“Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmalıyıq”
araz.az moderator.az-a istinadən bildirir ki, Azərbaycan-Ermənistan danışıqlarının növbəti məkanı Moldovanın paytaxtı Kişinyov şəhəri oldu. Bu dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş “beşli format”da keçirildi, amma hər hansı nəticə əldə olunmadı, sadəcə, növbəti görüşlərin anonsu verildi.
Kişinyov görüşü ərəfəsində Ermənistanın təxribatları, Qarabağdakı separatçıların baş qaldırması, həmçinin şimal qonşumuzun gərginliyi tətikləməsi sözsüz ki, danışıqların nəticəsizliyinə hesablanmışdı. Amma vəziyyət bu cür qala bilməz. Azərbaycan Prezidenti mayın 28-də Laçından erməni separatçılarına, Ermənistana, həmçinin onları gizli və açıq himayə edənlərə açıq şəkildə xəbərdarlıq edib. Bütün bunlardan sonra hansısa təsirli addımların atılacağını hətta bəzi erməni ekspertlər də söyləyirlər.
Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”ın suallarını cavablandırarkən çox maraqlı fikirlər səsləndirib.
– İlham bəy, Kişinyov görüşünün nəticəsiz başa çatması sizin üçün gözlənilməz olmadı ki?
– Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş ərəfəsində yazdığı hər bir cümlənin arxasında faktiki Kişinyov danışıqlarının leytmotivi əksini tapıb və görüşdən əvvəl də proqnozlar konkret bir sənədin qəbul edilməyəcəyini deyirdi. Əslində Şarl Mişelin qeyd etdiklərinin əsası bir ay əvvəl Vaşinqtonda müzakirə olunmuş və iki həftə əvvəl, mayın 14-də Brüsseldə dövlət başçılarının görüşündə, tam olmasa da, detallı razılaşmalar əldə edilmişdi. Ərazi bütövlüyünün rəqəmləri vurğulamaqla tanınmasını “bir daha təsdiqləmək” deyəndə, Şarl Mişel məhz Brüssel razılaşmasına işarə edirdi.
Amma Brüssel görüşündən sonra tərəflərdən səslənən açıqlamalarda hiss olunurdu ki, hər şey heç də ütülü deyil. Elə bu səbəbdən də Kişinyovda “beşli format” təsadüfi sayıla bilməz. Hesab edirəm ki, bu görüş Qərbin Rusiya qarşısında üstünlüyünün nümayişi ilə yanaşı, tərəflərə və açığı deyək, daha çox Azərbaycanın mövqelərinə, əsasən Fransa Prezidentinin simasında təsir etmək məqsədi daşıyırdı. Almaniya kanslerinin iştirakının əsl səbəbi məlumdur. Şarl Mişel twitter səhifəsində nəyə daha çox diqqət çəkir? O, “Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun hazırda həlledici əhəmiyyət kəsb etməsi”ndən, “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmağın vacibliyindən” danışıb. Bunlar Ermənistana yox, bizə ünvanlanan mesajlardır. Şarl Mişel “cəsarətli qərarlar lazımdır” deyəndə də bizi qəsd edir. Və bu tezislər saat yarımlıq müzakirənin əsas predmeti olduğuna şübhə yeri qoymur. Yəni ərazi bütövlüyünün tanınmasının Qarabağla əlaqədar şərtlərdən keçdiyinə açıq işarədir. Və bilirik ki, bu şərt həm Ermənistan hakimiyyətinin, həm də qismən Qərbin mövqeyidir.
“Putin 2030-cu ilədək Rusiya hərbi kontingentini Qarabağda saxlamaq istəyir”
Azərbaycanın dövlət başçısı 28 mayda Laçından verdiyi mesajlarla bunlara cavab vermişdi, amma Paşinyanın görüşdən sonra “bizim anlayışımız ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində və ya beynəlxalq iştirakla baş tutmalı olan Bakı-Stepanakert (Xankəndi) dialoqu formatında müzakirə olunmalıdır”, deməsi göstərir ki, qarşı tərəf ərazi bütövlüyünün tanınmasını bu şərtlər əsasında görür. Azərbaycan isə Qarabağın daxili işi olduğunu, bu şərtləri qəbul etmədiyini dəfələrlə bildirib.
Bütün bunlar hələ ki ilkin qənaətdir, fərqli nəticələr də ola bilər. Hər halda, Kişinyov görüşü və perspektivdə XİN rəhbərlərinin iyunun 12-də Vaşinqtonda, dövlət başçılarının iyulun 21-də Brüsseldə və oktyabrın 5-də Qranadada yenidən beşli formatda planlaşdırılan görüşləri Qərbin sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə hesablanıb. Amma hiss olunur ki, bu asan olmayacaq.
