş həmin cütlük, hətta qərbi azərbaycanlıların pozulan hüquqlarıyla bağlı qınaq xarakterli söz dediyimizə görə, vaxtilə, məni və yaxın ətrafımı təhdid edərək, bizə həbslə hədə-qorxu da gəlirdilər!” — İSMAYIL AĞAYEV
“Çox hörmətli Azay müəllim (Milli Məclisin, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev nəzərdə tutulur — red.) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindəki Müşahidə Şurasının üzvləri!
“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair, bu ilin fevral ayının 10-da elan etdiyiniz qrant müsabiqəsinin bu yaxınlarda açıqlanan siyahısında Beynəlxalq Diaspor Mərkəzinin adını görməmək, məni təşkilatın sədri, bir hüquqşünas kimi olduqca təəccübləndirərək, hədsiz dərəcədə hiddətləndirdi. Çünki rəhbəri olduğum bu qurumun xəttiylə, həyatımın şüurlu dövrünü, doğma-yaxınlarımla və çevrəmdəki digər vətənpərvərlərlə birlikdə, çoxlarının qaçıb gizləndikləri dönəmlərdə didərginlər batolyonu yaradaraq, doğma Azərbaycan torpaqlarında erməni işğalçılarına qarşı nəinki siyasi yollarla, eləcə də əldə silah mübarizə aparmışıq. Çətin olsa da, ötüb keçən ömrümüzü müstəqil Azərbaycan dövlətinin qurulması və yaradılması proseslərində yaxından iştiraka həsr etdiyimizdən daim qürur duymuşuq. Ulu Öndər Heydər Əliyevin çağırışı ilə, Vətən sərhədlərinin qorunması uğrunda Goranboyda gedən erməni hərbi birləşmələri ilə amansız savaşlarda iştirak etməyimiz də, bu gün bizə qol-qanad verən əsas stimullardan biridir və bu, daim belə də olacaq.
Bir sözlə, Vətən naminə nəsə yeni bir önəmli iş görmək üçün çalışmışıq həmişə. Məhz bu istək və arzularla da, 2005 — 2006-cı illərdə, qeyri-hökumət təşkilatı kimi, Beynəlxalq Diaspor Mərkəzini təsis edərək, Milli QHT Forumunun nəzdindən çıxarıb, beynəlxalq diaspor qurumu səviyyəsində dünya ölkələrində tanıtmaq naminə işlərimizi qurmuşuq. Qurumu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək, əsas fəaliyyətimizi azərbaycançılıq məfkurəsinin qorunması, dünya azərbaycanlılarının beynəlxalq səviyyədə rolunun artırılması, o cümlədən erməni vandalizminə qarşı ciddi mübarizə işlərinə yönəltmişik. Erməni daşnaklarının tarixi Azərbaycan torpaqlarında təmizləmə siyasətinə qarşı əlimizdən gələni etmişik. Erməni vandalizminin iç üzünün və bəd əməllərinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı, nəinki qardaş Türkiyə Cümhuriyyətində, eləcə də ayrı-ayrı Avropa dövlətlərində mübarizələrə qatılmaq bizi heç vaxt yormayıb da. Ötən illər ərzində, baxmayaraq ki, rəhbəri olduğum qurum dövlət qeydiyyatından keçib, hətta beynəlxalq səviyyədə rəsmən qeydiyyata alınan bir təşkilatdır, apardığımız mübarizəni daha çox öz şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. Az da olsa, dövlət xətti ilə bizə, qrant layihələrdə iştirakımıza maddi cəhətdən şərait yaradılıb. Ancaq apardığımız mübarizələr üçün, bizə ayrılan və xərclədiyimiz pullar arasında böyük fərqlər görünüb həmişə.
