Qərbi Azərbaycan İcmasında yazarların görüşü keçirilib.

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan yazarlarının ilk görüşü keçirilib. Bu barədə, QAİ-dən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu toplantıda 40-a yaxın Qərbi Azərbaycan kökənli yazar iştirak edib.

İclası açıq elan edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcma barədə ümumi məlumat verərək qarşıda duran vəzifələrdən danışıb. Sədr bildirib ki, Qayıdış Konsepsiyasına əsasən hazırlanmış tədbirlər planında Qərbi Azərbaycanın ədəbi qüvvələrinin bir mərkəzdə toplanması və “Ədəbi İrəvan Almanaxı”nın dərc olunması xüsusi yer alır. “Biz çalışacağıq ki, bir zamanlar insanlarımızın Qərbi Azərbaycanda fəaliyyət göstərdiyi bütün strukturları bərpa edək. Qərbi Azərbaycan yazarlarının qələmindən çıxan ən tutarlı əsərlər həm öz dilimizdə, həm də xarici dillərdə nəşr olunmalıdır”- deyə İcma sədri vurğulayıb.
Sonra iclasda söz alan məşhur imza sahibləri – Musa Urud, Paşa Qəlbinur, Məmməd Oruc, Miraslan Bəkirli və digərləri öz təklif və arzularını dilə gətiriblər. Bir sıra kitabların müəllifi olan gənc yazar Şamil Ənvəroğlu çıxış edərək bildirib ki, Qərbi Azərbaycan əsilli olmağına rəğmən Vətənini bir gün belə görməyib. Lakin bununla belə qaçqınlıq həyatına iki kitab həsr edib. O sözügedən kitabların bir nüsxəsini QAİ-nin İdarə Heyətinin sədrinə hədiyyə edib.
Digər çıxışçılar – Əvəz Lələdağ, Avtandil Ağbaba, Aslan Bayramov, Qılman İman, Binnət Əsgər və digərləri bu tədbirin Qərbi Azərbaycana aid ədəbi prosesin başlanğıc nöqtəsi olacağına inamlarını ifadə ediblər.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.