Bu qərar ədalət axtarışında olan vətəndaşlara ikiqat bayram sevinci yaşadar və ümummilli liderin ruhunu şad edərHər bir xalqın, dövlətin taleyində elə günlər olur ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. 15 iyun 1993-cü il təqvimi də həmin tarixi günlərdən biridir. Bir tərəfdə yenicə müstəqillik qazanmış, digər tərəfdə torpaqlarını itirmiş, separatçı meyllərin baş qaldırdığı, iqtisadi və idarəetmə böhranının hökm sürdüyü bir dövlət. Yalnız Heydər Əliyev kimi siyasi keyfiyyətlərə və fitri istedada malik bir lider Azərbaycanı düşdüyü bu bataqlıqdan xilas edə bilərdi. Elə də oldu.

Artıq 30 ildir ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü kimi qeyd edilir. Bu il keçirilən Milli Qurtuluş Gününün daha bir özəlliyi isə bu bayramın “Heydər Əliyev İli”nə təsadüf etməsidir. Prezident İlham Əliyevin fərmanı ilə ümumilli liderin 100 illik yubileyi ilə əlaqədar olaraq 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Heydər Əliyev istər Sovet dövründə ölkəyə rəhbərlik edərkən, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu zaman xalqın rifahı naminə çox mühüm addımlar atıb. Müstəqil Azərbaycan dövlətinin memarı olaraq həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi olaraq Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal əhəmiyyətli layihələr gələcək uğurlarımızın bünövrəsi rolunda çıxış etdi.

Ulu Öndərin ən mühüm qərarlarından biri də 1996-cı ildə imzaladığı, bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərmanı idi.

Əvvəlcə özəlləşdirmə çekləri barədə…

Özəlləşdirmə payları müstəqillik dövrünə yenicə qədəm qoymuş Azərbaycan vətəndaşları arasında sovetlər dövründən miras qalan dövlət əmlakının bərabər qaydada bölüşdürülməsini təmin etməli idi. Bununla bağlı fərmanda qeyd olunurdu ki, özəlləşdirilməyə çıxarılacaq dövlət əmlakının 65 faizi vətəndaşlar arasında bölünməli, əhalinin bu prosesdə fəal şəkildə iştirakı təmin edilməlidir.

Habelə vauçerlərin qiymətli kağız olduğu, “Qiymətli kağızlar haqqında” qanunla tənzimləndiyi, bu səbəbdən zaman məhdudiyyətinin nəzərdə tutulması, inflyasiyadan qorunmaqla hər bir özəlləşdirmə payı üçün 2000 ABŞ dolları ekvivalentində məbləğin müəyyən edilməsi dövlətin, dövlət başçısının prosesin şəffaf həyata keçirilməsində maraqlı olduğunu ortaya qoyurdu.

Bununla bağlı qərardan öncə ulu öndərin hökumət rəsmilərini təcrübə mübadiləsi məqsədilə xarici ölkələrə səfərlərə ezam etməsi, çoxsaylı toplantılar keçirməsi də Heydər Əliyevin Azərbaycan vətəndaşlarına etimadının yüksək göstərici idi. Çünki Heydər Əliyev xalqın arasından çıxmış bir lider idi və hər bir vətəndaşın problemini öz problemi, qayğısını isə öz qayğısı hesab edirdi.

Sonra nə baş verdi?

Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı qanun və dövlət başçısının fərmanı, həmçinin bu fərmandan irəli gələn müddəalar olduqca peşəkar və mütərəqqi səviyyədə hazırlansa da, məmur oliqarxiyası bu prosesə əl qoyaraq, bütün ümidləri puça çıxardı. Xalqın haqqına girməkdən çəkinməyən bir qrup məmurun qurduğu oyun nəticəsində proses yarımçıq yekunlaşdı.

Əvvəlcə onlar müxtəlif qruplar halında birləşərək, əhalidən özəlləşdirmə çeklərini dəyərsiz qiymətə satın aldılar. Bunun üçün “qara bazar”lar yaratdılar və özəşlləşdirmə prosesini sabotaj etdilər. Hansı ki, onların başlıca vəzifəsi əhalinin maarifləndirmə səviyyəsini yüksəltmək, ölkə vətəndaşlarını bu mütərəqqi proses haqqında təfsilatlı formada informasiya ilə təmin etmək idi. Lakin bunların heç biri baş vermədi.

