“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyəyini dayandıracaq.

araz.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəxtiyar Sadıqov deyib.

“Ötən il müraciətimiz əsasında bizə birdəfəlik yardım göstərildi. Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Milli Məclis tərəfindən təsdiq edilmiş nizamnaməyə görə, qəzetin maliyyə avadanlığı və texniki təminatı Milli Məclis tərəfindən təmin edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə çapımız dayanacaq. Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur. 14 nəfər qadın əməkdaşımız faktiki ailə başçısı statusundadır. Bir çox əməkdaşımız uzun illərdir qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Əgər qəzet bağlansa, işçilərin mətbuat xidmətlərində və digər yerlərdə yerləşdirilməsini xahiş edirəm. Eyni zamanda qəzetin abunələri də azalıb. Bunları nəzərə almaq lazımdır”,- qəzetin baş redaktoru bildirib.

Spiker Sahibə Qafarova isə cavabında bildirib ki, məsələ Milli Məclisdə rəhbərlik səviyyəsində baxılıb.

“Milli Məclis hər zaman qəzetə dəstək olub. Sizinlə də bu barədə danışılıb. Ancaq siz işinizin prosesini bugünkü zamanın tələblərinə də uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri həyata keçirlmək lazımdır”, – deyə sədr vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.