Fərəc Quliyev: “Naxçıvan əhalisi kasıblaşdıqca, bölgəni tərk etdikcə, Vasif Talıbov və onun komandası fantastik varlanıb, indi bu sərəncam…”
Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada ticarət mərkəzinin yaradılması məqsədəuyğundur.
Eyni zamanda əlavə olaraq yalnız hava yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərin geri qayıdarkən həmin ticarət mərkəzindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) mal alıb gətirə bilmələri üçün hədlərin və şərtlərin müəyyən edilməsi təklif olunur. Ticarət mərkəzinin yaradılması Bakıdan və Azərbaycanın digər bölgələrindən insanların alış-veriş üçün Naxçıvan Muxtar Respublikasına hava yolu ilə səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaq. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmalarının təşkil edilməsi də ticarət məqsədilə Naxçıvan Muxtar Respublikasına gələnlərin sayının artmasına əhəmiyyətli dəstək verəcək.
Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, yerli istehsalın maya dəyərinin azalmasına və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, habelə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə işgüzar əlaqələrinin güclənməsinə kömək edəcək.
Ticarət qovşağının olması həm də Naxçıvan Muxtar Respublikasında törəmə sahələrin (kafe və restoran, əyləncə mərkəzləri, otellər) yaranmasına və inkişafına gətirib çıxaracaq.
Vasif Talıbovun 27 il Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməsi bütün sahələrdə bölgənin inkişafına mənfi təsir göstərdi. Həm ictimai-siyasi, həm də iqtisadi baxımdan öz mənfi təzahürlərini göstərdi. Talıbovun despotik idarəçiliyi üzündən Naxçıvan uzun illər xarici sərmayədən məhrum qaldı. Yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bir sıra sosial və digər layihələr həyata keçirildi. Ancaq bu məqsədlə ayrılan vəsaitlərin çoxu mənimsənildi. Yəni təyinatı üzrə xərclənmədi. Halbulki normal investisiya mühiti olsaydı və xarici sərmayə Naxçıvana cəlb edilsəydi, bölgə dotasiyaların ümidinə qalmazdı. Nəticədə çoxsaylı iş yerləri yaranardı, qeyri-neft sektoru inkişaf edirdi və bu da insanların sosial rifahını yaxşılaşdırardı. Ötən illər ərzində Naxçıvan bu dərəcədə sürətlə boşalmazdı. Talıbov Naxçıvanın ankılav vəziyyətindən öz maraqları üçün sui-istifadə edərək bundan şəxsi varlanmaq üçün yararlandı. Regionun inkişafı ilə bağlı xarici sərmayədarlar üçün əlverişli zəmin yaradılmadı. Bütün bunların nəticəsində Naxçıvan bir neçə il geri atıldı. Naxçıvanın qapalı bir rejimdə idarə olunması regionu ümumi iqtisadi inkişafdan əsaslı şəkildə məhrum etdi. Ona görə də Naxçıvan camaatı itirdi. Kifayət qədər yeni texnologiyalar, nanotexnologiyalar tətbiq etməklə regionu inkişaf etdirmək olardı. Ancaq əfsus ki, Talıbovun avtoritar idarəçiliyi buna imkan vermədi. Ən azından Naxçıvanda azad iqtisadi zona yaratmaqla qarşıya qoyulan hədəflərə çatmaq mümkün idi. Bunun üçün imkanlar var idi. Ancaq bütün bunlara Talıbov öz şəxsi biznesi kimi yanaşdı. Demək olar ki, bütün sahələri öz monopoliyasına daxil etmişdi. Belə olan halda, əlbəttə ki, Naxçıvana xarici sərmayə cəlbindən söhbət gedə bilməzdi. Rəqabət mühiti yaranmazdı. Bu baxımdan, iqtisadi nöqteyi-nəzərdən Naxçıvan gerilədi. Cavan və orta nəsil regionu tərk etdi. Bütün bunlar heç şübhəsiz ki, bölgə üçün böyük iqtisadi itki idi. Prezidentin sərəncamı həm də Talıbovların bu bölgəyə və əhaliyə hansı zərbələr vurduğunu bir daha təsdiq etdi. Prezidentin imzaladığı sərəncam Naxçıvanın inkişafına və Talıbovların yaratdığı vakuumun tamamilə dağılmasına gətirəcək.
Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvan Muxtar Respublikası üçün Prezidentin verdiyi sərəncam olduqca əhəmiyyətlidir: “Əvvəla, Naxçıvanda rəhbərliyin dəyişilməsindən sonra əhali arasında ciddi gözləntilər doğrulmalıdır. Üstəlik də Zəngəzur dəhlizinin açılacağı dövr ərəfəsində Naxçıvana xüsusi bir yanaşma tələb olunur. Çünki dəhliz açılana qədər bir sıra işlər görülməlidir. Həmin işləri dəhliz açıldqıdan sonraya saxlamaq vaxt itkisinə səbəb ola bilər. İndidən hazırlaşmaq lazımdır. Dəhliz açıldıqdan sonra Naxçıvanın əhəmiyyəti daha da artacaq. Prezidentin verdiyi sərəncamın çox vacib və vaxtında verilmiş sərəncam olduğunu bu baxımdan da qeyd etmək lazımdır. Naxçıvan bir qovşaqdır və bu qovşaqda iqtisadiyyatın inkişafına təkan verəcək, şərait yaradacaq addımların atılması lazımdır. Eyni zamanda Naxçıvan əhalisinin, iş adamlarının özünə gəlməsi üçün də bu cür sərəncam vacib idi. Camaat uzun illər ərzində işsizlikdən, iş adamlarına yaradılan maneələr nəticəsində bölgəni tərk edib, süni urbanizasiya olub. Prezidentin ortaya qoyduğu mövqe onu göstərir ki, Naxçıvanda vəziyyət köklü şəkildə dəyişəcək. Həm iş adamlarına güzəştlər nəzərdə tutulur, həm malların idxalı, ixracı məsələsində əlverişli şərait yaradılır, həm ölkə əhalisinin Naxçıvana gediş-gəlişi motivasiya olunur, investisiya qoyuluşuna şərait yaradılır. İnvestisiya qoyuluşu həm kənardan, həm də daxildən olacaq. Buradakı şərtlər sərbəst iqtisadi zona prinsipinə əsaslanacaq. Bütün bunlar onu göstərir ki, dövlət burada əhalinin şəxsi büdcəsinə pul getməsində maraqlıdır. Naxçıvanın Azərbaycanın digər hissəsi ilə qaynayıb-qarışması və Azərbaycanın digər hissələrinin də Naxçıvandan məhsullar alması üçün şəraitin yaradılması da hədəflərdən biridir. Prezidentin verdiyi sərəncam Naxçıvan Muxtar Respublikası ilə yanaşı, işğaldan azad olunmuş rayonlarımızın da gələcəkdə inkişafına təsir göstərəcək. Naxçıvanın iqtisadiyyatının güclənməsi, əhalisinin sosial-iqtisadi vəziyyətinin inkişafı üçün potensial çox böyükdür. Sərəncamda turizmlə bağlı məsələlər də əksini tapır. Əlbəttə ki, burada şərait yaranandan sonra Naxçıvanda turizmin inkişafı şübhəsizdir. Çünki bölgədə buna çox böyük təbii imkanlar da var. Naxçıvan böyük bir tranzit-ticarət yolunun üzərində olacaq ki, bu cür mövqedə yerləşən bölgələri dünya təcrübəsi göstərir ki, böyük inkişaf gözləyir”.
F.Quliyev qeyd etdi ki, uzun müddət muxtar respublikanın inkişafı üçün ciddi işlər görülməyib. İnkişaf adına süni görüntü yaradılıb. Nəticədə Naxçıvan öz potensialından düzgün istifadə edə bilməyib və əhalisinin durumu ağırlaşıb: “Naxçıvanda işsizlik hökm sürüb, insanlar özlərinə sıxıntı içində, iş qurmaq istəyənlər özlərini basqı altında hiss edib. Naxçıvan əhalisi kasıblaşdıqca, bölgəni tərk etdikcə, Vasif Talıbov və onun komandası fantastik varlanıb. Hazırda həmin komandanın üzvlərinin bəziləri korrupsiya ittihamı ilə həbsdədir. Yəqin ki, bu məsələlərlə bağlı da Naxçıvan əhalisinin gözləntilərinin tam şəkildə doğrulması lazımdır. İş adamlarını müflis edənlər onlardan oğurladıqlarını geri qaytarmalıdırlar. Qapadılan molibden mədənləri-zavodu, konserv zavodları, barama fabrikləri yenidən qurulmalı və işləməlidir. Naxçıvanda qızıl yataqları var idi və işlənirdi. Vasif Talıbov rejimi onu işlədən sahibkarlara qarşı çox amansızlıq etdiyi üçün orada da işlər dayandırıldı. Yəqin ki, Prezidentin verdiyi sərəncam bu işləri də əhatə edəcək. Naxçıvanda iş yerləri açmaq üçün potensial o qədər çoxdur ki, bu potensial işə salınsa, hətta Azərbaycanın başqa yerlərindən də insanların gedib orada işləməsinə zərurət yaranar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.