“Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən evimi Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov bir neçə il bundan əvvəl əlimdən alıb”.
araz.az Globalinfo.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, prezident mükafatçısı, jurnalist Kəmaləddin Qədim deyib.
O, həmin evi 1988-ci ildə aldığını bildirib:
“Vasif Talıbov mənə məxsus olan evi qanunsuz olaraq əlimdən alıb. Evin torpaq sahəsinin sənədləri bizim adımızadır. Amma Sədərək rayon icra başçısı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, məhkəmə isə bizə heç bir xəbərdarlıq etmədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni etibarsız sayıb. Lakin mənzil haqda ortada heç bir qərar yoxdur. Bütün bunlar V.Talıbovun göstərişi ilə baş verib”.
K.Qədim deyib ki, Talıbovun zamanında dəfələrlə müraciət etsə də, şikayətlərə baxan olmayıb:
“Mənim o evimə Sabir Rüstəmxanlı, “Quran”ı tərcümə edən Nəriman Qasımoğlu gəlib, hətta gecəni də qalıb. Evimizdən Ağrı dağı çox yaxşı görünürdü. Ermənistanla sərhəddə yerləşən bir ərazidir. Həmin evlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi. Mənzillər əlimizdən alındıqdan sonra 8-ni hərbçilərə verdilər. Mənim evimdə isə Sədərək rayon Təhlükəsizlik İdarəsinin rəisi yaşayır”.
K.Qədim Talıbov vəzifədən getdikdən sonra da təkrar müraciətlər edib:
“Vasif Talıbovun adı gələndə, işə baxmaqdan çəkinirdilər. Bunu açıq şəkildə etiraf edirdilər. Heç kim müdaxilə edə bilmirdi. Prezidentin Naxçıvan üzrə nümayəndəsi Fuad Nəcəfli ilə də görüşdüm və vəziyyəti izah etdim. Təxmini bir ay öncə bizim hamımızı prokurorluğun istintaq idarəsinə çağırıb izahat aldılar. Çünki burada cinayət tərkibi var”.
Kəmaləddin Qədim deyib ki, vaxtilə onlardan məcburi köçkün statusunu da alıblar:
“Ermənistanla aramız çox yaxın idi və həmin vaxt orada döyüş getdiyi üçün bizi o ərazidən çıxardılar. Özüm də həmin döyüşlərin iştirakçısı olmuşam, müharibə veteranıyam. Heydərabad qəsəbəsi poliqona çevrildiyi üçün müvəqqəti oradan çıxarıldıq, təkrar qayıdıb 2003-cü ilə qədər öz evimizdə yaşadıq. Ona görə də, bizə məcburi köçkün statusu verilmişdi. Həmin statusu cənab prezident ləğv edə bilər, o isə etməyib. Amma Naxçıvanda bunu özlərinəməxsus şəkildə “ləğv” ediblər. Bizim üçün ayrılan pullar da mənimsənilib”.
K.Qədim bir neçə il öncə bir şair və jurnalist olaraq ölkə başçısına yeni mənzillə bağlı müraciət etdiyini bildirib:
“Evə ehtiyacım olduğu üçün jurnalistlərə tikilən binadan mənə də mənzil verilməsi üçün müraciət etmişdim. Hətta müsbət cavab da gəlib. Amma o evi istəmirəm daha. Mən Bakı şəhərinin mərkəzində ölkə başçısı tərəfindən verilən evdən imtina edirəm, düşmənlə üz-üzə yerləşən öz doğma evimi istəyirəm. İstəyimi prezidentin nəzərə alacağına çox inanıram”.
Evin fotosunu təqdim edirik:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.