– Fransanın prosesdə iştirakına amerikalı diplomat Metyu Brayzanın ilginc münasibəti olub. Bildirib ki, kaş ki, Fransa bu prosesdə iştirak etməzdi. Yeri gəlmişkən, Kişinyov görüşündən sonra da Azərbaycan XİN Fransa Prezidentinə etiraz bəyanatı yaydı. Paris məkrli niyyətindən əl çəkməyibsə, Bakı hansı addımı atmalıdır?
– Metyu Brayzanın dediklərində həqiqət çaları var. Makron Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etsə də, separatçılara hansısa statusun verilməsi ideyasından əl çəkməyib. Hədəf Fransanın Cənubi Qafqaza girməsi üçün Ermənistanın minimum maraqlarını təmin edib Rusiyanı əvəzləməkdir. Ona görə Makron olan yerdə sülh müqaviləsinin imzalanması sual altındadır. Brayzanın dediyi “fikirayrılıqlarının azaldılması” isə Azərbaycandan çox Ermənistana ünvanlanıb, çünki fikir ayrılığına səbəb Ermənistanın Qarabağ şərtləridir. ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır, amma birmənalı deyil, çünki Rusiya faktorunu unutmaq olmaz. Şimal qonşumuz masada zəif olsa da, sahədə təsiri Qərbdən üstündür. Ukrayna müharibəsinin gedişatı burada açar rol oynaya bilər.
– İlham bəy, Kişinyov görüşü ərəfəsi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın guya atəşkəsi pozduğu barədə açıqlama yaydı. Üstəlik, Qarabağdakı hərbi kontingent təsir zonasının xəritəsinə Laçın şəhərini də əlavə etdi. Bu təxribatlar nəyə hesablanmışdı?
– Rusiyanın diplomatik, hərbi təxribatlar törətməsi yenilik deyil. Hər dəfə Qərbin təşəbbüsü ilə görüşlər keçirilməsi ərəfəsində və ya sonra Rusiya hərbi kontingentinin nəzarət etdiyi Qarabağ torpaqlarında və dövlət sərhədində müxtəlif miqyaslı təxribatların baş verməsinin şahidiyik. Son günlər ruslar Laçın-Şuşa yolunda da bizim hərəkətimizə məhdudiyyətlər qoyub. Mahiyyət isə ondan ibarətdir ki, hələ iki dövlət və millət arasında gərginlik böyükdür və Rusiya olmasa, burada insanlıq fəlakəti yaşanar. Belə təxribatlar bizi əsas hədəfdən yayındırmamalıdır. Əsas hədəfimiz isə Qarabağ olmalıdır, yalnız sülh müqaviləsi yox!
– Məhz görüş ərəfəsində Prezident Laçından erməni separatçılarına, digər qüvvələrə açıq xəbərdarlıq etdi. Amma görünən budur ki, qarşı tərəf nəticə çıxarmaq istəmir. ABŞ-ın da dəstək verdiyi həll planının ardınca nə gözləyirsiniz: antiterror əməliyyatı?
– Prezidentin xəbərdarlığı həm separatçılara, həm İrəvandakı revanşistlərə, dolayısı ilə Rusiyaya yönəlmişdi. Separatçıların, revanşistlərin və onların havadarının tezliklə iddialarından əl çəkib, Azərbaycanın tərkibinə qatılacağına, vətəndaşlığı qəbul edəcəyinə inanmaq sadəlövhlük olardı. Antiterror əməliyyatının keçirilməsi isə mövcud vəziyyətdə, yəni Rusiya hərbi kontingentinin hələ burada olduğu şəraitdə yalnız ermənilərin maraqlarına xidmət edər. Onlar maksimum çalışırlar ki, Azərbaycanla Rusiya arasında barışmaz gərginlik yaransın. Biz antiterror əməliyyatı keçirə bilərik. Bir şərtlə: Azərbaycan erməni silahlı qüvvələrin ərazimizdən çıxarılması üçün Rusiya və Ermənistana xəbərdarlıq etməklə konkret vaxt verir və əməl edilmədikdə, məsələnin hərbi güc tətbiq etməklə həll olunacağını bəyan etməlidir. O zaman qarşı tərəfi fakt qarşısında qoymuş olarıq. Əks halda, Rusiya ilə gərginlik yaranar və bu da bizim maraqlara uyğun deyil.
