“Görüşdə N.Paşinyanın xeyrinə nəticə əldə olunmasa, onun vəziyyəti daha da ağırlaşacaq.Elə fors-major hadisələr baş verə bilər ki, Paşinyan seçkilərdən əvvəl hakimiyyətdən gedər”
“Ermənistanın yeni hakimiyyətində qərbyönümlü siyasətçilərin üstünlük təşkil etməsi Rusiya-Ermənistan münasibətlərində gərginliyi pik nöqtəsinə çatdırır”.
Bu barədə “Sherg.az”a Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdən danışarkən “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri, politoloq Eldar Namazov bildirib.
Onun sözlərinə görə, Putinin həbsdən yeni çıxmış Robert Koçaryanın doğum gününü təbrik etməsi, bu informasiyanın xüsusi xəbər kimi prezidentin rəsmi saytında dərc olunması göstərir ki, parlament seçkilərində eks-prezident və Rusiyanın lideri birləşə bilər:
“Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl Putin və Paşinyan arasında reallaşan görüş erməni baş nazirin son şanslarından biridir. Görüşdə N.Paşinyanın xeyrinə nəticə əldə olunmasa, onun vəziyyəti daha da ağırlaşacaq.
Ola bilər, N.Paşinyanı hakimiyyətdən devirməyə çalışsınlar. Lakin elə fors-major hadisələr baş verə bilər ki, Paşinyan seçkilərdən əvvəl hakimiyyətdən gedər.
İstənilən halda, Ermənistanın yeni siyasi rəhbərliyi, onun komandası çox narahatdır. Çünki artıq hakimiyyətin 100 günü yekunlaşıb və komandanın xalqa nümayiş etdirməyə ciddi uğuru, islahatları yoxdur. Yalnız köhnə haqq-hesab çürütmək, mitinq keçirməklə kifayətlənirlər. Ona görə, N.Paşinyan maksimum dərəcədə Putinlə görüşdə münasibətləri yaxşılaşdırmağa çalışacaq.
Buna baxmayaraq, Rusiya ilə yaxınlaşa bilmək üçün onun əlində hansısa arqument, əsas olmalıdır. Baş nazirdən isə belə ideya, reallaşdıra biləcəyi plan gözləmirəm. Onun atdığı addımların hamısı qeyri-peşəkardır. Rusiya ilə Qərb arasındakı ziddiyyətlərdən istifadə edib, qərbin dəstəyini almağa çalışır. Cəhdləri isə uğursuz olur, ətrafındakı düşmənlərin sayını artırmaqda davam edir. Bütün bunları nəzərə aldıqda, Putin və Paşinyan arasında keçiriləcək görüşdən heç bir uğurlu nəticə gözləmirəm”.
Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrlərinin gözdən keçiriləcəyini söyləyib.
Aysel Aslan
araz.az xəbər portalı.