Son illərin aktual məsələlərindən biri də özəlləşdirmə çekləri ilə bağlıdır. Məsələnin həllinə çalışan çek sahibləri isə müxtəlif müraciətlərlə haqqlarının bərpasına çalışırlar. 

Problemin aktuallığını qoruyub, saxlamaq istəyən çek sahibləri ölkə başçısına, o cümlədən müvafiq qurumlara, Konstitusiya Məhkəməsinə və Milli Məclisin deputatlarına müraciət edərək haqqlarının bərpasını istəyirlər.

araz.az   bildirir ki, mövzu ilə bağlı Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, özəlləşdirmə çekləri ilə bağlı problem ən qısa zamanda öz həllini tapmalıdır.

“2011-ci ildə özəlləşdirmə çeklərinin müddəti başa çatsa da, mövzu hələ də öz aktuallığını qorumaqdadır. Bunun səbəbi isə məsələnin onminlərlə insanı əhatə etməsidir. Vətəndaşlar bu çeklər vasitəsilə ikinci Qarabağ savaşından sonra ölkədə artan qiymət artımını, iqtisadi çətinliklərini aradan qaldırmaq istəyirlər. Hesab edirəm ki, dövlətimiz  zamanında özünün verdiyi qiymətli kağızlara sahiblənməli və bu məsələdə yaranan narazılıqları aradan qaldırmalıdır. Bu çeklərin insanların rifahı üçün fayda verəcək şəkildə istifadə olunmasını təmin etməlidir.

Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qayıtması iki tərəfdən müsbət nəticələrə yol aça bilər. Birincisi, onminlərlə insan uzun zamandır saxladığı və gözlədiyi çeklərin bəhrəsini görər. Bu, çətin postpandemiya və müharibə dövrlərindən sonra onlar üçün iqtisadi baxımdan fayda verər. İkincisi, özəlləşdirmə çeklərinin dövriyyəyə qayıtması işğaldan azad olunmuş ərazilərimizdə yerli investisiyaların həcmini artıra bilər. Məsələnin Milli Məclisdə qaldırılmasına gəldikdə isə tələb varsa, bu, olmalıdır”.

Özəlləşdirmə çekləri ilə bağlı problemin gündəmdə saxlanılmasının çox vacib olduğunu bildirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı isə öz növbəsində vurğulayıb ki,yüzminlərlə insanın bu probleminə biganə qalmaq olmaz:

“Düşünürəm ki, tanınmış simaların timsalında bu məsələnin gündəmdə saxlanılması da çox yaxşı olardı. Çünki bu, bir və ya bir neçə şəxsin problemi deyil, 1 milyondan çox insanı əhatə edir. Bu da kifayət qədər ciddi rəqəmdir. Hər bir şəxsin bu istiqamətdəki çağırışını dəstəkləyirik. Əlində çeki qalan hər bir vətəndaş probleminin həllinə çalışmalı, durmadan tələbini artırmalı və müraciətlərinə ara verməməlidirlər. Əks halda məsələ gündəmdə olmayanda problem həll olunmur. Çeklər vətəndaşlara qanunla verildiyi üçün onun tədavülünə ehtiyac var. Bir milyondan çox insanı əhatə edən bu problemi aidiyyəti orqanlar həll etməlidirlər. Burada deputatlar xüsusi rol oynaya bilərlər. Çünki bütün deputatların seçiciləri sırasında özəlləşdirmə çeki problemi yaşayanlar var. Artıq çek sahibləri deputatlara müraciətlər ünvanlayıblar. Düşünürəm ki, deputatların bu məsələni parlamentdə qaldırmalarına böyük ehtiyac yaranıb. Hər bir deputat bu problemin həllində maraqlı və istəkli olmalıdır.

Nəzərə alaq ki, vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi mərhum prezident Heydər Əliyevin fərmanı idi. Bu il də Ulu Öndərin anadan olmasının yüz illiyi ilə əlaqədar ölkədə “Heydər Əliyev ili” elan olunub. Elə bu il bu problem həll olunsaydı, əsl yerinə düşərdi”.

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına qanunla miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Heydər Əliyevin “Özəlləşdirmə qanunu”nun icrası üçün verdiyi və imzaladığı 450-li Fərman qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/

Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf

Sonda onu da xatırladaq ki, ötən il Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli parlamentin iclasında çıxışı zamanı özəlləşdirmə çekləri ilə bağlı problemə toxunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.