Dərslər və imtahanlar bitdikdən sonra Bostona çay içməyə getmişdik uşaqlarla. Sonra kofe içməyə getdik. Sonra yemək yedik. Həyat varmış… Yenə berqamutlu çay içməyə getdik. Orada bir türkiyəli mənimlə salamlaşdı. Yəqin uşaqlar məni Barış çağırdıqları üçün. Mənim azərbaycanlı olduğumu bildikdə:
– Azərbaycanı çox sevirəm, lap çox sevirəm, – dedi.
Düşündüm ki, “bir millət, iki dövlətik” deyəcək.
Amma demədi, başqa bir şey dedi:
– Azər hocaya görə heyranı oldum ölkənizə, insanlarınıza.
Mənim gülümsəyib, susduğumu görüb davam etdi:
– Keşkə tanısaydınız. Azer Kerimov bizim Bilkentde hocamız olmuş. Azərbaycanlı. Bənzərsiz, möhtəşəm, sevimli.
Sonra durmadan danışdı: “Öylə bir bilimli, kültürlü, büyük kalbi olan, dürüst, adil bir adamı tanısaydın, qurur duyardın, kardeşim. Türkiyede matematik olimpiyat komite başkanıdır, universitede öğrencilər onun dersini bitirseler de, sonrakı yıl yeniden alırlar ki, bir daha onun dərsine katıla bilsinler”.
Mən indi yarı türkiyəli, yarı azərbaycanlı ləhcəsi ilə yazıram, amma adam gözəl, axınlı nitqi ilə durmadan Azər müəllimi öyməyə başladı.
– Bir ülke, bir halk böyle bir insan yetişdirə bilirsə, nə mutlu onlara.
Hətta, Azərbaycanı gəzməyə gedəcəyini söylədi.
Sonra yenə dedi ki, “keşkə, onu tanısaydın”.
Mən də ürəyi dağa dönmüş halda xoşbəxt-xoşbəxt ona baxırdım. Dilə gəldim:
– Çox yaxşı tanıyıram Azər hocanı. Mən də olimpiadalara qatıldım, orada şəxsən gördüm, Türkiyə komandasını o gətirirdi.
Çox sevindi.
Özümü saxlaya bilmədim:
– Mənim ideallarımdan biri olub, o idellarla MIT-dəyəm. Babam da matematik olimpiatçısı olub, cocukluğumdan onu mənə tanıtdı, öydü. Türkiyə matematik timi onun rəhbərliyi ilə dünya ölkələrinin ön sıralarına gəldi. Bilkent Univesitesinde de çox nüfuzlu bir professor olduğunu bilirem. Buralara gələn öğrəncilər də onu çok sever. Onun babası Əli Kərim Azərbaycanın ən sevilən şairlərindən biri.
Məni qucaqladı adam. “Azərbaycanlıların çoxu onu tanımaz dedi, sənin onu tanımağın çox gözəldir”.
Tələbə dostlarımın yanına döndüm, aralarında keçmiş riyaziyyat olimpiadaçısı olanlar da vardı. İnanın ki, soruşsam, üzbəüz oturan çinli Azər müəllimi tanıyacaqdı.
Özümə sual verdim. Belə bir misilsiz adamı bizim ölkədə niyə yaxşı tanımırlar?
Abutalıb (Barış) NAMAZOV,
Massachusetts İnstitute of Technology-nin tələbəsi
araz.az xəbər portalı.