Yeri gəlmişkən deyim ki, çevrəmizdə olan iş adamları, dostlarımız, o cümlədən Qərbi Azərbaycandan olan dəyərli həmyerlilərimizlə bərabər, öncədən qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün, heç nəyimizi əsirgəməmiş, əlimizdən gələnləri yüksək məqsədli mübarizələrə qoymaqdan rahatlıq tapmışıq. Baxmayaraq ki, Qərbi Azərbaycanla bağlı aparılan mübarizələrdə hər zaman böyük maneələr yaradılıb qarşımızda. Həmin maneləri yaradanların başları üstündə duranlar hər kəsə məlumdur. Konkret desək, açıq şəkildə Ramiz Mehdiyev — Əli Həsənov cütlüyü bizə dəhşətli dərəcədə sıxıntılar yaşadıb, mübarizəmizə maneə olmaq, mübarizlərimizi sıradan çıxarmaq üçün, əllərindən gələni əsirgəməyiblər. Bütün bunlar bir daha sübut edib ki, bu cütlüyün törətdiyi iyrənclik dolu belə bəd əməllərin, bütün qanunsuz hərəkətlərin qayəsi dövlətçiliyə qarşı sabotajdır və həmişə, bunlar, dövlətə qarşı dərin xəyanət təsiri bağışlayıb. Lakin onların belə əməllərinə qarşı qatı etirazda olanların sayı çox az olub. Onlar da, mənim və mənim çevrəmdəkilər kimi, bu cütlüyün təhdidlərinə, hədə-qorxularına məruz qalıblar. İndi isə, çoxları bu cütlüyün belə bəd əməlləri barədə ölkə mediasına açıqlamalar verə bilirlər. Axı, indi buna nə var ki!.. Bir də ki, hətta, Rusiyaya bağlı hesab edilən yerli media qurumları, eləcə də Avropa və ABŞ mətbuatı belə, vaxtaşırı, onların vurulmasına hesablanan yazılarla çıxış edirlər.
Ramiz Mehdiyev — Əli Həsənov cütlüyünün, onların ətrafında toplanan yüksək səlahiyyət sahiblərinin bizə qarşı aqressivlik nümayişləri pik həddə olanda belə, bunlara baxmayaraq, biz hər zaman nikbin olmuşuq və düşünmüşük ki, vaxt gələcək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttə qarşı olan antimilli xarakterli yüksək səlahiyyət sahibləri, cənab İlham Əliyev tərəfindən öz yerlərində otuzdurulacaqlar. Beləcə, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana — Dərləyəz, Göyçə, Zəngəzur, Pəmbək… mahallarına qayıtmaq şansı da əldə edəcəyik. Uca Yaradana min şükürlər olsun ki, artıq, bu istiqamətdə müəyyən parlaq işartılar da görünməkdədir. Bu gün biz Qarabağın bütövlüyündən danışırıq, biz bu gün Laçında, Gorusda və Zəngəzurdayıq. Zəngəzur dəhlizinin Böyük Türk Dünyası ilə birləşdirilməsi işləri uğurla aparılır, yeni yollar çəkilir. Bütün bunlar isə, bizə, sonsuz fərəh hissləri bəxş edir.
Biz, artıq, Qarabağ Müharibəsindəki möhtəşəm Qələbənin ildönümlərini qeyd edirik. Möhtərəm Prezidentin dediyi kimi, qabaqcadan aparılan düşünülmüş fundamental planlı hərtərəfli işlər müqabilində, bir gün gələcək, hətta itirilmiş dədə-baba torpaqlarımıza qayıtmaq, isti od-ocağımız başında illərin üst-üstə qalanmış olmazın həsrət yorğunluğunu çıxarmaqla, rahat yaşamaq da nəsibimiz olacaq. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, bu və bu kimi istiqamətlərdə də, Ana Vətən və Doğma Torpaq sevgiləri, təəssübkeşlik hissləri, cəsarət, qeyrət və mərdlikləri ilə daha çox fərqlənən çoxsaylı cəsur üzvləriylə birlikdə, Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyət planlarını, həmişə, daha zəngin qurmuş, heç vaxt bundan, bir dəfə də olsa: “Yorulduq!” — deməmişik. Bunun axıradək belə olacağı da, şübhəsizdir və öz təsdiqini qabaqcadan, Mərkəzin görülən uğur dolu ürəkaçan, alqışalayiq hərtərəfli işləri müqabilində çoxdan tapıb. Hələ onu demədim ki, Avropa nümayəndəliyimizlə, o cümlədən Türkiyədə fəaliyyət göstərən təşkilatlarımızla, ardıcıl olaraq, bu kimi mübarizələrdə daim ön sıralarda olmuşuq. Keçirdiyimiz beynəlxalq səviyyəli tədbirlər də onu göstərir ki, biz, heç zaman çətin mübarizələrdən belə kənarda qalmamış, daim öndə olmuşuq. Bunun, sonadək, elə, belə olaraq davam edəcəyi də şübhəsizdir — buna, siz də, tam əmin olun!
