Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.

araz.az   bəyanatı təqdim edir.

Bu Ümumdünya Qaçqınlar Günündə biz Qərbi Azərbaycan İcması olaraq bütün dünyadakı köçkünlərlə həmrəyliyimizi bildiririk.

Biz dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə nümunələrdən biri də Ermənistanın Azərbaycana qarşı başlatdığı münaqişədir.

Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından etnik təmizlənməsi ilə nəticələnmişdir. Cəzasızlıqdan istifadə edən Ermənistan daha sonra Azərbaycana qarşı güc tətbiq edərək bu ölkənin ərazilərini işğal etmiş və oranın azərbaycanlı sakinlərini qovmuşdu.

Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulmaları dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub.

Ermənistanın evlərimizə, qəbiristanlıqlarımıza, müqəddəs yerlərimizə getməyimizə hələ də mane olmağa davam etməsi məyusedicidir. Bu hüququn rədd edilməsi təkcə bizim əsas hüquqlarımızı pozmur, həm də dədə-baba torpaqlarımıza duyduğumuz dərin ağrı və həsrəti artırır.

Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir. Əsas hüquqların bu cür pozulması bizim məşəqqətlərimizi davam etdirir, davamlı sülh və barışıq perspektivlərinə mane olur.

Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır.

Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan Hökumətinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb – Azərbaycan müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış etnik və dini tolerantlığın nümunəsidir.

Biz, həmçinin 1990-cı illərdə Ermənistandan olan azərbaycanlı qaçqınlara göstərdiyi dəstəyə görə beynəlxalq ictimaiyyətə minnətdarlığımızı bildiririk. Bu dəstək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 1993-cü il dekabrın 20-də qəbul edilmiş “Azərbaycanda qaçqın və köçkünlərə fövqəladə beynəlxalq yardım” adlı 48/114 saylı qətnaməsində də təsdiq olunan həmin ağır dövrdə qaçqınlarımızın üzləşdiyi çətinliklərin öhdəsindən gəlinməsində mühüm rol oynamışdır.

Biz öz dinc məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır.

Biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq. Evlərimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası və hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan Hökumətinin bəyan etdiyi və gördüyü təsirli tədbirlər kimi, Ermənistan Hökuməti də bizim hüquqlarımızın zəmanət altına alınması və reinteqrasiyamızın təmin olunması naminə konkret addımlar ataraq qarşılıq verməlidir.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu qeyd etməklə bərabər, qayıdış prosesi, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik.

Davamlı dialoq cəhdlərimizə baxmayaraq, Ermənistan hələ də bizim barışıq çağırışlarımıza cavab verməyib. Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.

Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanın qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır.

Eyni zamanda, qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk.

Bu xüsusda, Qayıdış Konsepsiyamızda mərkəzi rolda səciyyələndirdiyimiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə davam edən repatriasiya, reinteqrasiya, reabilitasiya və yenidənqurma səylərinin planlaşdırılması və icrası ilə bağlı dialoqumuza böyük dəyər veririk.

Bu gün – Ümumdünya Qaçqınlar Günündə biz insan hüquqlarını və ədalət prinsiplərini rəhbər tutaraq, təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizin təmin olunması istiqamətində ədalətli məramımıza dəstək verməsi məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışımızı bir daha təkrarlayırıq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.