Məşhur “Cratos Hall” restoranındakı biabırçı mənzərəni Azinforum.az saytı işıqlandırıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə bu barədə danışdıq. Söz verdi ki, mövzu araşdırılacaq.
Bu gün nazirlik adından rəsmi məlumat yayılıb ki, həmin görüntülərə görə “Cratos Hall”un rəhbər işçiləri cərimələnib. Ancaq nazirliyin adında yayılan məlumatda qeyd olunur ki, onlar bu siqnalı hansısa vətəndaşdan alıblar. Maraqlıdır, niyə yazmırlar ki, AZİNFORUM.AZ saytında işıqlandırılan tənqidi video reportajdan sonra hərəkətə keçiblər?
Bu yöndə olan iradımı şəxsən İradə İbrahimovaya çatdırdım. Səbəbini belə izah etdi ki, onlara məlumat verən mənbənin anonimliyini qorumaq üçün belə addım atırlar. Anlamadım, mən bəyəm harasa “işverənlik” edirəm ki, mənim təhlükəsizliyimdən belə narahat olurlar?
Mən öz peşəmin imkan vetdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərib, tənqidi material verirəmsə, bunu niyə anonim etməliyəm və niyə öz təhlükəsizliyimdən narahat olmalıyam? Əslində , nazirlik adımızı gizlətmək əvəzinə, bizə ayrıca minnətdarlıq bildirməliydi ki, digər media qurumlarını da belə araşdırmalara stimullaşdırmış olsun.
Təəssüf ki, bu cür adi məsələdə belə Nazirlik bizim əməyimizi çıxdaş edib. Qeyd edim ki, bu anoloji məzmunda bizim təqdim etdiyimiz ikinci reportaj idi. Həmin reportajdan sonra da Ekologiya Nazirliyi çox iri çaplı bir məmurun şadlıq evini cərimələməyə məcbur olmuşdu.
Ekologiya Nazirliyinin bu cür davranışından yalnız bir nəticə çıxara bilərəm. Bizim bu yöndə tənqidlərimiz heç də onların ürəyincə deyil. Ona görə də adımızı çəkmirlər. Yəqin zənn edirlər ki, sistemli fəaliyyətlərini pozmaqla, işlərinə qarışmış oluruq. Qeyd edim ki, bu dəfə cərimələnən restoran da qüdərtli məmurlardan birinin ailə biznesinə aiddir.
Məhəmmədəli QƏRİBLİ,
araz.az xəbər portalı.