Çox təəssüflər ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindəki Müşahidə Şurası son qrant layihəsini elan edərkən, Beynəlxalq Diaspor Mərkəzini siyahıdan kənarda qoyub. Şura tərəfindən başqa təşkilatlara nə qədər vəsait ayrılması bizim üçün maraqlı deyil. Çünki mənimlə bərabər, bütün Mərkəz üzvləri də, öz problemlərimiz barədə danışmağa üstünlük vermişik həmişə. Elə, buna görədir ki, bir daha ortada belə suallarımız yaranıb: “Başda olanlardan hansı biri, Qərbi Azərbaycanla bağlı, doğma Vətənin ərazi bütövlüyünün qorunması, Qarabağda gedən amansız mübarizələrdə, milli mənafe və maraqlar naminə aparılan böyük işlərdə, şəxsən, qurumumuza rəhbərlik edən mənim özümdən — İsmayıl Bəşir oğlu Ağayevdən artıq xeyirli işlər görüb?! Hansı biri malını, varını, bütün imkanlarını bu yolda ümidverən planlar əsasında sərf edib?! Hansı əsasla, Beynəlxalq Diaspor Mərkəzini Qərbi Azərbaycanla bağlı olan qrant layihələrindən kənarda qoymusunuz?! Bunu necə, hansı kriteriyalara uyğun ölçüb-biçmisiniz, meyarı nədir?!”.
Elə, bu suallar fonunda onu da bildirmək istəyirəm ki, hazırda yeganə təşkilat olaraq, Beynəlxalq Diaspor Mərkəzinin Avropa nümayəndəliyi öz ofisində, çətinliklərdən sarsılmaz canlı qüvvəylə yüksək səviyyədə fəaliyyət göstərir. Bu günə qədər həyata keçirdiyimiz layihələrin əksəriyyətində isə, Qərbi Azərbaycanla bağlı ciddi məsələlərə daim önəm verilib. Yeganə təşkilatıq ki, indiyə kimi, qərbi azərbaycanlılara dəymiş maddi və mənəvi ziyanla, mənfur düşmən, amansız erməni daşnakları tərəfindən onların kobud şəkildə pozulmuş hüquqlarının müdafiəsi və bərpasıyla bağlı, Strasburqda, Avropa İnsan Haqları Məhkəməsi yönümlü bir sıra tədbirlər həyata keçirmiş, bütün bunlara görə, istəmişik ki, qrant layihələrinə xeyirli gərgin işlərimiz hesabına, halallıqla düşə bilək. İstədiyimiz bunlar, dediklərim isə, ortadakı xoşagəlməz nəticələr…
…Onu da qeyd edim ki, bizim təşkilatdan yüzlərlə insan ayrılaraq, ayrı-ayrı təşkilatlar qurublar, əksəriyyəti isə, artıq, təşkilat rəhbəri olublar. Həmin təşkilat sədrlərinə aid, günü bu günədək, mənim əlimdə, Beynəlxalq Diaspor Mərkəzinin üzvləri olmaları, onun xəttiylə fəaliyyət göstərmələri barədə ərizə və müraciətlər, digər rəsmi sənədlər var. Di gəl ki, indi, onlara belə kifayət qədər pullar ayrılır. Halbuki onlar həmişə mənim sağ-solumda oturan olublar. Bu gün onların idarə etdikləri həmin təşkilatlarla mənim heç bir işim və onlara qarşı heç bir qərəzim də yoxdur, hələ onlara uğurlar belə arzu etmək istəyirəm. Sadəcə, bu dediklərimdə təəssüfləndirici ifadələr daha çox olduğundan, yeri gəldi deyə, əlaqədar qurumların rəhbərlərinə daha bir-neçə düşündürücü sual ünvanlamağı vacib bilirəm: “Necə ola bilər ki, — hələ digər çoxsaylı üzvlərimizi demirəm, — hətta rəhbəri olduğum təşkilatımızda birləşən 15 nəfərə yaxın tanınmış və nüfuzlu elm adamları — elmlər