etibar-prverdiyev001.jpg“Azerenerji”nin işdən çıxarılan prezidentinin maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi ona baha başa gələcək; hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin “ayağına” yazıla bilər…

Prezident İlham Əliyev sentyabrın 4-də Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

“AzərtaC” xəbər verir ki, prezident İlham Əliyevin digər fərmanı ilə Baba Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

“Yeni Müsavat”a məlum olub ki, E.Pirverdiyevin işdən çıxarılması iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-in 1-ci və 6-cı enerji blokunda partlayışla birbaşa əlaqəlidir. Bütün ölkəni işıqsız qoyan, dövlətə və əhaliyə böyük ziyan vuran bu hadisədən dərhal sonra prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Dövlət Komissiyasının tərkibinə baş nazirin birinci müavini, energetika naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru daxil edilmişdilər. Bu günlərdə isə məlumat verilmişdi ki, komissiyanın yekun rəyi hazırdır və prezidentə təqdim ediləcək. Belə görünür ki, məhz komissiyanın rəyindən sonra prezident E.Pirverdiyevlə bağlı son qərarını verib.  

Mingəçevir ies ile ilgili görsel sonucu

Prezidenti Administrasiyasından “AzərTac”a daxil olan məlumat da qəzetimizin xəbərini təsdiqləyir. Xəbərdə bildirilir ki, ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq prezidentə təqdim edilib.

***

Yada salaq ki, iyulun 4-də prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilmişdi. Müşavirədə Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxışının əvvəlində son 15 ildə Azərbaycanda enerji sahəsində görülən işlərdən danışarkən prezident “Bilirik 15 ildə nə görülüb, sən qəzanın səbəblərini de” deyərək onun sözünü kəsmişdi.

Etibar Pirverdiyev ile ilgili görsel sonucu

Daha sonra sabiq “Azərenerji” rəhbəri iyunun əvvəlində 50-55 milyon kVatt enerji istehsal edildiyini, bu rəqəmin son 1 həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləmişdi: “Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir. İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara – qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.

Azərenerjinin sədri ile ilgili görsel sonucu

***

Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu. Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayandı. “Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən ”Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib”. “Report”un məlumatına görə, bu rəqəm qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Etibar Pirverdiyev ile ilgili görsel sonucu

Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib. Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

***

İqtidarın E.Pirverdiyevdən narazılığı hələ 2015-ci ildən başlamışdı. Belə ki, prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq “Azərenerji”nin əksər səlahiyyətləri, eləcə də işıq pullarının yığılması bu quruma həvalə edilmişdi. “Azərenerji”nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətininbalansına verilmişdi.

azərişıq asc ile ilgili görsel sonucu

Etibar Pirvediyevin enerji sektorunda həyata keçirdiyi maxinasiyalar, onun dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi haqda da zaman-zaman məqalələr dərc edilib. Onun enerji sektoruna qoyulan  milyardları öz biznes strukturları vasitəsilə “əritdiyi” deyilirdi.

Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları haqda da dəfələrlə yazılıb. Onun ən ciddi maxinasiyalarından biri də Dövlət Bayrağı Meydanının tikintisi zamanı üzə çıxmışdı. Bayraq meydanının tikintisi Etibar Pirverdiyevin nəzarətində olan tikinti şirkəti tərəfindən inşa edilib. Hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin “ayağına” və vicdanına yazılmalıdır.

Bütün bu kimi faktlar təbii ki, hüquq-mühafizə orqanlarına da bəllidir. Bu baxımdan işdən çıxarılan Etibar Pirverdiyevin istintaqa cəlb edilməsi də tamamilə mümkün görünür.

Azərenerjinin sədri ile ilgili görsel sonucu

Baba Rzayev

Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib: “Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?! Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə, mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə, işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.

Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür”.  (“Yeni Müsavat”)

 

ARAZPRESS.COM

araz.az xəbər portalı.