“Azərbaycan hektarlara yox, bütün Qarabağa oynamalıdır…”
“Ermənistan rəhbərliyindən inciməsini bir fürsət kimi dəyərləndirmək üçün ən yüksək səviyyədə çevik danışıqlar aparmaq vacibdir, amma, sonunda Qarabağ yoxdursa KTMT nəyə lazım?”
Rusiyanı Ermənistan çox sevir, yoxsa Azərbaycan?
Məsələni başqa cür də qoymaq olardı: Rusiya kimi çox istəyir-Ermənistanı, yoxsa Azərbaycanı? Amma, indi bu aktual deyil, ümumiyyətlə heç vaxt aktual olmayıb. Rusiya özünü çox istəyir və kimin onu istəyib-istəməməsindən asılı olmayaraq, tarixən “parçala və hökm sür” siyasətini elə təşkil edib ki, parçaladıqları öz aralarında yarışsınlar və kimin daha çox Rusiyaya sadiq olduğunu sübut etsinlər.
İllərdir ki, Moskva Ermənistan və Azərbaycanı belə bir vəziyyətdə saxlayır və Qarabağı işğal edib Ermənistana verəndən sonra da situasiyanı elə qurub ki, Azərbaycan ümidini kəsməsin, Ermənistan da sona qədər arxayın olmasın ki, Qarabağ ona verilib. Qarabağ Rusiyanın əlində bir növ padşahın “göy muncuğu”na dönüb. Hərdən tərəflərə deyilir ki, özünü yaxşı aparsan “göy muncuq” sənin ola bilər və hələ ki, “göy muncuq” – Qarabağ ermənilərdədir. İndi Ermənistan Rusiyanın nəzərində özünü yaxşı aparmır. Özünü yaxşı aparmayan uşağın – Paşinyanın qulağını burmaq heç də asan deyil, hətta 27 oktyabr 1999-cu ildə erməni parlamentini gülləbəran edən qüvvəyə də. Situasiya əvvəlki kimi deyil. Paşinyan sələflərindən fərqli olaraq xalqın dəstəyilə hakimiyyətə gəldiyini 100-cü günündə də nümayiş etdirdi. Qərbin açıq dəstəyi də öz yerində. Rusiyaya qarşı sərt addımlar atmasa da, ona sadiq adamların təqib edilməsi, həbsə salınması, qərbyönümlü komanda yaratması, ən əsası qlobal məsələlərdə, təyinatlarda Rusiya ilə məsləhətləşməməsi şimal ölkəsini əndişələndirir və artıq addımlar atmağa, üzünü göstərməyə başlayıb. Rusiya bir güllə ilə iki quş vurmaq istəyir…
Gülləni-təzyiqi həm də bizim əlimizlə həyata keçirir. Söhbət son günlər populyarlaşan KTMT üzvlüyündən gedir. Azərbaycan KTMT-nə daxil ola bilər, deyirlər. Bəri başdan qeyd edək ki, rəsmi Bakı bu məsələyə münasibət bildirməyib və hesab edirik ki, düzgündür. Məsələni gündəmə gətirənlər isə Azərbaycanın marağının nədən ibarət olduğunu açıq şəkildə izah etmirlər və ya edə bilmirlər. Hər bir dövlət marağına uyğun hərəkət edir, təbii biz də. KTMT-nin mahiyyəti məlumdur. Rusiya ətrafında beş postsovet ölkəsini birləşdirib özünün təsir dairəsini nümayiş etdirir, NATO-nun bu coğrafiyalara yaxınlaşmasının qarşısını alır. Perspektivdə başqa dövlətləri də o təşkilatda görmək istəyir, o cümlədən Azərbaycanı da. Məlum səbəbdən biz orda yoxuq, bu təşkilatın üzvü dövlət-Ermənistan məhz Rusiyanın böyük köməyilə Azərbaycanın torpaqlarını işğal edib. İndi bizə nə vəd olunur ki, bura daxil olaq? Bəlkə üzv olsaq perspektivdə Qarabağın yerdə qalan hissəsini işğal etməyəcəklərini deyib, bizi hədələyirlər? KTMT-ni təbliğ edənlər ümumi sözlə kifayətlənirlər: “Rusiya Qarabağ problemi ilə intensiv məşğul olacaq”. Bitdi. Başqa arqumentləri də budur ki, Ermənistan bu qərardan təlaş keçirir. Bu təlaşın da konkret nə olduğu izah olunmur, sadəcə Ermənistan siyasiləri qeyd edir ki, Azərbaycanın üzv olduğu halda Dağlıq Qarabağ konflikti KTMT-nin daxili problemi kimi dəyərləndirilə bilər.
