Yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir
araz.az bildirir ki, hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb. O, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, saxta sənədlərin hazırlanması və həmin sənədlərdən istifadədə ittiham olunur.
Həmin ittihamları müstəntiq iyunun 16-da günorta saatlarında Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə elan edib. Vəkilinin sözlərinə görə, Bəxtiyar Hacıyev ittihamları qəbul etmir və özünü təqsirli bilmir.
Yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir və ictimai fəalı bu maddələrlə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyevə indiyədək Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu.
Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İyunun 6-da Bakı Şəhər Baş Polis İdarəsi ictimai fəalın Bakıdakı evində, eləcə də Gəncə şəhərindəki ata evində, qardaşının, o cümlədən dostlarının mənzillərində, avtomobilində axtarış, götürmə və digər istintaq hərəkətləri aparıb.
Həmin vaxt vəkilləri ona qarşı yeni ittihamların irəli sürüləcəyini ehtimal edirdi.
Bəxtiyar Hacıyevin həbsinə səbəb jurnalist Ülviyyə Alovlu ilə arasındakı qalmaqal göstərilir.
Bəxtiyar Hacıyev uzun müddət polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bundan sonra sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayıldı.
Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu deyirdi.
O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb. Bundan başqa, Bəxtiyar Hacıyev həbsindən sonra kibercinayətkarlığa məruz qalıb, şəxsi yazışmaları və görüntüləri ictimailəşdirilib.
İyunun 8-də ABŞ Dövlət Departamenti növbəti dəfə ictimai fəalın azadlığa buraxılması üçün çağırış edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.