İki gün öncə, Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə, Şuradan araz.az-a daxil olan məlumata görə, toplantını açan komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.
Məlumatda bildirilir ki, iclasda müzakirə olunan birinci məsələ Milli Cəbhə Partiyasının “Qaynar.info” saytına qarşı şikayəti olub. Hər iki tərəfin təmsilçilərinin qatıldıqları müzakirələr gedişində məlum olub ki, saytın narazılıq doğurmuş materialında peşə prinsiplərinə zidd məqam yoxdur. Tərəflərə yaranmış anlaşılmaz duruma öz aralarında aydınlıq gətirmək tövsiyə olunub.
Məlumatda o da qeyd olunur ki, iclasda Ağstafa Regional Mədəniyyət İdarəsinin “Azad Azərbaycan” qəzetindən şikayətinə baxılıb. Bildirilib ki, narazılıq doğurmuş materialda ciddi ittihamlar yer alıb ki, buna görə qarşı tərəf kimi tənqid hədəfinin mövqeyinə də aydınlıq gətirilməsi vacib idi. Lakin qəzet bu tələbə məhəl qoymayıb. Materialda tənqid hədəfi seçilmiş tərəfin cavab haqqının tanınmaması isə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasıdır.
Məlumata görə, iclasda Bakı şəhər sakini Fəxrəddin Əlləzovun “Haqqın.az” saytına qarşı şikayəti də araşdırılıb. Məlum olub ki, şikayətçinin bütün diqqətə çatdırdığı məsələlər fonunda sözügedən saytla bağlı tədbir görülməsi baxımından irəli sürdüyü tələb Mətbuat Şurasının səlahiyyətləri xaricindədir.
Məlumatın sonunda bildirilir ki, iclasda müzakirə olunmuş sonuncu məsələ Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin rəhbərliyinin bu təhsil müəssisəsi ilə bağlı bir sıra saytlarda – “Turantv.az”, “Bakitv.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az” və “Azerinfo.az” saytlarında yayımlanmış materiallarla əlaqədar şikayəti olub. Məlum olub ki, narazılıq doğurmuş materialların hamısında birtərəfli təqdimat var. Həmin materiallarda qarşı tərəf kimi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin cavab haqqı tanınmayıb və bu da “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasıdır.
Qeyd edək ki, Mətbuat Şurasının qərarları Şuranın presscouncil.az saytında da yayımlanır.
Tahir İSLAMOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.