Sosial şəbəkələrdə məlumat yayılıb: Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəfat edib.

İnanmağım gəlmir, inanmaq istəmirəm, inana bilmirəm.

Ərkim çatan tanışlara, dostlara zəng edirəm: “Qurban olum, Kərəm müəllim haqqında belə bir xəbər yayılıb, yəqin ki bu da sosial şəbəkələrin növbəti qəlp xəbəridir…”

Xəbəri yayanlar da dəqiq bilmir, məndən eşidənlər də mənim kimi inanmaq istəmirlər.

Başqa əlac yoxdur, xəbər yanlışdırsa, özü cavab verəcək, düzdürsə, yəqin övladları- ya Oğuz, ya Səlcuq telefonu açar deyə təşviş içində arayıram…

Eşitmək istədiyim cavab budur: “Aya, yoxsa sən də mənem ölməyimə inandın?”

“İnanmadım, qutlanmış hocam, – hörmət əlaməti olaraq ona belə xitab deyərdim öz aramızda- inanmadım, elə dedim səsini eşidim?”- verəcəyim cavabı da öncədən hazırlamışam beynimdə.

Yığdığım nömrəyə zəng çatır, amma Kərəm müəllimə çağrım həyatda ilk və son dəfə cavabsız qalır!..

Nəhayət eşitmək istəmədiyim xəbəri Füzuli Qurbanlı təsdiqləyir: “Taleh, müəllimin haqqında eşitdiyin xəbər əfsuslar olsun ki, doğrudur”.

Mən möhkəm adamam, hələm-hələm ağlamaram, amma özümdən ixtiyarsız doluram…

Göy üzü də dolub.

İndi yox, 1991-ci ildə.

Bir payız günüdür.

O dönəmlərdə BDU tarix fakültəsinin dekanı olan Yaqub Mahmudovun açdığı Respublika Tarix Liseyində təhsil alıram.

Azərbaycan tarixindən müəllimimiz Kərəm Məmmədovdur.

Yaqub Mahmudov sağ olsun, hərəni bir rayondan tapıb gətirib, ölkədə kasıb-kusubun balalarını BDU-nun Tarix fakültəsinə yox ha, Tarix fakültəsinin birbaşa III kursuna qəbul etdirmək üçün gözəl bir layihə başlayıb, hələ test sistemi tətbiq olubmayıb.

Azərbaycan tarixi müəllimimizin dərsləri o qədər maraq keçir ki, tənəffüsə belə çıxmaq istəmirik.

Müəllimimizin bir də qeyri-adi dərs metodları var, “tarixçi olmaq istəyənlər tarixə şahid olacaq” deyibən Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun istefası ilə nəticələnəcək mitinqlərə aparır bizi.

“İsgəndər bəy Münşi bilirsiniz niyə Şah Təhmasibin vəfatından sonra baş verənləri bircə-bircə düz yazıb”- soruşur və öz sualına cavab verir: “Çünki özü şahzadə Mustafanı müdafiəçiləri arasında hadisələrdə iştirak etmişdi”.

O günü yaxşı xatırlayıram.

5-6 mart 1992- ci il idi.

Ali Sovetin qarşısında idik.

Kərəm müəllimin əynində ağtəhər bir plaş var vardı.

Hə, ağtəhər plaşlı adam, hə, ölməyin bir ayrı dərd, dəfninə çatmamağım bir ayrı dərd…

Füzulu müəllim toxtadır məni: “Müəllimin hələ dəfn olunmayıb. Sabah torpağa tapşırılacaq, xaricdəki doğmaları rica edib”.

Sosial şəbəkələr nalə çəkir.

Məmləkətə test imtahanlarını gətirən Vurğun Əyyubun vəfatından sonra Azərbaycan elm və təhsil xadimləri arasında məhz Kərəm Məmmədovu bu cür yanğı ilə son mənzilə uğurlayır.

Yol boyu göz yaşım dayanmır.

Oğluna başsağlığı verəndə Oğuzun toyu yadıma düşür.

Oğuzun toyundan yazmışdım:

“Bu gün Azərbaycanın Dövlət Himni ilə başlayan, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilən çox möhtəşəm bir toy oldu. Azərbaycanın ləyaqətli ziyalısı, Türk dünyasının dəyərli tarixçisi, Bütöv Azərbaycan sevdalısı Kərəm Məmmədov Oğuz elində oğlu Oğuz bəyə unudulmaz bir şadlıq məclisi qurdu. “Dünya türkün olacaq” deyə hayqıran şərqilər, “Borçalı telliyası”nda çəkilən halaylar, Təbrizdən gələn qonaqların tutduğu bozqurd işarələri… Bu toyda Kərəm müəllimin media gücü də ortaya çıxdı. Bir çox tanınmış imzalar Oğuz bəyə xeyir-dua verdilər. Rasim Ismayilovla da babat oynadıq”.

Həmkarım və dostum Rasim İsmayılovla Kərəm müəllinin evində nə salamlaşa bilirəm, nə də soruşa. Rasim deyir: “Ürəktutmasından vəfat edib”.

Son dəfə təxminən bir ay öncə BDU-nun önündə görüşmüşdük əyani.

Üz-gözü bir az saqqallı idi. “Ürəyim sözümə baxmır, əməliyyata girməliyəm”- dedi. Əməliyyata getməyib sən demə, yatıb və oyanmayıb.

Kərəm Məmmədovu mən tanıdığım ilk gündən ÜRƏKLİ ADAM bilmişəm.

ÜRƏKLİ ADAMIN ürəyinin sözünə baxmaması, dözməməsi bəlkə sizə qəribə gələr, amma mənim üçün təəccüblü olmadı.

O ÜRƏK bir tələbənin sıxıntısını görəndə, bir kasıb balasının haqqı rüşvətxor müəllimlər tərəfindən kəsiləndə, oxuyan və istedadlı tələbələri layiq olduqları yeri tuta bilməyəndə param-parça olmuşdu.

Kərəm Məmmədli tələbə adamı idi və o, öz tələbələrinə xronologiya yox, TARİX ŞÜURU aşılayırdı.

“Aya, İran dağılacaq”- son görüşümüzdə belə dedi.

Bütöv Azərbaycan sevdalısı idi.

Həsən bəy Zərdabinin dəfnində Əhməd Ağaoğlunun məşhir bir nitqi var, detallarına girməyəcəm, bilirsiniz.

Amma Azərbaycan ictimai şüuru üçün Həsən bəy Zərdabinin ölümü nə deməkdirsə, tarix şüurumuz üçün Kərəm müəllimin vəfatı da o anlama gəlir.

Kərəm müəllim, madam vaxtsız vəfat edərək bizlərə bu qədər acı yaşatdın,o zaman Sizə son çağrımdır:

Əvvala, bizlərdən axirətdə uyuyan babalarımıza salam de.

Salamdan sonra dərhal ərz et ki, Azərbaycan mütləq və mütləq BÜTÖV olacaq, çünki mən o ideya adamlarını, o dava adamlarını yetişdirib gəlmişəm.

Hər zamankı kimi təvazökar olma, ilk dəfə barı o dünyada təvazökar olma.

Babalarımızın, bizim və gələcək nəsillərin xatirinə!

Madam bizi MÜƏLLİMSİZ, MƏNƏVİ BAXIMDAN BÖYÜK QARDAŞSIZ, MƏSLƏHƏTÇİSİZ QOYDUN, bu ricamı yerinə yetir, QUTLANMIŞ HOCAM!

Taleh ŞAHSUVARLI

araz.az xəbər portalı.