Başı bəlalı millət… dərdini yüz dəvəyə yükləsən götürməz…
Qarabağdan xəbər var.
Neçə gündür ki, Qarabağ müharibəsi veteranı, Ağdamın Qərvənd kənd sakini Camal Əhmədovun sosial şəbəkələrdə bu gün-sentyabrın 1-də “Qarabağa-evimə qayıdıram” dinc yürüş keçirəcəyi barədə müraciəti müzakirə olunur.
Moderator.az yürüşün iştirakçısı, Qarabağ hərəkatı başqanı Vasif Qurbanzadənin hadisə yerindən ilk təəssüratını təqdim edir.
“Bax, birləşməməyin, bir yumruq, bir səs olmamağın sonucu budur. Varını əlindən alıb, üstəlik səni də borclu çıxarırlar. Öz haqqın olan dədə yurduna getmək üçün qarşında iki post qururlar, biri ölümlə hədələyir, digəri həbslə… Bu sənin öz günahındı mənim, başından daşı, gözündən yaşı əksik olmayan yuxulu millətim. Yaxanı yad əllərdən almağın vaxtı deyilmi, əcaba?!
Qarşında olan qüvvələri görmürsənmi? Sənə göstərilən güc düşmənə göstərilsəydi heç şübhəsiz indi öz yurdunda, öz ocağının oduna isinirdin.
Bu hissləri bir az əvvəl Ağdamın Dördyolunda keçirdim. Müharibə veteranı Camal Əhmədov Ağdamın Qərvənd kəndindəki evinə qayıtmaq üçün burdan keçəcəkdi. Bu şərəfə, canımız fəda olmuş dövlətimizin başında oturanlar Ağdam istiqamətində yola o qədər məmur tökmüşdü ki, həmin sayı bir əmrlə Qarabağa yönəltsək uzağı gələn şənbəyə Şuşadaydıq. A kişi, Ağdamda bir polis, bir xüsusi xidmət işçisi, bir “sovet sədri”, bəlkə də bir məktəb direktoru qalmamışdı, hamısı bu yoldaydı. Yanlış anlamayın, Ağdama qayıtmaq üçün yox, getmək istəyənlərin qarşısını kəsmək üçün…
Vallah, deməyə də utanıram, elə bu səbəblərdən Erməninstan hakimiyyəti, vaxtaşırı bizimkiləri meydanın mərkəzinə dəvət edir.
Bu aksiyanı avantüra saymayın. Qarşıda düşmənin olduğunu, bəlli bir nöqtəni keçəndən sonra öldürüləcəyini bilirdi bura toplaşanlar. Amma, olmazdımı, hakimiyyət bu gün həmin o yurduna getmək istəyən kişinin çağırışına gələnlərə şərait yaradaydı. Heç, postları keçməklərini demirəm, Dördyolda yığışıb erməni postlarının eşidəcəyi dərəcədə şüar səsləndirəydilər. Heç olmasa son 25 –ildə bizim də Qarabağ tələbi ilə meydana çıxdığımız tarixin boş sətirlərinə düşəydi, olmazdımı?
Bəs, yurdlarımızı dediyiniz o sülh yolu ilə ala bilmirik də, imkan verin başımızın çarəsinə qalaq!
Bir neçə gün əvvəl Ağdamın Qiyaslı kənd sakini olan bir kişi öz evinə getmək üçün postları keçib. Gedib çatmasına yolun yarısında düşmən minası mane olsa da o rəhmətlik cəhd edib, canını fəda edib bu yolda. Artıq, belə hallar tez-tez olacaq.
Düşünməyin vaxtıdır, ağalar! Bu gün də alınmadı, gedə bilmədik. Amma, hər kəs bilsin və agah olsun ki, bu millətin içində Qarabağ eşqini öldürmək mümkün deyil və o eşq gec-tez götürəcək bizi Qarabağa. Bu, siyasətinizə uyğun olsa da belə olacaq, olmasa da…”
Vasif Qurbanzadə,
Qarabağ Hərəkatı başqanı
Redaksiyadan: Aldığımız məlumata görə yürüş iştirakçılarının bir çoxunu Tərtər, Bərdə rayon polis əməkdaşları aparıb. Yürüşün təşəbbüskarı Camal Əhmədov Ağdam rayon icra başçısı tərəfindən hörmətlə qəbul olunub, söhbət aparılıb.
araz.az xəbər portalı.