“Amma bir şeydən narazıyam ki, bir tərəfdən işıqlarımız kəsildi, digər tərəfdən Gəncə hadisələri baş verdi və belə bir vaxtda Tarif Şurası da nəqliyyatda gediş haqlarını qaldırdı”
Dünən Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad edildi. Hamıya yaxşı məlumdur ki, E.Pirverdiyev iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzaya görə yola salındı. Belə ki, qəzanı araşdıran komissiya ciddi qanun pozuntuları aşkarlayaraq dövlət başçısına təqdim etdi.
Həmişə tənqidi fikirləri ilə tanınan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında ölkə başçısının bu sərəncamını dəstəklədiyini bildirdi:
“E.Pirverdiyev çoxdan göndərilməli idi, o, arvada qulluq etməlidir. Ay oğul, mən demişdim ki, əgər E.Pirverdiyev bu dəfə də cəzasız qalsaydı, bu dövləti dövlət kimi qəbul etməyəcəkdim, açıq deyirəm. Çox şükür ki, o, cəzasını aldı. Bütün postlarda oturan məmurlar öz vəzifəsinin məsuliyyətini dərk etməlidir. Bunlar dövləti neynəmək istəyirlər?! Prezidentə təşəkkür edirəm ki, E.Pirverdiyevi işdən azad etdi.
R.Mahmudov qiymət artımına görə Tarif Şurasını da qınayıb:
“Amma bir şeydən narazıyam ki, bir tərəfdən işıqlarımız kəsildi, digər tərəfdən Gəncə hadisələri baş verdi və belə bir vaxtda Tarif Şurası da nəqliyyatda gediş haqlarını qaldırdı. Bu birbaşa prezidentə yönəlmiş provakasiyadır. Gərginlik vaxtında bunlar daha da milləti gərginləşdirirlər. Mən vətənimi, millətimi çox istəyirəm. Bunları vəzifəyə təyin edən kimi elə bil bura onların dədələrinindir. Vətənimizi, dövlətimizi qorumaq lazımdır, mən ölüb gedəcəm. 1918-ci ildən 2018-ci ilə qədər yarıdan çox torpağımız gedib. Bizə qoçaq, siyasətçi millət demək olarmı?! Yüz ildən sonra da bu dövlət gedəcək. Altı mindən çox etnik millət var və onların heç birinin dövləti yoxdur. Amma bizim dövlətimiz var və Allahımıza Şükür etməliyik. Torpağımıza, məmləkətimizə sahib çıxmalıyıq”.
Vasif Əlihüseyn
(moderator.az)
araz.az xəbər portalı.