İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənanin açıqlamasına görə Tehranda Azərbaycan Respublikasının səfirliyinin işinin bərpası ilə bağlı tərəflər arasında danışıqlar aparılır.
Həmçinin Kənani qeyd edib ki, danışıqlar XİN-nin rəhbərləri səviyyəsində gedir və müəyyən irəliləyişlər də əldə olunub. Ancaq hələ də Azərbaycan İran tərəfinin açıqlamasına münasibət bildirməyib.
Mövzu ilə bağlı konkret fikir söyləmək çətin olsa da, müəyyən təxminlər etmək mümkündür. İlk növbədə mübaliğəsiz qeyd etmək, daha doğrusu xatırlamaq yerinə düşər ki, bütün dövrlərdə İran dövləti Şimali Azərbaycan Respublikasının barışmaz genetik və siyasi düşmənidir və İranın bu düşmənçilik siyasəti Azərbaycana, türk etnosuna qarşı soyqırım əməlinin elmə məlum olan və beynəlxalq hüquqla təsdiqlənmiş bütün formaları səviyyəsində həyata keçirilir. Və əminliklə demək lazımdır ki, İran fars-molla rejimi indiki siyasi quruluşunda, formasında Azərbaycana qarşı düşmənçilik siyasətini dəyişəcəyi mümkün deyil və bu dəyişiklikləri gözləmək sadəlövlükdür və özünü aldatmaq deməkdir.
O ki, qaldı Tehranda Azərbaycan Respublikasının səfirliyinin fəaliyyətinin bərpası məsələsinə, əlbəttə ki, Tehranda Azərbaycan Səfirliyində terror aktı İran dövlətinin Azərbaycana qarşı sistemli təxribat və düşmənçilik siyasətinin nəticəsi, pik nöqtəsi kimi məsuliyyəti məhz rəsmi Tehran daşıyır və səfirliyimizin fəaliyyətinin bərpasının mümkünlüyünün ilkin şərtləri terror aktının araşdırılması ilə bağlı Azərbaycanın tələblərinin yerinə yetirilməsi şərtinə bağlıdır.
Ancaq düşünürəm ki, səfirliyin işinin bərpası məsələsində təhlükəsizliyin təmini əsas tələblərdən olsa da həlledici deyil. Təbii ki, İranın öz ərasizində beynəlxalq təşkilatların, səfirliklər, konsulluqlar və sair nümayəndəliklərin təhlükəsizliyinin təmini, mühafizəsi onun beynəlxalq öhdəliyidir və bu öhdəliyin müzakirəsi son qərar üçün əsas ola bilməz. Hesab edirəm ki, Azərbaycanın əsas tələbi daha geniş və əhatəlidir. Sözsüz Azərbaycanın İrandan tələbi onun Azərbaycana, türk etnosuna qarşı açıq, gizli yeritdiyi siyasətindən əl çəkməsi, Ermənistanla münasibətdə, Zəngəzurla münasibətdə ən azı qarışmaması, ədalətli mövqedən çıxış etməsidir. Hərçənd ki, İran öz vədlərinə əməl edən tərəf olmadığı bəllidir.
Kənaninin qeyd etdiyi İran Azərbaycan danışıqların olduqca çətin şərt və tələblər üzərindən getdiyi şübhəsizdir. Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpası təkcı İranın səfirliyimizdə törətdiyi terrorla bağlı deyil. Bu məsələ konkret olaraq İranın Azərbaycana qarşı düşmənçilik siyasəti, Azərbaycanın suverenliyi, müstəqilliyi, regional gücə çevrilməsi ilə özünün bütövlüyünə təhlükə görməsi ilə bağlıdır. İran fars-molla rejimin Azərbaycandan təxmin etdiyi təhlükə ehtimallarının danışıqlarla çözüləcəyi isə mümkünsüzdür. Tərəflər arasında danışıqların nəticəsindən asılı olmayaraq, İran indiki siyasi quruluşunda və sərhədləri daxilində Azərbaycana qarşı düşmənçiliyini davam etdirəcək. Vəziyyətdən çıxış isə məlumdur.
Əslində isə düşmənin konkret və dəqiq şəkildə müəyyən olunması qələbənin, siyasi hədəfin yarısına bərabər haldır. Məhz bu səbəbdən də iran Azərbaycanla danışıqlarda, “barışıqda” maraqlıdır.
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas,
Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.