Türkiyədə ötən ay keçirilən prezident və parlament seçkiləri hakimiyyətin namizədinin parlaq qələbəsi ilə başa çatandan sonra hökumətin yeni tərkibi elan olundu.
Əvvəlki kabinetdə təmsil olunan 18 nazirdən 16-nın postunu itirməsi maraqlı müzakirələrə rəvac verdi.
araz.az xatırladır ki, iyunun 3-də Ankarada andiçmə mərasimindən dərhal sonra hökumətin yeni tərkibini açıqlayan prezident Rəcəb Tayyib Ərdoğan təkcə yerli deyil, həm də xarici KİV-in diqqətini öz üzərinə çəkdi.
Hulusi Akar, Mevlut Çavuşoğlu, Nurettin Nebati kimi populyar isimlərlə vidalaşan dövlət başçısı qarşıdakı dövrdə sürpriz kadrlarla işləməyə üstünlük verdi. Prezident Ərdoğanın yeni hökumətinin tərkibi hələ də ölkə gündəminin aparıcı mövzusu olaraq qalır.
Qeyd edək ki, qarşıdakı 5 ildə Türkiyəni idarə etməyə iddialı olan komandanın ən populyar və maraqlı personası yeni Xarici İşlər Naziri Hakan Fidan hesab olunur.
MİT (Milli İstihbarat Təşkilatı) başqanlığı postunu Xarici işlər naziri vəzifəsinə dəyişən H.Fidan Türkiyədə “sirr dağarcığı” sayılır. Ərdoğanın “kölgədəki adam”ı heç vaxt danışmasa da, Türkiyədə uzun illərdir hamı ondan danışır. Ölkənin bir nömrəli kəşfiyyat qurumunun başında dayanan H. Fidanın qəfildən “kölgə”dən gün işığına çıxması çoxsaylı mülahizələr doğurub.
Siyasi analitiklər Türkiyənin 67-ci hökumətinin tərkibindəki bu sürpriz dəyişikliyin təsadüfi olmadığını düşünürlər. Onların qənaətinə görə, seçkidən əvvəl sonuncu dəfə prezidentliyə namizəd olduğunu bəyan edən dövlət başçısı R. T. Ərdoğan artıq özünün varis planına start verib. Ərdoğanın varisləri sırasında ən müxtəlif adamların adı hallansa da, bu kriteriyalara ən yaxın namizəd H. Fidan hesab olunur. Ciddi siyasi baxışları, Ərdoğana sədaqəti ilə seçilən sabiq MİT rəhbərinin qəfildən “kölgə”dən çıxmasının əsas səbəbi də budur.
Müşahidəçilərin fikrincə, Ərodğan H. Fidanın “sirr dağarcığı” olaraq qalmasını istəmədiyi üçün onu cəmiyyətə və dünyaya açıq olan bir posta – Xarici işlər naziri vəzifəsinə gətirdi. Bunda əsas məqsəd qonşu ölkələrin və böyük dövlətlərin ehtiyatlandığı, hətta müəyyən qədər çəkindiyi keçmiş MİT müstəşarının üstündəki “sirr dağarcığı” imicini götürməkdir.c
“Yeni Sabah” Türkiyədə Ərdoğanın bir nömrəli varisi sayılan H. Fidanla bağlı məlumatları təqdim edir:
Hakan Fidan 1968-ci ildə Ankarada anadan olub. Quru Qoşunlarının Döyüş Məktəbinin (1986) və Quru Qoşunlarının Dil Məktəbinin məzunudur.
O, 1986-2001-ci illərdə Türkiyə Silahlı Qüvvələrində astsubay kimi xidmət edib. O, “KK Combat School” və “KK Language School”da təhsil alıb. H.Fidan öz istəyi ilə hərbi xidmətdən ayrılıb və “Merilend” Universitetində İdarəetmə və Siyasi Elmlər üzrə bakalavr dərəcəsi alıb. Magistr dərəcəsini Bilkent Universitetində “Xarici Siyasətdə Kəşfiyyatın Rolu” adlı dissertasiya işi ilə alıb.
2006-cı ildə həmin universitetdə “İnformasiya dövründə diplomatiya: müqavilələrin yoxlanılmasında informasiya texnologiyalarının istifadəsi” adlı dissertasiya işi ilə doktorluq dissertasiyası müdafiə edib.
O, akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İnstitutunda və Londonda “Verification Technologies” Araşdırma Mərkəzində davam etdirib.
Hacettepe və Bilkənd universitetlərində dərs deyib. Almaniyadakı NATO Çevik Hərəkət Korpusunun Baş Qərargahında da çalışan Hakan Fidan 2001-ci ildən başlayaraq iki il Avstraliya Türkiyə səfirliyində baş siyasi və iqtisadi məsləhətçi vəzifəsində çalışıb.
2003-cü ildə Baş nazirliyin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) sədri vəzifəsinə təyin edilib.
2007-ci il noyabrın 14-də Baş nazirin müşavirinin müavini olan H.Fidan 2008-ci ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib.
2008-ci il martın 8-də Beynəlxalq Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü olub və 2011-ci ilin fevralında bu vəzifədən istefa verib.
O, 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşaviri vəzifəsinə təyin edilib. Emre Tanerin səlahiyyət müddəti bitdikdən sonra 25 may 2010-cu ildə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Beləliklə, o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri kimi tarixə düşüb. Rəcəb Tayyib Ərdoğanın şənbə günü, iyunun 3-də açıqladığı qərara əsasən isə Hakan Fidan xarici işlər naziri təyin edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.