Rahib-Azeri.jpg

Mayın əvvəlindən sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çox maraqlı videolar yayılır. Hər biri üç dəqiqəni ötməyən, amma qısa müddətə xeyli faydalı məlumatlar sığdıran videoların təqdimatçısı məşhur aparıcı Rahib Azəridir. O, Cümhuriyyət videolarını Azərbaycan Beynəlxalq Bankının ASAN Xidmət və ASAN Radio ilə birgə reallaşdırdığı “100 illik tarix” layihəsi çərçivəsində təqdim edir. Videolar həm bankın, həm də ASAN Radionun sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən yayılır.

“Qafqazinfo” Rahib Azərin layihə barədə müsahibəsini təqdim edir:

-“100 illik tarix” videoları… belə bir təşəbbüs necə ortaya çıxdı?

-Bir müddət əvvəl ASAN Radionun baş direktoru Emin Musavi mənə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair bir buraxılış hazırlamağı təklif etmişdi. Ekspert qismində buna böyük məmnuniyyətlə razılıq verdim. Zaman keçdi, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün tamam olduğu vaxt yetişdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci il “Cümhuriyyət ili” elan edildi. Bu, bizi daha da ruhlandırdı. Düşünürdük ki, bir layihə edək, təxminən 3 dəqiqəlik silsilə videoçarxlarla – insanlara Cümhuriyyət tariximizin müəyyən məqamları ilə bağlı məlumat verək. Günlərin birində məni ASAN Radioya dəvət etdilər. Dedilər ki, Azərbaycan Beynəlxalq Bankı belə bir layihəyə dəstək olmaq niyyətindədir. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı, ASAN Xidmət və Asan Radionun işbirliyi ilə “100 illik tarix” layihəsi ortaya çıxdı. Mayın əvvəlində “100 illik tarix” layihəsinin geniş təqdimatı oldu, işə başladıq. Bir vətəndaş kimi, Azərbaycan Beynəlxalq Bankına təşəkkürümü bildirirəm ki, dövlət bankı olaraq Cümhuriyyətimizlə bağlı layihəyə dəstək verdi və birlikdə mükəmməl bir iş ərsəyə gətirdik.

 

-İndiyə qədər neçə videoçarx hazırlamısınız?

-Hələlik 11 buraxılışımız olub. Azərbaycan Beynəlxalq Bankının Youtube kanalında artıq bu videoların gözəl bir bazası formalaşıb. Hər yeni video sosial şəbəkələrdə yayılmaqla bərabər, həm də bu bazada arxivləşdirilir. Bu da o deməkdir ki, istənilən şəxs, illər sonra da bu videoları asanlıqla tapıb Cümhuriyyət tariximizi qısa müddətə əyani şəkildə öyrənə bilər.

-Cümhuriyyət dövrü ilə bağlı kinoxronikalar varmı?

-Yox, əfsuslar olsun ki, o dövrü əks etdirən kinoxronikalar, demək olar ki, yoxdur. Amma kifayət qədər şəkillər, tarixi məkanlar, arxiv sənədləri var. Videoları hazırlayarkən onlardan istifadə edirik. Ümumən, bu layihənin əhəmiyyəti çox böyükdür. Bilirsiniz, Cümhuriyyət tariximiz hətta Azərbaycan müstəqillik qazandıqdan sonra da hələ yetərincə öyrənilməyib. Düzdür, müxtəlif tarixi hadisələr, şəxsiyyətlər haqqında məqalələr yazılır, araşdırmalar aparılır, dövlət səviyyəsində tədbirlər keçirilir. Amma Cümhuriyyətimizi bizim formatda, günbəgün, həftəbəhəftə, aybaay, ilbəil hələ kimsə işıqlandırmayıb.

Ola bilər ki, bizim təqdim etdiyimiz faktların çoxunu başqa mənbələrdən, kitablardan, internet resurslarından da tapıb oxumaq olar. Amma müasir oxucunun, dinləyicinin tələbləri başqadır. Biz indi sosial şəbəkələr dövründə yaşayırıq. Müasir insan mümkün qədər qısa zaman ərzində mümkün qədər çox bilgi əldə etməyə can atır. Ona görə də yeni janrlar ortaya çıxır. Bizim 3 dəqiqəlik videolarımız da yeni bir təqdimat formasıdır və izləyicilərin istəklərinə uyğundur.

-Videoların hazırlanması zamanı istifadə olunan tarixi faktları haradan əldə edirsiniz?