doktoru, professorlar, ictimai xadimlər, iş adamları, üstəlik onun Azərbaycandan kənarda olduqca fəal nümayəndəlikləri də, doğma Vətənin mənafeyi naminə fəaliyyət göstərməkdən heç vaxt yorulmasınlar, lakin siz doğma Vətən, millət və xalq təəssübkeşliyi ilə daha çox fərqlənən belə bir fəal qurumu, onun aktiv fəaliyyətinə uyğun belə bir qrant layihəsindən kənarda qoyasınız?! Bu suala sizin tərəfinizdən cavab necə, ortadakı hansı həqiqət və reallıqlara görə verilməlidir?! Bəs, hədsiz narahatlıq doğuran bu suallara, bu təşkilatın xəttiylə, illərdi Vətən eşqindən doğan sonsuz istək, arzu, amal və məqsədlərinə çatmaq üçün, yorulmadan mübarizə aparan çoxsaylı təşkilat üzvlərinə hansı cavabları verək?! Elə, çoxsaylı təşkilat üzvlərimizin özlərinin belə, bu suallar fonunda yaranan kifayət qədər sualları da var. Bəs, həmin olduqca çətin suallara kimlər və necə cavab verə biləcəklər?!”.
Ümumiyyətlə, bu və buna bənzər suallara açıqlama formada cavablar vermək üçün, Administrasiya tərəfindən Vüsal müəllim və Aygün xanım təyin olunublar. Onlar bizim təşkilatı əgər tanımırlarsa, mütləq onunla çoxdan maraqlanmalıydılar: Təşkilatımızın internet saytından və YouTube səhifəsindən bütün fəaliyyəti ilə və yaxud keçdiyi yolla bağlı hər şeylə tanış olmalıydılar. Konkret desək, bütün deyilənlər barədə, indiyədək onların ətraflı məlumatlarının olması mütləqdir. Ola bilər və belə də görünür ki, bu işə məsul bu şəxslərin özləri belə, bu QHT sisteminin nə demək olduğunu, mənasını bilmirlər. Bilsəydilər, onlar, mütləq və mütləq, zamanında təşkilatımızın xəttiylə, İranın Azərbaycandakı, İstanbuldakı, Sankt-Peterburqdakı… səfirlikləri qarşısında və digər yerlərdə bizim həyata keçirdiklərimiz barədə, bu işə məsul olduqlarını dərk etməklə, çoxdan daha ətraflı məlumatlar toplayardılar. Lakin bu olmayıb və indinin özündə də, yoxdur! Elə, buna görədir ki, həmin məsul şəxslər, həm bizim yuxarıda verdiyimiz, həm də aşağıda verəcəyimiz suallarımıza cavab axtarmaq üçün, uzun-uzadı vaxt itkisi məcburiyyətində qalıblar.
Bu yerdə, Beynəlxalq Diaspor Mərkəzi adından bu sualları vermək də yerinə düşər: “İranın Azərbaycanımız əleyhinə apardıqlarına qarşı etiraz olaraq, biz yürüşlər, mitinqlər keçirəndə, bizi imza atdıqları qrant layihəsindən kənarda qoyan yüksək səlahiyyət sahibləri harada idilər?! Fransanın Azərbaycandakı səfirliyi qarşısında, həm də ermənisevər fransızların öz məmləkətlərində, Beynəlxalq Diaspor Mərkəzinin xəttiylə, onun üzvlərinin keçirdiyi möhtəşəm tədbirləri necə görməmək olardı?! Mən üzümü Prezident Administrasiyasının rəhbərinə tutub soruşuram ki, indiki ciddi məsələlərə yanaşmada, Ramiz Mehdiyevi və Əli Həsənovu əvəz edənlərin fərqləri nə oldu?! Necə ola bilər ki, bu böyük işlərin uğurla həyata keçirilməsində bu boyda ədsalətsizlik, haqsızlıq olsun?! Biz, illərimizi sərf edəndə, pullarımızı