– Qərbin moderatorluğu ilə növbəti görüşlərin anonsu verildi. Rusiya sakit qalacaqmı bu görüşlərin keçirilməsi fonunda? Yeri gəlmişkən, Putinin də həll planı var, amma ortada bir irəliləyiş yoxdur…
– 2022-ci ildə də Brüssel formatı kifayət dərəcədə uğurla gedirdi və sülh müqaviləsinin ilin sonunda imzalanacağı gözlənilirdi. Sentyabrda sərhəddə, Praqa görüşündən sonra isə Valday forumunda və Soçi görüşündə Rusiya elə hərbi və diplomatik təxribatlar etdi ki, altı ay rəsmi danışıqlar dayandırıldı. Ukraynadakı müharibə Rusiyanın imkanlarını zəiflətsə də, imperiya ambisiyalarından tez və asanlıqla əl çəkməsini Kremldən gözləmək olmaz. Putinin həll planı 2030-cu ilədək Rusiya hərbi kontingentinin Qarabağda qalmasıdır. Bu da bizim maraqlara ziddir.
– Sizə elə gəlmirmi ki, Avropa İttifaqı da Minsk Qrupusayağı görüşlər seriyasını uzatmağa çalışır. Ermənilər açıq etiraf edirlər ki, Paşinyanın ən böyük xidməti hər hansı sənədə qol çəkməməsi, vaxtı uzatması olar…
– Avropa İttifaqı Rusiyanın müdaxiləsini və tərəflər arasında razılığın hələ tam yaranmadığını nəzərə alaraq görüşlər seriyasını uzadır. Qərbdən olsa, sülh müqaviləsi günü sabah imzalanar və onun Cənubi Qafqaz siyasətinin uğuru olar, amma reallıq başqa vəziyyəti diktə edir. Rusiya isə zamanın uzanmasında maraqlıdır və Paşinyana təzyiqi də əsasən, bu istiqamətdədir. Paşinyan da hakimiyyətini itirməmək və daxili auditoriyanı tamamilə üzərinə qaldırmamaq üçün vaxtı uzatmağı hələ ki manevrləri ilə bacarır.
– Bəs Türkiyə necə, masa ətrafında yer ala bilərmi?
– Türkiyə qeyri-rəsmi zatən masadadır və masada olanlar bunu yaxşı bilir və siyasətlərində korrektələr etməyə məcbur olurlar. Türkiyə seçkidən sonra daha çox Rusiya ilə danışıqlar aparmalı və məsələnin həllinin zaman məsafəsini sürətləndirməlidir. Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmaq lazımdır.
– Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədir?
– Zəngəzur yol olacaq, dəhliz statusu olmayacaq və praktik bu yoldan istifadə ən azı üç ildən sonra mümkün ola bilər. Fakt ondadır ki, Ermənistan tərəfdə nə dəmir yolu var, nə də magistral yol. Onun başa çatması üçün isə zaman və 220 milyon dollardan çox vəsait lazımdır. Ermənilər bu yoldan bizə qarşı hələlik təzyiq vasitəsi kimi istifadə edir. Ümumiyyətlə, Qarabağ probleminin həll yolu Zəngəzur yolunun açılmasından keçmir. Xankəndinə dövlət nəzarətimiz yaranmayınca, Zəngəzur yolu danışıqlar burulğanı olacaq, Xankəndidə bayrağımız ucalanda qalan məsələlər çox sürətlə gedəcək. Ona görə də siyasətimiz birbaşa Qarabağa istiqamətlənməlidir.
– Hələ ki danışıqlarda ön sırada yer almayan, amma mühüm əhəmiyyətə malik olan anklavlar məsələsi də var. Belə məlum olur ki, anklavlar mövzusu da xeyli vaxt aparacaq. Bu məsələnin həllini necə görürsünüz?
– Anklavlar haqqında Paşinyan Moldovadakı erməni icması ilə görüş zamanı fikir bildirib. Amma burada da tam yanlışlığa yol verib və guya Gədəbəyin Başkəndindən əlavə bizim hansısa kəndləri də tutduğumuzu söyləyib. Anklavlar paralel danışıqların predmetidir. Ermənilər bizim 121, 8 kv.km-lik anklav kəndlərimizi işğal edib, bizim nəzarətimizdə isə onların 40 kv.km-lik Başkəndi var. Mənim fikrimcə, Başkənd və Kərki dəyişilməli, qalan ərazilər, oradan keçən yolların sahələri hesablanıb ümumi rəyə gəlinməlidir.
– Nəhayət, yaxın dönəmdə nə gözlənilir: Prezident xəbərdarlıq edib, müdafiə naziri təxribatların qarşılığında dərhal cavab zərbəsi endirmək əmri verib. Separatçıların atəşinin və dirənişinin qarşılığında genişmiqyaslı əməliyyat, yoxsa…
– Nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması daha çox müzakirə olunsa da, real nəticə yoxdur. Azərbaycan üçün hazırda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması və Sərsəng su anbarının tamamilə nəzarətimizə keçməsi ən yaxın strateji hədəfimiz ola bilər. Dirəniş olarsa, o istiqamətdə genişmiqyaslı əməliyyatın keçirilməsi mümkündür.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.