-Müxtəlif internet saytlarından, kitablardan, eləcə də digər mənbələrdən. Bəlli saytlar var ki, onlar bizim tarixi şəxsiyyətlərimiz haqqında məlumatları ayrı-ayrı məqalələr halında dərc edirlər. Biz də bütün bunları müxtəlif mənbələrdən toplayaraq materiallarımızı hazırlayırıq. Bilirsiniz ki, mən həm də “Xəzər” televiziyasında yayımlanan “Sirdaş” verilişinin aparıcısıyam. Biz materialları “Sirdaş” komandasının başqa bir üzvü Şahbaz Rəsulovla birgə toplayırıq. Əfsus ki, Azərbaycan dilində resurslar azdır. Bəzən bu məlumatları türk və rus dillərində olan mənbələrdən götürüb dilimizə çeviririk. Amma Azərbaycan dilində də müəyyən məlumatlar var. Topladığımız bütün məlumatları 3 dəqiqəlik videoçarxlara sığışdırırıq. Çox çətindir, lakin maksimum çalışırıq, materialları elə hazırlayaq ki, baxanlar, dinləyənlər üçün maraqlı və faydalı olsun. Ona görə də ikinci, üçüncü dərəcəli hesab etdiyimiz bir çox materialları kənara qoymalı oluruq. Bəzi faktlardan isə özümüz məqsədli şəkildə istifadə etmirik.

Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin məşhur simalarından biri Tiflisdə təhsil alarkən 8 il Stepan Şaumyanla eyni sinifdə oxuyub. Bu, bizi çox təəccübləndirdi. İzləyicilərimiz bu faktla növbəti buraxılışlarımızdan birində tanış olacaqlar. Bütün bunlar bizim tariximizdir. Keçmişdə yaşananlardan qaça bilmərik. Amma elə məqamlar da var ki, cəmiyyət onların həzm edilməsinə hələ hazır olmaya bilər. Ona görə də bəzi tarixi faktların üzərindən keçməli oluruq. Nə vaxtsa bu faktlar da açıqlanacaq.

 

-Mənbələriniz nə dərəcədə dəqiq olur?

-Tarixi mənbələrin dəqiqliyi bəzən ehtimal xarakteri daşıyır. Məsələn, biz 26 Bakı komissarının müəmmalı aqibəti ilə bağlı iki buraxılış etdik. Onların Cümhuriyyət tarixinə birbaşa aidiyyəti olmasa da, həmin dövrə təsadüf etdiyindən bu buraxılışları hazırladıq. Buradakı məlumatların bir çoxunu “ehtimal edilir ki”, ifadəsi ilə verdik. Əslində, 26 Bakı komissarının Bakıya heç bir aidiyyəti yox idi. Onların çoxu gəlmə idi. Aralarında yalnız iki nəfər azərbaycanlı vardı: Həsən bəy Vəzirov və Məşədi bəy Əzizbəyov. Onların son günləri böyük müəmmalar içində itib. Biz də buraxılışlarımızı o müəmmalara həsr etdik. Çox maraqlı buraxılışlar alındı. Rus rəssamının məşhur rəsminin təsiri ilə uzun illər belə hesab edilirdi ki, onları Ağcaqum çölündə güllələyiblər. Amma məlum olur ki, elə deyil. Biz də müəyyən ehtimalların izi ilə o hadisələri canlandırmağa çalışdıq. Məlum oldu ki, onları güllələməyiblər. Həbsxanada çalışan çox iri cüssəli bir türkmən qılınc zərbəsi ilə onların bir-bir başını bədənindən ayırıb. Bu fakt yəqin ki çoxlarına məlum deyildi.

-“100 illik tarix” layihəsinə izləyici marağı necədir?

-Biz hələ ilk videolarımızı hazırlayarkən bunun böyük maraq doğuracağını bilirdik. Amma bu qədər böyük auditoriya toplayacağını, açığı, heç özümüz də gözləmirdik. Bu videolardan elələri var ki, 125 minə yaxın şəxs izləyib. Ümumiyyətlə, 11 video indiyə qədər 733 min dəfəyə qədər izlənib. Əlbəttə, bu, çox gözəl göstəricidir. Şadam ki, layihəmiz insanları maraqlandırır. Baxırlar, oxuyurlar, paylaşırlar, rəy bildirirlər. Tariximizə belə bir maraq çox sevindiricidir.

-Layihə nə qədər müddətə davam edəcək?

-“100 illik tarix” layihəsinin bu ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

 

araz.az xəbər portalı.