ailəmizin, uşağımızın boğazından kəsəndə, evimizi və torpağımızı satıb, bu fəaliyyətlə məşğul olanda, İrəvan xalqının bayrağını dalğalandıranda, onun gecələrini keçirəndə, günlərini təyin edəndə bu insanlar harada olublar?! Cənab Prezidentimiz Qərbi Azərbaycan icması ilə görüşə gəlməzdən öncə, biz dəvət göndərdiyimiz adamların çoxu tədbirlərə gəlmirdilər. Cənab Prezident gələndən sonra, çoxları, indi yaxalarına Qərbi Azərbaycanla bağlı şüarlar yazaraq, dəridən-qabıqdan çıxırlar. Bunlar, görəsən, beş il, üç il, on il bundan öncə qərbi azərbaycanlı deyildilərmi?! Bunlar, nə üçün, həmin vaxtlarda Qərbi Azərbaycanla bağlı silsilə yazılar, kitablar yazmırdılar, silsilə görüşlər keçirtmirdilər?! Niyə, onlar sinələrini qabağa verib demirdilər ki, bəli, Qərbi Azərbaycanın ağsaqqalı olduqları üçün, danışmağa haqqları çatır?! Cənab Prezident gəlib-gedəndən sonra, bunların hamısı aslana, şirə dönüblər. Halbuki Ramiz Mehdiyevin, Əli Həsənovun tüğyan etdiyi zamanlarda da, bunlar çıxıb, deyə bilməzdilər ki, qərbi azərbaycanlıların ya lideri, ya da ki, ağsaqqalıdırlar?!”.
Verilən bu və bu kimi bütün suallara, mütləq və mütləq dəqiq cavablar verilməli, daha dəqiq desək, zorla da olsa, bu cavablar onlardan alınmalıdır.
Sonda, onu da qeyd etməyi vacib bilirəm ki, Qərbi Azərbaycan əhalisinin içindən, zamanında, kifayət qədər tanınmışlar çıxıb; Bu, bu gün də belədir! Elə, buna görə də, heç kimə əsas verilmir ki, o, özünü bir bölgənin lideri, ya ağsaqqalı hesab eləsin! Ümumiyyətlə, nəinki qərbi azərbaycanlıların, bütün dünya azərbaycanlılarının bir lideri var, o da, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Böyük ata-babalarımızın öz qoyduqları xətt boyu keçdikləri uğurlar yoluyla, daim inamla irəliləməni indi bütün soydaşlarımız cənab Prezidentimizin liderliyi ilə, ləyaqət və şərəflə davam etdirirlər. Məhz buna görəydi ki, hamı bu ləyaqətli lider ətrafında, 30 il yağı düşmən tapdağında qalan Qarabağ torpaqlarının işğaldan azad olunmasına da köklənə bildi, mənfur daşnaklara qarşı layiqli çabalar göstərdi, onların cavablarını verdi. Artıq tarixə düşən bu alqışalayiq böyük işlərdə bizə, hətta qanımız-canımız, dinimiz-inamımız bir türk qardaşlarımız, qardaş Türkiyə Cümhuriyyəti, onun dünənlərdə yenidən seçilmiş Cumhurbaşqanı və müdafiə sənayesinin başında duranlar da yardımçı oldular. Nəticədə, sevinc, fərəh və qürur hissləri dolu Möhtəşəm Qələbə 44 günlük Vətən Müharibəsində göz qabağında oldu. Bu sevinci, bu fərəhi, bu qüruru bizə bəxş edən şəhid və qazilərimizi isə, biz heç zaman unuda bilmərik! Bu, dünya durduqca, elə, belə də olacaq! Ona görə, mənim özümün də, keçmiş Qarabağ döyüşçüsü kimi, həmişə, bu istiqamətli bir mövqem olub! Özüm, böyük qardaşım, hətta 10-cu sinifdə oxuyan kiçik qardaşım da, qan-qada dolu savaş meydanlarında bu torpaq uğrunda canımızı qurban verməyə daim hazır olmuşuq”.
