Bu gün  yerli telekanallar, orada yayımlanan bayağı verilişlər, teleaparıcılar tez-tez tənqid hədəfinə çevrilir. Ən çox qeyd edilən isə televiziyalarda peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır.

araz.az   bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a  danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu gün cəmiyyət daha çox məişət xarakterli mövzularla maraqlanır:

“Bu gün hansısa televiziyada jurnalistikaya aidiyyatı olmayan, danışanda ağzından horra tökülən, Azərbaycan ədəbi dilinin qolunu-qanadını sındıran adamlar böyük qazanc əldə edirlər. Çünki cəmiyyətin istədiyi yüngül, dedi-qodulu mövzulardır. Bu gün başqalarının ailəsində nə baş verdiyini bilmək istəyən, kiminsə iç camaşırının nə rəngdə olduğu ilə maraqlanan insanların sayı təəssüf ki, çoxdur.

Bunu hər kəsə aid etmirəm, lakin belə insanlar çoxdur.  Ona görə də həmin aparıcılar həm yaxşı qazanır, həm də buna haqq qazandırır. O pulları qazanan adam deyir ki, mənim qazanc mənbəyim budur, ciddi şeylərdən danışmaq nəyimə lazımdır?”

Əməkdar jurnalist  qeyd edib ki, cəmiyyətin istədiyi bayağı mövzuları onlara verən aparıcılar bundan xeyli gəlir əldə edirlər:

“O cür aparıcılar, özünə jurnalist deyənlər çox gözəl yaşayır, maddi problemləri olmur, amma ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalır, hətta həbsə də düşürlər. Sonda bəxtləri gətirsə, həmin təqib və təzyiqlər qaçıb gedirlər xarici ölkələrə.

Belə olan halda, jurnalistika cəmiyyəti öz arxası ilə apara bilmir. Çünki jurnalist gərək həqiqəti yazsın, həqiqəti yazanda da söyüşlə, qışqırıqla, həyasızlıqla bunu etməməlisən. Jurnalistikanın qaydaları, etik çərçivələr var, əlində sənəd, sübut, təsdiq olmadan heç kimə böhtan atmaq olmaz. Əfsuslar olsun ki, bizdə bu şərtlər çox zəif haldadır. Əvvəllər buna əməl edənlər var idi, amma çoxunu itirdik. Bundan əvvəl də jurnalistika ideal deyildi, amma hər halda, nə isə ideala oxşar bir şey var idi, amma indi tamamilə yoxdur” .

araz.az xəbər portalı.

araz.az xəbər portalı.