2011-ci ildə “Qiymətli kağızlar haqqında” qanunun tələbləri kobud sürətdə pozularaq, tədavül müddətinin başa çatdığı elan edildi. Özəlləşdirməyə çıxarılan dövlət müəssisələrinin statistikası, nə qədər özələşdirmə payının bu prosesdə iştirakı və digər aktual məqamlar sirr olaraq tarixin arxivinə gömüldü. Yüzminlərlə vətəndaş isə fərdi qaydada bu vauçerlərin üstünlükləri barədə məlumatlı idi və məhz elə bu səbəbdən də özəlləşdirmə paylarını qoruyub saxladılar. Bu günə qədər də əllərində olan qiymətli dövlət kağızlarını dəyərsiz kağız parçası olsa da, qoruyurlar.

Pay sahiblərinin və ölkə ziyalılarının ədalət harayı

Milli Məclisin deputatları, tanınmış elm-mədəniyyət, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti insitutlarının təmsilçiləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri dəfələrlə mətbuat orqanları, sosial şəbəkələr vasitəsilə aidiyyəti instansiyalara müraciət edərək özələşdirmə payları əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Eləcə də özəlləşdirmə payları əlində qalan vətəndaşların kütləvi müraciətlərinə heç bir məhəl qoyulmur. Ötən günlərdə müharibə və əmək veteranları problemlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət də ediblər.

Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Əgər özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, əlində çeki qalan vətəndaşların etirazı nəzərə alınmalı və ədalətli qərar verilməlidir. Ona görə də dövlət səviyyəsində bu məsələnin öz həllini tapması labüddür.

Yüzminlərlə vətəndaşın “qurtuluş resepti” – Tarixi ədaləti bərpa edin!

Ulu Öndərin uzagörən siyasəti nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Həyata keçirilən iqtisadi, siyasi və hərbi islahatlar Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətinə çevirdi. Ermənistan öz vətəndaşlarına “Dənizdən-dənizə Ermənistan” xəyalı satarkən, Azərbaycan öz iqtisadi və hərbi qüdrətini artırır, bununla da gələcək tarixi qələbəyə zəmin yaradırdı.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məntiqli, rasional və praqmatik qərarları, qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun şücayəti nəticəsində Azərbaycan tarixi Zəfər qazandı. 30 ildir işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Bu, dövlət-xalq birliyinin və həmrəyliyinin ən yüksək göstəricisi idi.

2018-ci ildə yenidən prezident seçilən İlham Əliyev inauqurasiya çıxışı zamanı bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Bu, ölkəboyu həyata keçiriləcək kompleks və institusional islahatların anonsu idi. Ötən dövr ərzində bütün hakimiyyət qolları yeniləndi. Qanunverici, mərkəzi icra, yerli idarəetmə, məhkəmə – bütün sahələr kökü dəyişikliklərə məruz qaldı və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məmur oliqarxiyasının qarşısını almaq üçün strateji qərarlar qəbul edildi. Dövlət orqanlarının fəaliyyətininin təftişi, habelə gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılmasını təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi təsis olundu. Bütün bu islahatlar ölkəmizin bir sistemdən digər bir sistemə keçid etməsinin parlaq və əyani göstəricisidir.

Ortada yüzminlərlə hüququ pozulmuş vətəndaş var və onlar tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər. İnanırlar ki, bu ədalətin təmini heç də uzaq gələcəkdə deyil. “Heydər Əliyev İli”ndə özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi ədalət axtarışında olan vətəndaşlarımıza ikiqat bayram sevinci yaşadar və ümummilli liderin ruhunu şad edər.

Sizə və ədalətinizə inanırıq, Cənab Prezident! Yüzminlərlə vətəndaşın səsinə səs verəcəyinizdən əminik!

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

 Aydın GƏRAY.

araz.az xəbər portalı.