Yuxarıda qeyd etdiklərimin hamısı, daha dəqiq desək, yazıya giriş əvəzi Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Beynəlxalq Diaspor Mərkəzinin direktoru, Qarabağ Müharibəsi iştirakçısı, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru İsmayıl Ağayevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, ölkədə elan olunan “Heydər Əliyev ili”ndə, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair, bu ilin fevral ayının 10-da elan etdiyi qrant müsabiqəsinin bu günlərdə açıqlanan qaliblərinin siyahısına, araz.az xəbər portalı vasitəsi ilə bildirdiyi münasibət xarakterli hədsiz təəccüb və təəssüf hissləri doğuran açıqlamasıdır. Nöqtəsinə, vergülünə toxunmadan verdiyim bu açıqlamadakı həmin hisslər fonunda yaranan hədsiz narahatçılıq isə, mənim özümü belə, bir jurnalist, media qrupunun rəhbəri, eləcə də Beynəlxalq Diaspor Mərkəzinin Mətbuat Xidmətinin müşaviri olaraq, məcbur etdi ki, bu ciddi məsələyə öz münasibətimi də bildirim.
Doğrudan da, İsmayıl Ağayev kimi, özümü belə, hədsiz təəssüf hissləri girdabında hədsiz dərəcədə təəccübləndirməklə, olduqca narahat edən, cəmiyyətin özünün belə sağalmaz bəlasına çevrilən ədalətsizlik sindromunun, ölkəmizdə bütün sahələr kimi, artıq, bu sahəyə də sirayət edə bilməsi faktıdır. Bəli, artıq bu sahədə də, vicdan çərçivəsinə sığmayan ədalətsizlik faktının olmasının, onun yaratdığı dəhşətli mənzərələrin danılması mümkünsüzdür. Mən, bir qələm əhli kimi, bunu tam anlayıb, başa düşürəm; Həm BDM təmsilçisi olaraq, həm də əslən bir qərbi azərbaycanlı kimi!
Yanğılı sözlərlə başladıqlarım bu qədər, bu yerdə isə, əsas məsələyə keçməyi lazım bilirəm. Və öncə xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, Qərbi Azərbaycan ərazisinin tarixi Azərbaycan torpaqları olması, reallıqlar üzərində getdikcə daha da bərkiyən inkarolunmaz bir həqiqətdir. Təəssüf ki, yazığımız gəlib, qoynunda qalmağa yer verdiyimiz mənfur ermənilər bu həqiqi tarixi zaman-zaman saxtalaşdırmağa cəhd ediblər. Bu azmış kimi, orada yaşayan azərbaycanlıların vətəndaş və yaşayış hüquqlarını da, bütün zamanlarda, ağlasığmaz kobud dərəcədə pozublar. Halbuki dünya ictimaiyyəti də, bu ciddi məsələlərə düzgün yanaşmayıb, işğala məruz qalan ölkə ilə, işğalçı ölkəyə eyni gözlə baxaraq, eyni cür yanaşıb. Bu səbəbdən, mənfur düşmən tərəfindən zaman-zaman Qərbi Azərbaycanda törədilənlərin hədsiz təəccüb və təəssüf hissləri doğuran, olmazın narahatçılıqlar yaradan dəhşətli mənzərələrinin yanğı və ağrı dolu ağır nəticələri, çox keçmədən göz qabağından çəkilməyib. Bir sözlə, başımıza nələr gəlib, bunu hamı bilir, deməyə nə ehtiyac!