Yaxşı, biz olduq KTMT üzvü, bəs əvəzində nə alırıq? Qarabağı alırıq? Belə bir imkan bizə tanınmırsa, nəyə görə Ermənistan qarşısında öhdəlik götürməliyik? Bəli, Ermənistan qarşısında öhdəlik götürürük: imzaladığımız müqaviləyə əsasən istənilən dövlət KTMT üzvünün ərazisinə hücum edərsə, təhlükə yaradarsa təşkilatın digər üzvləri hücuma məruz qalana hərtərəfli, o cümlədən hərbi qüvvə ilə kömək etməlidir. Yəni sabah hansısa dövlət, məsələn Türkiyə, Gürcüstan ermənilərin ərazi iddialarından bezib Ermənistana müharibə elan edərsə, təşkilatın üzvü kimi erməniləri müdafiə etməliyik. Əsgərlərimiz bu öhdəliyə görə Eçmiədzin uğrunda həlak olmalıdırlar. Hətta, imtina etsək belə bu təşkilata üzv olmaqla torpağımızı işğal edən dövlətin ərazi bütövlüyünü qorumaq öhdəliyi götürməyimiz fakt olacaq. Ermənistan Qarabağı ayrı dövlət kimi de-fakto tanıyır, ətrafdakı rayonları da qaytarmaq fikri yoxdur və biz üzv olduğumuz halda öhdəliyi bizim yerdə qalan ərazilərimiz üçün ola bilər, o da formal olaraq. Əsas Rusiyadır. Bütün bu deyilənlərdə Rusiyanın məqsədi Ermənistanı yox, Paşinyanı cəzalandırmaqdır. Rusiya Ermənistanı Qarabağla cəzalandırmırsa Azərbaycanın KTMT-də nə işi?
Rusiya üçün Ermənistanda 90-cı illərin sonu deyil. Ter-Petrosyana istefa imzalatdırıb Koçaryanı hakimiyyətə gətirmək, ona mane olan parlamenti Rostovdan göndərilən erməninin əli ilə gülləbaran etmək indi asan deyil. Paşinyanı hakimiyyətə xalq gətirib, ona qarşı bu tip əməliyyatlar təşkil etmək tamam əks-reaksiya verə bilər.
Paşinyana növbəti təzyiq Koçaryanın ad gününü təbrik etmək oldu. Son on ildə Koçaryanın iki yubiley yaşı olub-55-60. Qəribədir, Putin o zamanlar niyə zəng vurub təbrik etmirdi Koçaryanı, məhz indi, 64 yaşı tamam olanda yadına düşdü?
Amma Putin bilir ki, Koçaryanın bu saat Paşinyana qalib gəlmək gücü yoxdur. Ermənistanda nəzərdə tutulan parlament seçkiləri bu gedişlə daha tez baş tuta bilər, baxmayaraq ki, Putin Koçaryanı təbrik etməklə seçkilərə start vermiş oldu. Paşinyanı müdafiə edən köhnə, təzə partiyalar, siyasi təşkilatlar daha çoxdur, nəinki Koçaryanı. Üstəgəl, Qərb. Sabah seçkilər keçirilsə Paşinyanın qalib gəlmək ehtimalı daha çoxdur.
Rusiya Paşinyana təzyiqi artırmaq üçün Qarabağ cəbhəsinin hansısa istiqamətində bizə “100 hektarlıq qələbə” “yaxmancı” verə bilər və o zaman Koçaryan, hətta erməni cəmiyyətinin bu gün daha çox nifrət etdiyi Serj Sarkisyan da baş qaldırıb: “Mən olsaydım, belə olmazdı”-deyə bilər, Paşinyan da təzyiqlərə dözməyib istefa verər. Ermənistanda hakimiyyətə gələn Rusiyanın adamı – “quzğun” cəbhədə uğur qazanıb, yerini möhkəmlətmək üçün Rusiyadan kömək istəyəcək və ya Moskva özü yeni baş nazirin (onun Koçaryan olması tamamilə mümkündür) hakimiyyətinə dəstək vermək məqsədilə başqa istiqamətdən ona 200 hektarlıq qələbə şansı yaradacaq. Bu “hektarların”qalibi Rusiya olacaq. Qarabağ yenə “ göy muncuq” statusunda qalacaq. Bu gün Azərbaycana açılan qucaq məhəbbətdən deyil, Paşinyana dərs verməkdən ibarətdir. Paşinyan da bunu yaxşı bilir, sentyabrın əvvəllərində Putinlə görüşə hazırlaşır. Danışıqların əsas predmeti Azərbaycanın KTMT-yə mümkün üzvülüyünün müzakirəsi olacağını erməni politoloqları artıq yazırlar.
Eyforiyaya qapılıb səhv addım atmaqla əlimizdəki üstünlükləri də verib bataqlığa girmək olmaz. Nəzərə almaq lazım ki, Rusiya Ermənistan siyasətini dəyişməyib. Rusiya və Ermənistan müdafiə nazirləri ötən həftə danışıqlar aparıb, çoxfunksiyalı aviasiya yaratmağı qərara alıblar. Kreditli (hesab edin müftə) silah vermə də keçən aydan razılaşdırılıb.
Azərbaycanın böyük oynaması üçün əlverişli vəziyyət yaranıb. Yaranmış vəziyyətdən maksimum siyasi qazanc əldə etmək mümkündür. Azərbaycan hektarlara yox, bütün Qarabağa oynamalıdır. Dağlıq Qarabağ ətrafının azad olunması müqabilində müəyyən şərtlərin qəbuluna baxmaq olar. Rusiyanın Ermənistan rəhbərliyindən inciməsini bir fürsət kimi dəyərləndirmək üçün ən yüksək səviyyədə çevik danışıqlar aparmaq vacibdir. Amma, sonunda Qarabağ yoxdursa KTMT nəyə lazım?
P.S. Yeri gəlmişkən, nəzərə alın ki, gələn il-2019-da Bakıda Qoşilmayanlar hərəkatı ölkələrinin sammiti keçiriləcək.
İlham İsmayıl
araz.az xəbər portalı.