Bütün dünyadakı indiki bu həssas məqamda isə, Qərbi Azərbaycanla bağlı fəaliyyətin hərtərəfli genişləndirilməsi, real Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha ətraflı çatdırılması maneəsiz çox önəmli bir müstəviyə keçib. Çox təəssüf ki, bu həssas məqamda belə, dədə-babalarımızdan bizə miras qalan qədim yurd yerlərimizin adlarıyla, öz içimizdə oyun oynayanlar var. Və onları, bu iyrənc biabırçılığa görə, heç cür bağışlaya bilmirsən. Belələri anlamırlar ki, artıq, yeni reallıqlar fonunda dünyanın geosiyasi durumu dəyişib və Qərbi Azərbaycanla bağlı atılan hər bir addımın əsas məqsədi bir amala, bir zamanlar orada yaşayan soydaşlarımızın kobud şəkildə pozulan hüquqlarının bərpasına yönləndirilməlidir. Ölkə Prezidenti Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə də, bu tarixi dədə-baba torpaqlarımızdan deportasiya olunaraq, soyqırıma məruz qalan Azərbaycan əhalisinin taleyi ilə bağlı, son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması barədə ciddi və dərin mənalı bir çox göstərişlər verib. Artıq, bu istiqamətdə genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb. Qurumlararası əməkdaşlığın ilk addımı olaraq, bu ilin 10 fevral tarixində, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan etməsi də, bu məqsəddən irəli gəlib. QHT Agentliyi Qərbi Azərbaycanla bağlı müsabiqənin məqsədini açıqlayanda, sonsuz qürur və fərəh hissi keçirmişik. Doğrudan da, hər birinin müddəti 6 aya qədər olan və biri üçün ayrılması nəzərdə tutulan maksimal məbləği — 30 000 (otuz min) manatı görmək, sonsuz qürur hissləriylə fərəhlənməyimizi labüd edib. Üstəlik, Qərbi Azərbaycan tarixinin dərindən tədqiq edilməsiylə bağlı, nəzərdə tutulan əksər altmövzulardakı xüsusi qeyd olunanlarla, bu layihələrin hər birinə yüksək qürurdan doğan fərəhverici xüsusi gözəlliklər qatılıb. Fərəhverici bu müsabiqə layihəsində əsrarəngiz Qərbi Azərbaycan toponimlərinin tanıdılması, elə, bu istiqamətdə də, multimediya məhsullarının hazırlanması, eyni zamanda, Qərbi Azərbaycandakı tarixi adibələrimizin dərindən tədqiq edilməsi və bir çox altmövzular nəzərdə tutulub. Yerli əhalinin — qərbi azərbaycanlıların kobud şəkildə pozulmuş hüquqlarının hərtərəfli bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında beynəlxalq ictimaiyyətin və qurumların ətraflı məlumatlandırılması, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin dərindən araşdırılması və təbliği istiqamətli ortada olacaq təşəbbüslərin önə çəkilməsi, qərbi azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsin tanıdılması istiqamətində multimediya məhsullarının istehsalı və elektron resursların yaradılması, işlərin daha çox qərbi azərbaycanlıların pozulan hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətli təşəbbüslər naminə qurulması, oradakı azərbaycanlılara məxsus toponimlərin, mənfur erməni daşnakları tərəfindən ağına-bozuna baxmadan dəyişdirilməsi, tarixi — memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliğinə xüsusi önəm verilməsi, qərbi azərbaycanlılara qarşı dəhşətlər dolu soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslərin belə önə çəkilməsi, ən əsası, o yerlərin ədəbi mühitinin tədqiq və təbliğinə hərtərəfli dəstəyin göstərilməsi, Qərbi Azərbaycanın elm, mədəniyyət, dövlət və ictimai xadimlərinin tanıdılması,
Qərbi Azərbaycanın azərbaycanlı əhaliyə məxsus tarixi memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində veriləcək bütün təşəbbüslərin dəstəklənməsi, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar, ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin…) ictimai vəkillik təşəbbüslərinin getdikcə daha da çoxaldılması üçün, hərtərəfli dəstəyin göstərilməsi, əsas elmi istiqamətin isə, Qərbi Azərbaycan tarixinin bütün problemlərinin tədqiqi və öyrənilməsi ilə bağlı olması Müsabiqə Layihəsinə dərin mənalılıq və xüsusi cəlbedicilik qatan əsas faktorlardır.
Bu layihə mövzuları sırasında “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər” mövzusunun yer tutması, ondan irəli gələcək məsuliyyət, ayrılacaq bütün qrantlardan daha yüksək səviyyədə istifadə ediləcəyinə xüsusi bir inam yaradırdı. Üstəlik, ən əsas şərtlərdən biri, bu layihəyə qatıla biləcək hər bir QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi olması şərti bu inamı daha da artırırdı. Di gəl ki, bu şərtə belə, bu önəmli işə məsul şəxslər tərəfindən heç məhəl qoyulmaqla, əməl olunmayıb. Elə, ortadan birdən çıxan qalib “qhteşnik”lərə görə də, onları qranta salan komissiya üzvlərinin özləri, ələlxüsus da, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ciddi şəkildə tənqid olunur, etiraz edənlərlə bərabər, ekspert-tənqidçilər də, bu ədalətsizliyə görə, daha çox adını çəkdiyimiz Agentliyi “ağ yuyub, qara sərirlər”. Bu isə ona daha bir dəlalətdir ki, doğrudan da, bu dəfə etiraz etməyin adı tamamilə bam-başqadır. Qrant müsabiqəsi ilə bağlı etirazlara Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Agentliyin Layihələrin İdarəedilməsi Departamentinin rəhbər şəxslərinin, eləcə də digər məsul şəxslərin münasibətlərini öyrənməyin mümkünsüzlüyü də, qaranlıq çox məqamlardan xəbər verir. Bununla bağlı kimə müraciət etmək olar, heç olmasa, bunu da demirlər. Bunun, doğma Vətən sevgili hər kəsdə hədsiz təəssüf, təəccüb və narahatçılıq doğuran nəticəsi isə, artıq, göz qabağındadır.
Nə yaxşı ki, söhbətimizin gedişi zamanı, bu qədər hədsiz narahatçılıqlar yaradan epizodlardan sonra, Beynəlxalq Diaspor Mərkəzinin tanınmış rəhbəri, əvvəlcə hədsiz təəssüflər doğuran fikirlərini, xoş təsir bağışlayan, adama xüsusi ruh verməklə, böyük inam yaradan bu sözlərlə başa çatdırdı: “Təkcə mən yox, rəhbərlik etdiyim təşkilatın hədsiz Vətən sevgili çoxsaylı üzvləri də, belə xoşagəlməz əməl törədənləri açıq-aşkar müşahidə edirlər. Buna baxmayaraq, əsrlər boyu parçalanmış Böyük Vətənimiz naminə, gecə-gündüz mübarizə aparmağı özümüzün həyat amalımıza çevirmişik. Daha doğrusu, vicdan və qeyrət tələbələri qarşısında, buna məhkumuq! Hər bir təşkilatın məqsəd və amalı də, bu istəkdən irəli gəlməlidir. Belə möhtəşəm işlərimiz olmasaydı, başqa heç nə, riyakar və saxtakar davranışlar edən mənfur düşmənin, hətta siyasi müstəvidəki gələcək dövlət taleyini, birbaşa, Azərbaycandan asılı vəziyyətə salmazdı. Doğrudan da, ermənilər dövlətlərinin taleyini, çoxdan, Azərbaycan xalqının istəyindən asılı vəziyyətə salıblar. Heç şübhəsiz, Zəngəzur dəhlizinin açılmasına, Ermənistanla sərhədlərin Azərbaycanın istədiyi kimi delimitasiyasına və demarkasiyasına, Böyük “Sülh Müqaviləsi”nə mane olmaq iqtidarında olmayan düşmənin özü də yaxşı bilir ki, Bütöv Azərbaycan Dövləti tarixi zərurətdir! Yaxın gələcəkdə qərbi azərbaycanlıların mütləq öz doğma torpaqlarına qayidacağı bir reallıq və inkarolunmaz həqiqətdir! Sadəcə, bu ülvi istək və məqsədlər naminə gedən böyük mübarizə və işləri, məkrli əməl sahiblərinin qaranlıq məqamlar yaradan oyunlarından uzaqlaşdırmaq kifayətdir”.
Bəli, Beynəlxalq Diaspor Mərkəzinin tanınmış rəhbəri İsmayıl Ağayevlə söhbət zamanı, onun hədsiz təəccüb və təəssüf doğuran sözləri daha çox olan fikirlərini ürək yanğısıyla qələmə aldım. Məhz bu səbəbdən, bir qərbi azərbaycanlı olaraq, Qərbi Azərbaycan adıyla ayrılan qrantlar zamanı belə maxinasiya, mənimsəmə, saxtakarlıq və talançılıq edənlərdən qəti və kəskin şəkildə tələb edirəm: “Toxunmayın bu adın saflığına, əl çəkin ona ləkə vura biləcək pis niyyətlərinizdən! Bir qərbi azərbaycanlı olaraq, haqqım da çatır bu qəti tələbi etməyə!..”.
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun rəhbəri,
araz.az xəbər portalının təsisçisi və Baş redaktoru, Beynəlxalq Diaspor Mərkəzinin Mətbuat Xidmətinin müşaviri
araz.az xəbər portalı.